20 Yanvar hadisələrindən 33 il keçir.
Tarixdə 1 qərinə 33 il hesab olunur. 33 il sonra qanlı 20 Yanvar hadisələrinin ildönümündə yenidən bu hadisələri təhlil etmək, onu düzgün qiymətləndirməklə, həm xalqımızın tarixində çox önəmli və məşəqqətli hadisələrə yenidən nəzər salırıq, həm də bu qəhrəmanlıq salnaməsinin müəlliflərini –şəhidlərimizin xatirəsini yad edirik. 1990-cı ilin 20 Yanvar faciəsi öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş siyasi terrordur həm də. İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi danılmaz faktdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.Bu hadisəyə ən dəqiq tarixi qiyməti Ulu Öndər Heydər Əliyev verib: “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”. Məhz Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi.
Qanlı 20 Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti , xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu.44 günülük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu.Düşmən üzərində Böyük Qələbəmiz bizim Vətən uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi.
Azərbaycan xalqı onun qan yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç zaman unutmayacaqdır.
Məhbubə Şahbazova,
Masallı rayon, Bədəlan kənd tam ortaməktəbinin direktor müavini,
YAP Masallı rayon təşkilatının fəalı.