Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Latviya Respublikasının Prezidenti Egils Levits ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Latviyaya səfərlərini məmnunluqla xatırlatdı və Prezident Egils Levitsi Azərbaycana səfərə dəvət etdi.
Dəvəti minnətdarlıqla qəbul edən Prezident Egils Levits Azərbaycanın Latviyanın çox önəmli tərəfdaşı olduğunu bildirdi.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə də toxunuldu. Latviyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini daim dəstəklədiyi qeyd olundu. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndirildi. Azərbaycanın Avropa İttifaqı ölkələrinə potensial elektrik enerjisi ixrac edən ölkə kimi imkanlarının artacağı bildirildi, bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı ötən ilin dekabrında Buxarestdə imzalanan Sazişin əhəmiyyəti qeyd edildi.
Söhbət zamanı Azərbaycanın Orta Dəhlizdə yerləşən ölkə olaraq Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında mühüm nəqliyyat daşımalarının həyata keçirilməsində önəmli rolu vurğulandı.
Görüşdə Latviya ilə Azərbaycan arasında BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də qeyd olundu. Latviya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi fəaliyyətini xüsusi qeyd etdi.
Prezident Egils Levits, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bir sıra təşəbbüslərə imza atdığını bildirdi, xüsusilə COVID-19-a qarşı mübarizə istiqamətində uğurlu fəaliyyətini vurğuladı.
22:13
Yanvarın 18-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Egils Levits ilə görüşü olub.
Bu barədə AZƏRTAC məlumat yayıb.