“Sədərək” ticarət mərkəzinin “Şirniyyat” adlanan hissəsində baş verən yanğında təxminən 30-a yaxın obyektə ciddi ziyan dəyib. Bəzi obyektlər tamamilə yararsız vəziyyətdədir.
Zərərçəkən sahibkarlardan biri Baku TV-yə açıqlamasında qeyd edib ki, hadisə nəticəsində 82 min manatlıq malı yanıb.
“200 min manat da bankdan pul götürmüşəm, hamısını da bu işə xərcləmişəm. İndi də bankın pulunu necə ödəyəcəyimi bilmirəm”, – deyə o əlavə edib.
“Sədərək” ticarət mərkəzinin sözçüsü Kəmaləddin Qədimin sözlərinə görə, yanan obyektlər təmir olunaraq sahibkarlara təhvil veriləcək.
“Rəhbərlik digər maddi yardımlar da nəzərdə tutur. Həmçinin onlara uzun müddət icarə haqqı məsələsində də güzəşt olunacaq”, – deyə K.Qədim bildirib.
13:44
Ötən gecə baş verən yanğından sonra “Sədərək” ticarət mərkəzindən geriyə ürəkdağlayan mənzərə qalıb.
Yanğından sonra ərazidə külə dönmüş məhsullar, yanmış taxta konstruksiyalar görünür.
Qeyd edək ki, “Sədərək”də yanğın ötən gün axşam saatlarında baş verib. Hadisə yerinə həm Qaradağ rayonu, həm də Bakı qarnizonunun 30 ədəd texnikası və 130 nəfər şəxsi heyət üzvü cəlb edilib. Yanğın üç saat ərzində lokallaşdırılıb.