“Kişi ilə qadın dostluğu yataqla bağlanmalıdır” deyən DJ Turala cavab

“Kişi ilə qadın dostluğu yataqla bağlanmalıdır” deyən DJ Turala cavab

Kulis.az Nihat Pirin “DJ Turala sual: Tural, sən nə danışırsan?” adlı yazısını təqdim edir.

Bu yaxınlarda DJ Tural kimi tanınan Tural Yusifovun müəllifi və aparıcısı olduğu “Söhbətgah” verilişindən xırda bir epizod qarşıma çıxdı. Düzü, məndən asılı olmayan səbəblərdən dolayı Tural bəyin nitqinə qulaq asa bilmirəm. Yəni bilmirəm, bəlkə də, sırf bu mənada günah məndədir, amma edəcək bir şey də yoxdur. Lakin video kiçik həcmli olduğundan baxa bildim.

Videoda Tural bəy özünün ultrabənövşəyi İQ-sü ilə maraqlı bir iddia ilə çıxış edirdi: Tural bəy deyir ki, bir kişi öz həmcinsindən olan dostuna həyat yoldaşına xəyanət etdiyini (Söhbətin bu yerində Tural ifadəni daha da pafoslaşdırır: bazdığa getdiyini, dünən qaqan bir bazdığ elədi e…) rahat bir şəkildə deyə bilir. Amma bu xəyanəti, yəni Turalın dili ilə desək, bazlığa getdiyini qadın dostuna deyə bilmir. Deməli, buradan çıxan nəticə bizə onu deməyə əsas verir ki, kişi ilə qadının dostluğu mümkün deyil.

Tural bəy ardınca maraqlı iddiasına daha bir rəngli iddia da əlavə edir: Əgər kişi öz qadın dostuna bazlığa getdiyini deyə bilirsə, demək, onlar arasındakı münasibət artıq dostluq deyil. Bircə yatmaqları qalıb.

Videodan çıxardığım nəticə məni dəhşətə gətirmişdi ki, ardıcıl yazılan bir neçə rəy diqqətimi çəkdi. Onlar videonun, əslində, montaj olduğunu yazırdı.

Nəticədə, mən məcburən qızıldan dəyərli vaxtımın tam bir saatını Turalla Əli Xəyyamın aparıcısı olduğu “Söhbətgah” verilişinə baxmağa sərf elədim.


Bunun babalı həmin rəyi yazanların boynuna.

Düzünü desəm, videoya giriş hissəsində artıq əsəblərim tarıma çəkildi və hiss elədim ki, baxa bilməyəcəyəm. Məsələn, Tural bəy “Namus nədir?” adlı mövzuya girişi bu cür verdi: Biz, əslində, namus xalqıyıq.

Videonu ötürdüyüm üçün bu hissəyə əlavə şərh vermək niyyətində deyiləm. Ona görə də gələk kişi və qadın arasında olan (Turala görə əsla olmayan) dostluq münasibəti məsələsinə.

Əli Xəyyam “Kişi və qadın dostluğu barədə nə düşünürsən?” sualını verər-verməz gözəlim Tural əllərini şəstlə boynunun arxasına aparır, kürəyini kətilə söykəyir və əlavə edir: ola bilməz, qətiyyən! Yəni, təxminən, bu situasiyaya belə ad vermək olar: aksioma. Tural dedisə, olar, deməli, olar. Tural dedisə, olmaz, deməli, olmaz. Düzdür, Tural növbəti cümlələrində bu narazılığı subyektiv fikir kimi soxuşdurmağa çalışsa da, ardınca gətirdiyi mənasız-mənasız arqumentləri ilə bir batman ikrah hissi yaradır. Allah onda üzümüzə baxıb ki, Tural əfəndi kişi və qadının, heç olmasa, ailəvi dost ola biləcəyinə inanır.

Bir sözlə, buna fətva verir, amma digər hallarda, əsla.

Elə şükürlük hissə ilə, nəhayət, mövzunun yekunlaşacağını və Turalın fikirlərinin, həqiqətən, baxdığım o xırda videoda montaja məruz qaldığını düşünmüşdüm ki, əfəndimiz mövzunun daha da şitini çıxarır, onu iyrəncləşdirir. Tural deyir: Qadın qadın dostuna özünün kritik məqamları barədə rahat danışa bilir. Amma qadın özünün kritik dönəmləri barədə hansı kişi dostuna rahatca danışa bilər ki?

İndi mən soruşuram: Tural, əzizim, sən nə danışırsan?

Tural davam edir: Qadınla kişinin dostluğu yalnız kişi gey olarsa, mümkündür. Çünki geylər də qadın kimi olur, narsist olurlar, baxımlı olurlar – indiyə kimi tər qoxan geyə rast gəlmisən? – nəticə etbarilə qadın bilir ki, gey dostu ona pis gözlə baxa bilməz.

İndi mən yenidən soruşuram: Tural, əzizim, sən nə danışırsan?

Mövzunun davamında eyni sualı Tural həmkarı Əli Xəyyama verir. Əli Xəyyam bu dostluq münasibətinin mümkünlüyünü ifadə eləsə də, açıq-aşkar zəif təsir bağışlayır. Ümumiyyətlə, sözügedən layihənin cəmi bir bölümünə (ötürə-ötürə) baxdığım üçün formatı sırf bu bölüm üzərindən dəyərləndirəsi olsam, belə çıxır ki, verilişdə diqtə edən tərəf Turaldır. Əli Xəyyam daha çox təkan vermək, dəstəkləmək, bəzən də duzsuz arqument və zarafatları ilə narazı olmaq funksiyası daşıyır.

Xülasə.

Əli Xəyyamın bu dostluq münasibətinə “hə” deməsi Turalın yenidən mövzunun şitini çıxarmasına, mövzunu büsbütün çirkaba batırmasına gətirib çıxarır.


Tural deyir: Bir kişi öz kişi dostu ilə istənilən mövzuda danışa bilər. Amma qadınla danışa bilməz. Məsələn, bir kişi öz kişi dostuna həyat yoldaşına xəyanət etdiyini, loru dillə desək, bazlığa getdiyini deyə bilər, amma qadına əsla. Əgər deyə bilirsə, deməli, onların arasındakı münasibət dostluq həddini keçib. Bircə yatmaqları qalıb (Söhbətin bu yerində məni bu verilişə baxmağa təhrik edən kəslərə salamlarımı çatdırıram.). O yatmaq məsələsi isə qadından asılıdır, ya gərək zorlayasan, ya da könüllü özü icazə verə.

Təkrar edirəm: O yatmaq məsələsi isə qadından asılıdır, ya gərək zorlayasan, ya da könüllü özü icazə verə.

Təsəvvür edirsiniz? Tural Yusifov müəllifi olduğu verilişdə subyektiv fikir adı ilə hökmyanə formada deyir ki, kişi qadın dostluğunun yekunu yataqla bağlanmalıdır. Ya gərək kişi qadını zorlaya, ya da ki, qadın özü öz xoşu ilə razı ola.

Bir də soruşuram: təsəvvür edirsiniz? Və bir də soruşuram: Tural, əzizim, sən nə danışırsan?

Özümə verdiyim işgəncəyə buradaca xitam verib verilişin bundan sonrakı hissəsinə baxmadım. Və Tural bəyin fikirlərindən çıxardığım bəzi suallar ətrafında düşünməyə başladım.

1. Mənə maraqlıdır, Tural niyə düşünür ki, bir kişi özünün intim həyatını mütləq formada dostu ilə (Böyük bir vurğu altında: kişi dostu ilə) bölüşməlidir? Buna nə ehtiyac var? Bu məsələni danışıb-danışmamağın dostluq münasibətinə faydası nə dərəcədədir? Və yaxud da əksi.

2. Fərz edək ki, kişi özünün kişi dostuna intim həyatı barədə (Növbəti dəfə böyük bir vurğu altında: bazlıq etdiyini) danışmalıdır. Yaxşı, bəs bu məcburiyyət niyə hökmən qadın dosta da şamil edilməlidir ki? Bu necə bir ölçü formasıdır? Ümumiyyətlə, bu düşüncə bir insan beynində necə formalaşa bilər? Yəni əgər sən X adlı adama “Bazlıq eləmişəm” deyə bilirsənsə, o sənin dostun olma mərhələsini uğurla başa vurmuş olur, amma deyə bilmirsənsə, uğursuz nəticələnir və kəsilir? Tural, dördüncü dəfə soruşuram: əzizim, sən nə danışırsan?

3. Bir qadın özünün kritik məqamlarını (Çox yəqin ki, hər kəs söhbətin nədən getdiyini bilir) niyə kişi dostuna danışma ehtiyacı duysun? Buna nə ehtiyac var? Yəni bu məqamı qadının kişi dostunun bilməsi nəyi dəyişir?

Əziz Tural, dostluq anlayışı sizin müzakirə etdiyiniz müstəvidən qat-qat ümdə bir anlayışdır. Sən əgər dostluq anlayışını, dost ola bilmə yetənəyini intim mövzunun danışa bilmək tərəzisi ilə ölçürsənsə, bu sənin problemindir. Bəli, bu sənin işin yox, məhz problemindir. Çünki bu düşüncə olduqca zərərli və biabırçı bir düşüncədir. Və bu düşüncə birmənalı olaraq İQ problemindən əziyyət çəkmə diaqnozunun fəsadıdır. Hansı ki belə bir zərərli, ikrah hissi doğuran düşüncəni hansısa bir layihədə camaata soxuşdurmaq ayıbdır. Sadəcə ayıb.

Mənim kifayət qədər qadın dostum var. Hətta daha dəqiq desək, mənim oğlan dostlarımdan daha çox, qız dostlarım var. Hamısı ilə eyni səviyyədə sərbəst olmasam da, həddən ziyadə, sərbəst olduqlarım var. Sənin tərəzinlə ölçəsi olsaq, bəli, birmənalı olaraq, sırf intim münasibətimi də rahat formada danışa biləcəyim qadın dostum var. Amma buna ehtiyac yoxdur. Başa düşürsən, əziz Tural?

BUNA EHTİYAC YOXDUR. Çünki biz hər ikimiz başa düşürük ki, yetişkin insanlarıq. Bizim intim həyatımız var, bu normaldır. Və bunu yaşadıqdan sonra gəlib orada-burada danışmaq iyrənclikdir. Buna ehtiyac yoxdur. Və bunun bizim dostluq münasibətimizə heç bir dəxli yoxdur. O öz intim həyatını yaşaya bilər, mən də öz. Nə o məndən kəsir, nə də ki, mən ondan. Nə mən onu zorlamaq fikrindəyəm, nə də o özü mənimlə yatmaq niyyətindədir. Biz dostuq. Sadəcə dost. Problemimiz olanda birgə həllinə çalışan, lazım olanda doya-doya əylənən, lazım olanda bir yerdə kədərlənə bilən dost. Başa düşürsən, əziz Tural? “Bazlığa getmişəm” demədən dost olmaq mümkündür. Qurban olum, çıx o mağaradan. Artıq ox və kaman kəşf olunub. İnsanlar daha uzaq məsafədən heyvan ovlaya bilir. Dəyiş düşüncəni. Dünyaya bir də başqa gözlə bax, qurban sənə. Oxuduğun kitablardakı duzsuz fikirləri camaata “podcast”la sırımaqdansa, bir az da öz düşüncənə, öz baxış tərzinə, öz baxış bucağına əl gəzdir.

Bu, irad deyil, sadəcə məsləhətdir. Belə şeyləri sən bizlərdən daha yaxşı bilərsən. Ona görə də inanmıram ki, yazıdan inciyəsən.

Yekunda, əziz Tural, bu faktı ona görə yazıram ki, bəlkə, nə vaxtsa növbəti “podcast”larında lazımın olar: əgər bir insan özünün cinsi həyatı barədə partnyoru və həkimindən başqa kiməsə danışma ehtiyacı duyursa, deməli, o adamın psixoloji problemi var.

Allah şəfa versin.

Share: