Bu gün Xoşqədəm Hidayətqızının doğum günüdür…

Bu gün Xoşqədəm Hidayətqızının doğum günüdür…

Bu gün ayın 13-ü- xoş bir gündür onun üçün…

Bu günkü söhbətimin qəhrəmanı Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayan jurnalistlərdən biridir. Kimisi onun fəaliyyətini kölgə alıtına salıb qınayır, kimisi isə fədakarlıq hesab edir. Amma gəlin nəzərə alaq ki, əhalisi on milyondan ibarət olan bir məmləkətdə aparıcısı olduğu verilişin də olması labüddür və vacibdir. Axı insanların arasında itgin düşəni də var, doğmasını arayıb gəzəni də, barışmağa vasitəçi axtaran küsənləri də. Bəli, bu gün mən sizə Xoşqədəm Hidayətqızından danışmaq istəyirəm. Qoy, bu ad günündə ona ünvanlanan təbriklərin sayı çox olsun. Əvvəlcə ömür yoluna işıq tutaq:

Xoşqədəm Hidayət qızı Baxşəliyeva 1974-cü ildə Ağdərə rayonunun (hazırda Kəlbəcər rayonunun ərazisindədir) Narınclar kəndində dünyaya gəlib. 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olsa da, ailə vəziyyəti ilə əlaqədar olaraq 1993-cü ildən təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1998-ci ildə “Üç nöqtə” qəzetini təsis edib və baş redaktor kimi fəaliyyətə başlayıb. 2011-ci ildən televiziyada fəaliyyət göstərir. “Azad Azərbaycan” telekanalında “Dərdini mənə danış” verilişinin aparıcısı olub, 2012-ci ildən 2015-ci ilə qədər həmin telekanalda populyar “Səni axtarıram” verilişini aparıb. 2015-ci ildən ANS tv bağlanana qədər orada çalışıb. 2016-cı ildə Xəzər Tv- yə gəlib və 2021-ci ilə qədər “Bizə danış” layihəsini icra edib.
2021-cı ildən etibarən “ARB” TV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısıdır.
2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. 2016-cı ildən əməkdar jurnalistdir…

Deyir ki,- “Əslində mən heç vaxt ulduz olmaq istəməmişəm. Bunu tam səmimi deyirəm. Buna ehtiyacım da yox idi. Çünki mən 18 yaşımdan jurnalistikadaydım. İmzam kifayət qədər tanınırdı. Mən “Üç nöqtə” kimi mətbuata səs salan, yarandığı müddətdən 6 ay sonra ilin debütantı, onlarla mükafatın sahibi olan bir qəzetin əsasını qoymuşam. Yəni, mənim ulduzluğa ehtiyacım yox idi. Ancaq televiziya çağırılmamış qonaqdı da. Baxmayaraq ki, hər zaman deyirəm, mənim üçün ən böyük xoşbəxtlik, ən böyük uğurum qəzetdi. Mən qəzeti, yazılı mətbuatı akademiya hesab edirəm. Yəni ehtiyacım olmasa da, bu ulduzluq gəlib məni də tapdı. Lakin inandırım sizi, bunun müsbət tərəflərindən çox mənfi tərəfləri var. İnsanam, nəsə bir fikir yazmaq istəyəndə, hansısa bir status yazanda yoxlamadan, izləmədən, məndən fikir soruşmadan bunu xəbərə çevirdilər. İstər-istəməz mənim həyatım müzakirə predmeti olmaqla yanaşı, həm də bir çərçivəyə salındı sanki. Bu da haradasa azadlığımın bir az sərhədlənməsinə gətirib çıxardı. Ona görə də mən bu ulduzluğu istəmirəm. İllər öncə istədiyim şəkildə, istədiyim geyimdə bulvarda gəzirdim, rahat idmanımı edirdlim, tennisimi oynayırdım, kimsə mənə yaxınlaşmırdı, kimsə mənə demirdi ki, səni tanıyıram. Bütün bunlar bəlkə də yaxşıdı, şükürlər olsun Allaha! Sadəcə mən öz azadlığıma hədsiz dərəcədə düşkün insanam. Bu baxımdan mənə görə məşhurluğun mənfi tərəfi daha çoxdu…”

Həyatda qazandığı bütün uğurlarının səbəbini həddindən artıq tələbkar olmağında görür. Etiraf edir ki, onunla işləmək çox çətindir, çünki işin yaxşısını tələb edir. Aşırı dərəcədə tələbkar və məsuliyyətlidir. Yorulmadan hədəfə doğru irəliləməyi bacarır. Görəcəyi və ya görmək istədiyi hər işi ilk növbədə özündə qərarlaşdırıb istəklərinə doğru addımlayır. “Geriyə yol yoxdur!” – onun həyat devizidir. Başqalarının uğurlarına qısqanclıqla yanaşan, qəlblərində ancaq kin-küdurət gəzdirən insanlarla rastlaşanda çox acıyır. Hər dəfə Allaha dua edir ki, onu xisləti murdar insanlardan uzaqda tutsun. Tanışlığından asılı olmayaraq, istedadlı həmkarlarının qazandıqları uğuru öz qələbəsi kimi səciyyələndirir. Düşünür ki, insanın niyyəti pak olanda zəfər daim onunla olur…

“Verilişimizdə əsasən maarifçilik təbliğatı ilə məşğul oluruq. Sirr deyil ki, bu gün telekanallarda yayımlanan proqramların əksəriyyəti inkişaf etmiş ölkələrdəki televiziyaların vizual məhsullarından qaynaqlanır. Amma bir fərq var ki, bizim layihəmizin ana xətti həm də gələcək nəslin daha düzgün tərbiyə olunmasına xidmət edir. Övladlara valideyn sevgisini doğru-dürüst aşılamaq üçün ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan insanları qonaq qismində dəvət edirik. Onların fikirləri cəmiyyətdə fikir formalaşdırdığı üçün ekspert seçiminə daha diqqətli yanaşırıq.
Reytinq, populyarlıq. Bu oxşar sözlərin altında həm də xeyir verə bilmə vəsiləsi yoxdursa, demək, çəkilən zəhmətin bütünlüklə heçə gedib. Bu bizim qazancımızdır ki, tamaşaçı dərdini danışmaq üçün ünvanı yaxşı bilir. Göründüyü kimi, verilişimizin reytinqi də, populyarlığı da var, bunlarla yanaşı, tamaşaçıların inamı və sevgisi də. Mən torpaq, qardaş, bacı, sevdiyin insanları itirməyin nə olduğunu bilirəm. Çünki mən bunları öz həyatımda da yaşamışam.”- söyləyir…

Böyük bir ailədə ərsəyə çatıb. On iki qardaş-bacı olublar. Bütün insanlar kimi, o da xoşbəxt olmaq, öz yuvası, ailəsinin olmasını istəyib. Deyir ki,- “Həyatda hər şeyim var, Allah mənə sağlamlıq verib, əlim-ayağım, hər şey normaldır. Üç övladım var. Yeməyə bir tikə çörək tapıram. Amma o çörəyi axşam bərabər yeyəcəyim, birlikdə oturacağım, söykənəcəyim həyat yoldaşım yox idi. Doğuşun çox gözəl sözü var: “Həyatımızın ikinci baharını yaşayırıq.” Allah ikimizə də nəhayət o baharı nəsib etdi. İndi ən böyük arzum- 70 yaşıma qədər reportyor olmaqdır…”

Onun haqqında söhbətimi uzada da bilərdim, amma bu əlamətdar, xoş günündə çox danışıb vaxtınızı almaq istəmirəm. Bir də ki, Xoşqədəm Hidayətqızı imzası teleməkanda çoxdan brendə çevrilib. Heyranları, sevənləri də var, həsəd aparanları da, paxıllığını çəkənləri də. Axı bar verən ağaca daş atan da çox olar, meyvəsini dadıb alqışlayan da…

Bəli yanvarın 13-ü Xoşqədəm xanımın ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram.
Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Share: