Fransa üçün 330 minə yaxın korsikalının həyatı maraqlı deyil — Araşdırma + Video

Fransa üçün 330 minə yaxın korsikalının həyatı maraqlı deyil — Araşdırma + Video

Korsika-Paris münasibətləri üzdə sakit görünsə də, əslində, vulkan kimi qaynayır. Digər regionlarda kiçik separatçı qrupların taleyindən çox narahat olduğunu bildirən Fransa üçün 330 minə yaxın korsikalının həyatının maraqlı olmadığı aydın görünür.

“Qafqazinfo” “AZƏRTAC”a istinadən xəbər verir ki, 2022-ci ilin martında Korsika prefekti Klod Erinyakın öldürülməsində günahlandırılan İvan Kolonnanın məhbus yoldaşının hücumuna məruz qalması və qətlə yetirilməsi Korsika-Paris münasibətlərini yenidən ciddi şəkildə gərginləşdirib və ada əsl barıt çəlləyinə çevrilməkdədir.

Hadisənin Fransada Prezident seçkiləri ərəfəsindən baş verməsi Parisi çox narahat edir. Fransa Prezidentinin göstərişi ilə daxili işlər naziri J. Darmanən adaya səfər edib və Korsikanın muxtariyyət statusu məsələsinə baxılacağı vədini verib. Lakin adanın muxtariyyət statusu verilməsinə dair dialoqa başlamazdan əvvəl adada sakitliyin bərpası tələb olunub. Bu vədə prezident seçkilərinə namizədin vədi kimi baxılıb, nəticə əldə olunmayacağına dair fikirlər səsləndirilib.

Ancaq dialoq təklifindən bir neçə ay sonra ada sakinləri, xüsusilə də müstəqillik tərəfdarları İvan Kolonnanın ölümündə qaranlıq məqamların olduğunu səsləndiriblər. Nəhayət 2022-ci il noyabrın 23-də Korsika Milli Assambleyasının hüquq komissiyası İvan Kolonnaya qarşı hücumla bağlı parlamentdə araşdırma komissiyasının yaradılması haqqında qərar qəbul edib. Bu araşdırma komissiyasına korsikalı məhbusun ölümünə səbəb olan “həbsxana rəhbərliyi və məhkəmə sistemindəki disfunksiyaları işıqlandırmaq” həvalə olunub. Həmçinin Korsika prefekti Klod Erinyakın qətlində günahlandıran digər iki məhbusa – Alən Ferrandi və Pyer Alessandriyə yarımazadlıq verilməsi ilə bağlı müraciətlərə rədd cavabının alınması adanın müstəqillik tərəfdarlarını qane etməyib.

Ümumiyyətlə, Korsika-Paris münasibətlərinin gərgin olaraq qaldığı açıq-aşkar görünür. Belə ki, Fransanın daxili işlər naziri J. Darmanənin ötən ilin oktyabrında adaya nəzərdə tutulan səfəri dekabr ayına təxirə salındı. Nazir fikir mübadiləsi üçün şəraitin əlverişli olmadığını bildirdi. Bu isə ada sakinləri ilə Paris arasında adanın institusional gələcəyi ilə bağlı başladılan müzakirə prosesinin dondurulması deməkdir.

2022-ci il dekabrın əvvəlinə nəzərdə tutulan səfər isə yenidən təxirə salınaraq, bu ilin yanvar ayının 31-ə təyin edilib. Daxili işlər nazirinin səfərlərinin təxirə salınması Korsika ilə Paris arasında münasibətlərin həddən artıq soyuq olmasından xəbər verir. Korsikanın muxtariyyət statusuna dair verilmiş vədlərin isə artıq seçkilər ərəfəsində verilən seçki bəyannaməsi olması heç kəsdə şübhə doğurmur.

Digər regionlarda, xüsusilə Qarabağdakı kiçik separatçı qrupların taleyindən çox narahat olan Fransa nədənsə 330 minə yaxın korsikalının həyatı üçün heç narahatlıq keçirmir.

Xatırladaq ki, mart ayında İvan Kolonnanın ölümünün, eləcə də Parisin adaya muxtariyyət statusu ilə bağlı dialoqa başlamaq vədinin bir ili tamam olacaq. Ancaq dialoq istiqamətində hələlik heç bir irəliləyiş olunmayıb.


Share: