Bakıda azyaşlı odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 20-də saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub.
Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.