Sumqayıt şəhəri 36 nömrəli tam məktəbin valideynləri təmirə bağlanan məktəbin fəaliyyətə başlamamasından narazıdırlar.
Bu barədə onlar Oxu.Az-ın redaksiyasına şikayət ünavnlayıblar.
Bildirilib ki, təhsil ocağı üç ildən artıqdır təmirə bağlanıb:
“Pedaqoji heyət və şagirdlər müvəqqəti olaraq Sumqayıt şəhəri 16 nömrəli məktəbin yanındakı binaya köçürülüblər. Amma üç ildən çox vaxt keçsə də, məktəbin təmiri bitmir. Bizə məktəbin yenidən fəaliyyət göstərib-göstərməyəcəyi barədə də məlumat verilmir. Hər gün uzaq məsafəyə uşağı dərsə aparıb-gətirmək çətinlik yaradır”.
Məsələ barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 36 nömrəli məktəb 1989-cu ildə tikilib və istifadəyə verilib:
“Məktəb 1296 şagird yerlikdir. Yaranmış qəzalı vəziyyət səbəbi ilə 25.12.2019-cu il tarixindən təmirə bağlanıb. Şagirdlərin məktəbə gediş-gəlişlərini rahat və təhlükəsiz formada təmin etmək məqsədi ilə yaxın günlərdə ödənişsiz servis xidməti təşkil olunacaq”.
“Bununla yanaşı bildirmək istərdik ki, məktəbin binasının əsaslı təmiri bu ildə nəzərdə tutulub”, – deyə qurumdan qeyd edilib.
İlhamə Əbülfət