Vəhşi ayıya qalib gəlib, dostları tərəfindən xəyanətə uğrayan ovçu

Vəhşi ayıya qalib gəlib, dostları tərəfindən xəyanətə uğrayan ovçu

Kulis.az Vüsal Bağırlının “Sağ qalmış (The Revenant)” adlı yazısını təqdim edir.

“Onlar sənin səsini eşitmirlər,

onlar yalnız dərinin rəngini görürlər”

(“Sağ qalmış” filmindən)


Hayat amansızdır. Qorxulu və qəddardır. Hansı dövrdə yaşamasından asılı olmayaraq, insan övladı daim yaşamaq, sağ qalmaq uğrunda mübarizə aparır. Amansız həyat şərtləri insanı hər vasitəyə əl atmağa vadar edir. Yalan, hiylə, tamah, riya, yaltaqlıq, satqınlıq. Sağ qalmaq üçün o, hər şeyə qadirdir. Hətta digər insanı, özü kimi bioloji, fizioloji varlığı öldürməyə də.

İnsanı ömrü boyu daxilindəki heyvani instinktlərlə insanı duyğuların arasında mübarizə aparır. Onun davranışı həmin hisslərdən hansının güclü olmasından asılıdır.

İnsan doğulanda beyni təmiz olur. Dünyanı fərqli qavrayır. Köməksiz olur, hətta o dərəcədə ki, danışa, yeriyə də bilmir. Sonra uşaqlıq dövrü gəlir. Kənardan uşaqlara baxmısınız? O qədər təmiz və safdırlar ki…

Bəs bizim tarix boyu tanıdığımız bəzi insanlar, diktatorlar, qatillər, manyaklar necə meydana gəlir? Stalin, Hitler, Bokasso, Çikalito hardan yaranır? Axı onlar da nə vaxtsa uşaq, saf, təmiz, gözəl olublar?

Mental dəyərlər, fövqəl ideyalar, ailə, məhəllə, qəbilə mühiti, ənənələr, qanunlar, cəmiyyət. Vərdişlər, gen, irsiyyət, xarakter, öyrəndiklərimiz və təlqin etdiklərimiz. Bu şərtlər daxilində insanı dəyişir, formalaşır. Pis yaxud yaxşı, son nəticə bizim kimliyimizi, əsl xislətimiz müəyyənləşdirir.

Yaşa dolduqca dəyişən, özgələşən, başqalaşan insan heyvani instinktləri, şüurla idarə olunan yarım vəhşi təbiətiylə daim ayaqda qalmağa, yaşamağa çalışır.

***

Leonardo Di Kaprio yaradıcılığını (“Bir dəfə Holivudda”, “Bacarırsansa tut”, “Qanlı almaz”, “Nyu-York bandaları”) sevsəm də, “Sağ qalmış” (The Revenant) filminə, bəlkə də, ən sonuncu baxanlardanam. Bir dəfə çayxanada oturmuşduq. Dost-tanış hamı filmdən danışırdı, mən isə mövzuya fransız, dayanıb gözümü döyürdüm.

Çünki filmə çoxluğun baxması, hamının onun haqqında hərisliklə danışması məni cəlb etmirdi.

Filmə mən xeyli sonra, kinoteatrlara çıxandan təxminən yarım il keçdikdə, hay-həşir sönəndə baxdım. Baxdım və gizlədim, çox bəyəndim.

***

Filmi meksikalı rejisssor Alexandro İnyarritu yaradıcılığında yeni mərhələdir. Çünki kino lenti rejissorun filmoqrafiyasında (“Byutiful”, “21 qram”, “Vavilon”) ilk tarixi mövzudur.

İnyarritu öz filmində göstərir ki, sağ qalmaq hissi insanın ibtidai təbiətindən, heyvani instinktlərindən qaynaqlanır. Həyatın özünü nəyin bahasına olur-olsun sağ qalmaq hissindən kənarda təsəvvür etmək mümkün deyil.

Süjet xətti bizə Cek Londonun dünyasını xatırladır. Vəhşi təbiət, vəhşi heyvanlar, qızıl, var-dövlət hərisli vəhşiləşmiş insanlar.

Tale filmin qəhrəmanına zərbəni zərbə dalınca endirir. O, bədəniylə, ruhuyla iztirab çəkir, amma sınmır, yaşamağa davam edir və məqsədinə doğru irəliləyir.

Filmdə ilk nəzəri cəlb edən şey peyzajlar, geniş çöllüklər, qıjıltı ilə axan dağ çayları, sıx meşəliklər, vəhşi Amerika təbiətidir. Bu gözəlliyə heyran qalan tamaşaçı özü də hiss etmədən, atmosferə köklənir, filmin içinə varid olur.

Ən maraqlısı, operator işinin süni işıqlandırma olmadan aparılmasıdır. Xyu Qlass meşədə addımlayır, adama elə gəlir, sən də onunlasan, üzərinə narın qar ələnir, ayağının altında xırçıldayır. Başını qaldırıb yuxarı baxırsan, hündür küknar budaqlarını, boz buludların arasından boylanan günəşin solğun işığını görürsən. Sən Qlassla bərabər üşüyürsən, əllərin, ayaqların donur, onunla bərabər balıq tutursan, yarımcan balığı çiy-çiy dişinə çəkirsən.

Sözsüz ki, filmin ən əsas səhnəsi balalarını qorumaq istəyən qrizli ayısının Qlassa hücum etdiyi epizoddur. Animasiya kompüter qrafikasını tamaşaçıya əsl meşə yırtıcısı, canlı varlıq kimi təqdim olunduğu səhnədə rejissor maraqlı, qeyri-adi fəndə əl atır. Yaralı heyvan Qlassı vəhşi, yırtıcı ehtirasla qucaqlayıb, altdan bala-bala gəmirən, dişiylə, dırnağıyla bədənini parçalayan an, həm də öz qaynar nəfəsiylə onun üzünü qarsır və çəkiliş kamerasını tərlədir.

Müasir dövrdə kompüter qrafikası, operator işi, xüsusi effektlər, animasiya tryuklar ilə tamaşaçını təəccübləndirmək çətin məsələdir. Amma İnyarritu bunu da etməyi bacarır və meydana əla iş çıxarır. Film heyəti şaxtada, soyuqda, ibtidai şərtlər daxilində işləyərək, məqsədə nail olur.

Film bir insanın real həyat hekayətini canlandırır. Əhvalat ilk baxışda sərsəm, uydurma təsir bağışlasa da, sonra anlayırsan ki, həyat hər cür inanılmaz sürprizlərlə doludur. Həyatda nəyin bahasına olsun sağ qalmaq mövzusu yeni deyil, amma rejissor maraqlı və fərqli yanaşmayla tamaşaçını ovsunlayır.

Ayı meşədə Qlassa hücum çəkir, ölümcül yaralayır. Vəhşi bir həmləylə bütün bədənini şil-küt edir, qol-qabırğasını sındırır. O, ayı ilə amansız döyüşə girib, heyvanı öldürsə də, özü də ölümcül vəziyyətə düşür. Dostları onu xərəyə qoyub daşıyırlar. Amma sonra, dəstədə fikir ayrılığı yaranır, uzun məsafəyə yaralını bu vəziyyətdə aparmağın mümkünsüzlüyünü bəhanə edib onu qarda, şaxtada yerə atıb, tərk edirlər.

Bir tərəfdən də oğlunun ölümü. Alçaq və xain Con Fiscerald onu qanına qəltan edir. Ayı Qlassın bütün bəlalarının ilkin səbəbkarı, həm də həyatının xilaskarıdır. O ayının qalın dərisinə bürünüb şaxtadan, soyuqdan qorunur. Dərini yatanda yorğan əvəzi üstünə örtür, duranda kürk əvəzi çiyninə salır.

Ayını öldürərkən caynağını qurudub, boynundan asır. Hindu ovçu ilə qarşılaşma epizodunda, ovçu oxunu qaldırıb onu nişangaha götürür. O isə diz çöküb, aman diləyir, isti tonqalın ətrafında yer istəyir.

Caynağı görən hindu Qlassın mahir ovçu, cəsur döyüşçü olduğunu anlayıb, onu öldürmür, əksinə, müalicə edib, sağaldır.

Qlass ağır yaralıdır, get gedə sərtləşən qışa, vəhşi təbiətə, ağır şərtlərə əsiridir. Üstəlik ağ, gəlmə əhaliyə düşməncə yanaşan hindularla qarşılaşmaq ehtimalı var. Amma o özündə güc tapır, bütün çətinliklərə, əzab və iztirablara mətanətlə sinə gərir.

Nəyin hesabına?

Qisasın və qəzəbin.

Qisas və nifrət əslində arzuolunmaz şeydir, istənilməyən hissdir. Müəyyən intellektual səviyyəyə, dünyagörüşə malik insan bu hisslərdən mümkün qədər uzaq durmalıdır.

Fəqət bəzən nifrət və qisas hissi insana, hətta cəmiyyətə belə hava və su qədər lazım olur. Belə nifrət insanı (elə cəmiyyəti də) ayaqda saxlayır, onun mövcudluğunu, varlığını sübut edir. Onu ölməyə, məhv olmağa qoymur.

Fransız filosofu Emil Dürkqeym deyir ki, qisas instinkti elə qorxulu bir şey deyil, bu sadəcə insanın özünüqoruma hissdir.

Kin və qəzəb həm də böyük qüvvədir. Çox böyük qüvvə.

Filmin qəhrəmanı o cür soyuq tundra, keçilməz relyef şəraitində, soyuqda, şaxtada, qarda, üstəlik, ağır yaralı vəziyyətdə sürünərək, yüzlərlə kilometr məsafəni qət edərək, ən nəhayətdə sağ qalmağı bacarır.

Nəyin hesabına?

Qisasın və qəzəbin…

Share: