“Bu, mühüm tarixi nailiyyətdir” — Deputat

“Bu, mühüm tarixi nailiyyətdir” — Deputat

“Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna dövlət başçısı İlham Əliyevin növbəti dəfə dəvət olunması, Forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, həmçinin ölkə Prezidetinin Çinin CGTN televiziya kanalına müsahibəsi həm ölkəmizin, həm də dövlət başçısının beynəlxalq aləmdə nüfuzunun göstəricisi oldu.

Belə ki, Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşdü. Bununla yanaşı, cənab İlham Əliyevin Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya dövlət və hökumət başçıları ilə də görüşləri oldu”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, bu görüşlərdə Prezident İlham Əliyev regional vəziyyət haqqında ətraflı məlumat verib:

“Xüsusilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə Ermənistanın destruktiv mövqeyi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan müxtəlif bəhanələri və danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu oldu. Azərbaycanın sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi möhkəmlənən mövqeyi diqqətdən kənarda qalmır. Təbii ki, bu, xarici siyasətimizin prinsiplərinin dəyişməz olmasının, hıəmçinin, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin öndə dayanmasının göstəricisidir”.

“Məlumdur ki, Ermənistan və onun havadarları beynəlxalq arenada Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq edilməsi iddiaları, ölkəmizin beynəlxalq aləmdən  təcrid edilməsi ilə bağlı tezislərlə çıxış edirlər” söyləyən deputat vurğulayıb ki, Davos Dünya İqtisadi Forumu bu iddiaların həqiqətəuyğun olmadığını və Azərbaycanla müxtəlif sferalarda əməkdaşlıq etmək istəyən tərəflərin sayının gündən-günə artdığını növbəti dəfə nümayiş etdirib: 

“Azərbaycanın iqtisadi tərəfdaşlarının sayı artır. Ölkəmizin iştirakçısı olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırır. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan neft, qaz, eyni zamanda, elektrik enerjisi ixracatçısıdır. Hazırkı dövrdə əsas hədəf bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanda sabitliyin və normal biznes mühitinin mövcudluğu investisiya cəlbediciliyini qorumasında öz sözünü deyir”.

“Builki Davos Forumunda Prezident İlham Əliyevlə görüşmək arzusunda olan tərəfdaşların sayı, təmsil etdikləri coğrafiya Azərbaycanın artan siyasi çəkisinin göstəricisidir. Azərbaycan daim müstəqil siyasəti ilə dünyanın diqqətində olub. Postmünaqişə dövründə Azərbaycana artan diqqət və maraq göz önündədir. Reallıq budur ki, Ermənistan təcrid olunmuş vəziyyətdədir. İki ildən artıqdır Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etsə də qarşı tərəf konkret addım atmaq barədə hələ də düşünmür. Dünya gücləri Azərbaycanın bu təklifini dəstəkləməklə yanaşı, bu istiqamətdə səylərini əsirgəməyəcəklərini bildirirlər”,- deyə Malik Həsənov bildirib.

“Prezident İlham Əliyevin “İlk növbədə, demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm” cavabı hər vədinin arxasında əməli fəaliyyətinin dayanmasının  fonunda Azərbaycanın qazandığı uğurların təqdimatı oldu. Sözlə əməl birliyi ölkəmizin dayanıqlı inkişafında əsasdır. Cənab İlham Əliyev xalqımızın əldə etdiyi ən böyük nəticələrdən birinin işğal altındakı ərazilərimizin iki il əvvəl azad edilməsi olduğunu bildirdi. Bu, mühüm tarixi nailiyyətdir”, – parlamentari əlavə edib.


Share: