Musa Yaqubun qızı: “O şeirin bəxti gətirdiyi qədər övladlarının bəxti gətirmədi”

Musa Yaqubun qızı: “O şeirin bəxti gətirdiyi qədər övladlarının bəxti gətirmədi”

“Bəzən pulunu itirirdi, ya harasa qoyduğunu unudurdu. Ondan pul istəyəndə deyirdi ki, pulum Ramizdədir. Sonra bildik ki, pulunu Ramiz Rövşənin kitabının arasına qoyur, ona görə elə deyir”.

Bu sözləri böyük şair Musa Yaqubun İsmayıllıdakı evində “Kaspi” qəzetinə müsahibə verən qızı Səhər deyib.

Şairin qızları Səhər və Yaqutun atalarının həyat və yaradıcılığından bəhs etdikləri müsahibəni təqdim edirik:

– Yaqut xanım, Musa müəllimin otağındayıq. Bu otaq bizə “nə deyir?”

– Yaqut xanım: Musa Yaqubun otağına baxanda onun ruhunu anlamaq olur. Atam heç vaxt görünüşə fikir verən adam olmayıb. Məsələn, çilçırağın iki lampası işləmirdi, yaxud əyilirdi, deyirdik, onu düzəltdirmək lazımdır. Deyirdi, neynirsiniz, biri yanırsa, bəsimizdir. Görünüşə, maddi nemətlərə meyilli deyildi. Onu daha çox mənəvi dünya maraqlandırırdı. Burada onun yazı masası, şeir dəftərləri, yatağı, sevdiyi şairlərin şəkilləri, yazı makinası, ən əsası, nəfəsi, sadə həyatının izləri, unudulmaz xatirələrimiz var.

– Musa müəllimi xatırladan əşyalardan biri də onun əl çantasıdır…

Səhər xanım: Bəli, atamın sevdiyi əşyalarından biri də çantası idi. Hərdən baxırdıq ki, görəsən içində pul varmı. İçəndə həmişə bizə pul verirdi, səhər ayılanda da geri istəyirdi (gülürük). Bəzən pulunu itirirdi, ya harasa qoyduğunu unudurdu. Ona görə çalışırdı eyni yerə qoysun ki, sonra yadından çıxmasın. Ondan pul istəyəndə deyirdi ki, pulum Ramizdədir. Sonra bildik ki, pulunu Ramiz Rövşənin kitabının arasına qoyur, ona görə elə deyir (gülürük).

– Musa müəllimin ilk sevgisinə yazdığı bir kitab var. “O insafa gəlmədi” adlı həmin kitab daim sizin evinizdə olub, oxumusunuz, saxlamısınız, bu gün də həmin nüsxə qalır. Oxucular üçün deyim ki, həmin kitabdan cəmi bir nüsxədir. M.Yaqubun dostları həmin kitabı bir nüsxədə hazırlatdırıblar ki, o qıza yazdığı şeirlər itib-batmasın. Bəlkə də, ananız Zöhrə xanım anlayışlı, nəcib olmasaydı, həmin kitabı ya cırar, ya da tapşırardı ki, ən azı göz qabağında olmasın.

Yaqut xanım: Anam atamın şeirləri qədər onun sevgisinə də hörmət edirdi. Əlbəttə, o kitab həmişə əlimizdə olurdu, amma anam heç vaxt söz-söhbət yaratmazdı. Atam daha çox gecələr işləyirdi. Həmişə deyirdi ki, şeirlərimin elə ilk şahidi Zöhrədir..

– Musa Yaqubu ən çox xatırladan əşyalardan biri də onun yazı makinasıdır…

Səhər xanım: Bax, bu mənim atamın yazı makinasıdır. Əlifbası da dəyişib. Atamın ən gözəl şeirləri o əlifbada, o səsdə yazılıb. Bakıda birotaqlı, kirayə evimizdə o səsin içində oynamışam, ağlamışam, gülmüşəm. Atam elə gözəl yazırdı ki, elə bilirdim piano çalır. Gecələri də makinasının səsi ilə nanə yarpağı kimi kövrək duyğularını taleyimizə yazırdı, elə bil… Gör neçə ildir Avstriyada yaşayıram, nə olsun, dünyanın hansı tərəfi olursa olsun, heç nə bu makinada yazılan şeirlər qədər böyütmədi məni.

– Musa müəllimin əlinizdə tutduğunuz şəklinin də qəribə tarixçəsi var, Səhər xanım…

Səhər xanım: Elədir, bir neçə il əvvəl, 10  günə yaxın  İzmirdə oldum. Atamla görüşmək istəyirdim, onun da taleyinin daş tərəfinə tuş gəldi, gələ bilmədi. Onun qismətində bacımla, bir də qardaşımın qızı Çiçəklə görüşdüm. Həm İzmiri gəzdik, həm də bir-birimizi. İzmir ömrümdə özü boyda iz buraxdı. O yerindən danışım sənə. İzmirdə yaşayıb-yaradan məşhur musiqiçi Enriko Makiasın yaşadığı binanın lifti belə məşhurdur. Yerlilər, turistlər o liftlə binanın yuxarı, üstü açıq mərtəbəsinə qalxır, oradan İzmirə baxırlar. Yuxarıdan aşağı baxmağı sevməsəm də, o gün biz də İzmirə elə oradan baxdıq. Küçələrini gəzdik. Küçədə gəlib-gedənlərin dincəlməsi üçün yığcam kafelər, müxtəlif rəngli butiklər var. Butiklərin birində İzmirə xas suvenirlər, bir də aydınların, şair və yazıçıların şəkilləri ilə birgə aforizmlərinin köçürüldüyü müxtəlif ölçülü taxta parçaları satırdılar ki, arxasındakı yapışqanla divara istədiyin yerdən asanlıqla yapışdıra bilərsən. Biz də könlümüzə yaxın olanlardan aldıq. Satıcı qadından xahiş etdik ki, bizim də atamız məşhurdur, onun şəkli ilə bir-iki misrasını versək, bu cür hazırlaya bilərsiniz? Dedi ki, məmnuniyyətlə hazırlayarıq, siz şəkli ilə misralarını göndərin. Biz də göndərdik. Yazdı ki, sabah saat 18:00-da gəlib götürün. Səhəri gün bacımla getdik. Küçənin adını bilmirdik, baxıb görürük adı nə olsa yaxşıdır: “Karataş sokağı“. İkimiz də o adın yanında xeyli dayandıq, kövrəldik. Dədə demişkən, “Yaman qəribədir dünyanın işi” dedik. Sonra gedib qadınla görüşüb, sifarişimizi aldıq. Dədənin şəklini görəndə ikimiz də özümüzdən asılı olmadan, qara daşın yaşını tökdük. Qadın elə bildi ki, onu itirmişik, dedik yox, yaşayır, amma yaman xəstələnib. 5-10 dəqiqə söhbət etdik, sonra da razılaşdıq ki, mən pulunu ödəyim, o da nə qədər lazımdırsa, düzəldib elə o küçədə satsın. Qəribədir, heç atamın övladlarının o şeirin bəxti gətirdiyi qədər bəxti gətirmədi. O hadisədən iki gün keçəndən sonra satıcı qadın yazdı ki, atanızın rəsmlərindən birini aldılar. Duyğulandım. İstədim soruşum ki, kim aldı? Soruşmadım… İzmirə yolunuz düşsə, “Karataş” küçəsinə gedin. Musa Yaqubun qara daşı da olmasa, o küçədə Məmməd Araz ruhunda “karandaşı göyərsin”.

– Musa müəllimin otağında Atatürk ilə bərabər Sergey Yeseninin də şəklini görürəm. Çox güman ki, bu, bir böyük şairin başqa bir böyük şairin yaradıcılığına olan vurğunluğunun təzahürüdür…

Yaqut xanım: Bəli, dədə Sergey Yeseninin yaradıcılığını çox sevirdi. Bizə onun Azərbaycana gəlməyindən danışırdı. Yeseninin “Heç kəs mənim kimi kövrələ bilməz” misrasına ayrıca bir şeir həsr etmişdi. Həmin şeirdən bir parçası yadımdadır:

Salam, kəndçi oğlu Sergey Yesenin,
Bax elə bu saat, elə bu saat
Mənim tək kim olar duyanın sənin?!
Gedək, birgə gedək doğma yerlərə
Gedək kövrəlməyə, gedək dolmağa,
Bir çinar, bir vələs, bir cökə olub
Bir də açılmağa, bir də solmağa.
Bir kəndçi qızını sevindirməyə,
Gedək bir anaya oğul olmağa.
Köhnə darvazanı açmağa gedək.
Həmin o cığırla, həmin o yolla
Bir də uşaq olub qaçmağa gedək.
Gedək, kəndçi oğlu Sergey Yesenin
Heç kəs mənim kimi kövrələ bilməz.

– Musa müəllimin xırda kağızlarda sizə – övladlarına yazdığı şeir parçaları, yaxud şeirləri də var. İstədim onların yazıldığı günlərə qayıdasınız…

Səhər xanım: Fərid, biz heç vaxt  onun əlyazmalarına, şeirlərinə biganə olmamışıq. Həmişə yazdıqlarını sevərək oxumuşuq, toplamışıq. Dəftərləri, əlyazmaları həmişə səliqə-sahmanda olub. Bəzən elə şeirləri olub ki, yazıb, sonra isə  unudub, sonralar biz onun yadına salmışıq, həmin şeiri xatırlatmışıq, tapıb özünə vermişik.

Yaqut xanım: Bir dəfə biz Bakıda tələbə olanda atam yanımıza gəldi. Onda qohumumuz Mələk də bizimlə qalırdı. Mən Bakı Dövlət Universitetində, Səhər isə Xarici Dillər Universitetində oxuyurdu. Gəlib gördü ki, toyuğu çox yağlı bişirmişəm, işıq pulu gəlib, amma ödəniş etməmişik. Səhəri gün universitetə gedib gördüm ki, hərbi dərsdir, oturmadım, qayıtdım evə ki, gedib dədə ilə söhbət edim. Qapını açıb gördüm dədə gedib, masamızın üstünə də mənim qələmimlə bu şeiri yazıb qoyub..

Mən getdim, Yaqut bala,
hər işi düz tut bala.
Yumşaqlığı tərk elə,
Səhərin başı üstə
Mələyin başı üstə
yumruğunu bərk elə.
Səhər səni tovlayıb
xoş dilə bağlamasın.
Qab-qacağı yumağı
sonraya saxlamasın.
O yusun qaşıqları
səndə ki qoyma yansın
boş yerə işıqları.
Qənaətcil ol bir az
İsrif elə yağ, bala,
bir çolpaya bir kilo
yağ işlətməzlər, bala.
O sən deyən il deyil,
Görürsən yağ sel deyil,
Ha ev pulu verirəm,
Vermirsiz ev pulunu,
Deməmişəm dədənin
Bu qədər sev pulunu?
Üç olun, tərs olmayın,
Unutmayın da dərsi.
Tək oxumaq üstündə
Eyləyin bəhsəbəhsi.
Yaman şeydir ingilis
Qoymayın çox bilmişi,
Sizə gördürsün işi.
Özü yaxşı qızcığaz
Səliqəsindən olmaz.
Çayım qaldı yarımçıq,
ora-bura çapmadım
Nə evdir saxlayırsız,
bir dişdəm qənd tapmadım.
Bu şeirimə mat qalın,
Getdim, salamat qalın.

Şeiri oxuyub kövrəldim. O günü heç unutmuram. Ümumiyyətlə, Səhər bilir, çox gözəl günlər yaşamışıq. İndi o günləri yada salanda, keçmişimizlə xoşbəxt oluruq.

Darvazadan çıxana yaxın həyətdə təmiri yeni başa çatan talvar diqqətimi çəkir. Xatirimdədir ki, bir il öncə mən İsmayıllıya – Musa müəllimin ziyarətinə gələndə burada təmir işləri hələ yekunlaşmamışdı. Ustalara yaxın bir yerdə əyləşib çəkic-mismar səsinin müşayiəti ilə Musa Yaqubla söhbət edirdik, Xaqanidən, Nəsimidən, Robert Frostdan danışırdıq. Səhər xanım xatırlayır o məqamı, deyir ki, mənimlə telefonda danışanda deyirdi ki, tez gəl, qırmızı lent bağlayıb talvarın açılışını edəcəyəm. Amma qismət olmadı, orada dədənin yas mərasimini verdik… Kövrəlirik…

Share: