Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze vəfat edib.
APA xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” televiziyası məlumat yayıb.
Qeyd edək ki, aktyor 84 yaşında dünyasını dəyişib.
Bildirək ki, Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə “Dağlarda görüş” filmindən başlayır.
Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın “Mimino” filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.
Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.
2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.