Tanışlıq

 

(Hekayə)

Fərman müəllim, çətinliklə də olsa, evlərinin təmirini başa vura bildi. Əgər işləri tamamlaya bilməsəydi,  növbəti məzuniyyətini Moskva şəhərində keçirmək arzusu ürəyində qalacaqdı.

Neçə illər idi ki, işin çoxluğundan, əməlli-başli istirahət edə bilmirdi. Həyat yoldaşı Ülkər xanım verdiyi sözə əməl edib,  ərinin  xətrinə dəymək istəmədi:

– Nə deyirəm, kişi,  get, yaxşı-yaxşı dincəl. Çoxdandır bir yerə çıxa bilmirsən. –  ardınca  ürəyindən keçənləri  dilə gətirməyi də unutmadı, – Deyirəm, ay Fərman, uşaqları yerbəyer edəndən sonra,   məni də özünlə gəzməyə apararsan.

Əri bir söz deməyib, tez razılaşdı. Çünki başqa cür hərəkət etməyin yeri yox idi. Çaşıb, işləri korlaya bilərdi.
Fərman müəllimin əhval-ruhiyyəsinə söz ola bilməzdi. Məzuniyyət vaxtına bir ay qalsa da, yır-yığış edir, can-dildən səfərə  hazirlaşırdı. Yolunu Rusiya tərəfə salmaqda məqsədi gənclik illərini yada salmaq və istirahətini səmərəli keçirmək idi.  Hər gün planlar cızır, yeni-yeni  xəyallar  qururdu.
Fərman müəllim əvvəllər vaxtının çoxunu  televizora baxmaqla qəzet oxumağa sərf edərdi. Amma məzuniyyət öncəsi, vəziyyət tamam dəyişmişdi. İndi, o, Moskvada özünə yaxşı bir dost tapmaq üçün çalışırdı; internetdən ayrılmır,  kompyuterin  yaxasından əl çəkmirdi. Cavanlıq dövründən bəri Moskvaya yolu  düşməmişdi. Çoxdan idi  rusiyalı gözəllərlə oturub-durmurdu. Həyat yoldaşı  Ülkər xanımın qorxusundan Bakıda artıq-əskik hərəkət edə bilməzdi. Başqa şəhərlərə də ayda-ildə bir dəfə yolu düşərdi, ya yox. O da ki, işi ilə bağlı,  bir- iki günlüyə. Od alan adamlar kimi getməyi ilə qayıtmağı bir olardı. Amma indi vəziyyət tam fərqli idi. Fərman müəllim fürsətdən yararlanıb, cavanlığını yada salmaq, ürəyi istədiyi kimi istirahət etmək və xırda-para dərdlərini  unutmaq  istəyirdi.
Axtarışlar nəticəsiz qalmadı. Heç  bir həftə keçməmiş  Fərman müəllim “Odnoklassniki”də özünə yaxşı bir dost tapdı. Tanış olduğu  Mariya İvanovna orta yaşlarında gözəl bir qadın idi. Tək yaşayırdı. Əri avtomobil qəzasına uğrayaraq, vəfat etmişdi. Yazışmalarından hiss olunurdu ki, çox ziyalı və həyati başa düşən insandı. Fərman müəllimin onunla dostluq etməsinə pis baxmır, hətta bunu alqışlayırdı.
Münasibətləri daha da yaxşılaşdırmaq üçün Fərman müəllim işdən icazə alıb üz tutdu  “Təzə” bazara. Başda nar olmaqla,  gözəl meyvələrdən ibarət yaxşı bir bazarlıq etdi. Sonra onları böyür-başı deşik-deşik olan  taxta bir qutuya yığdırdı. Satıcı və onun köməkcisini razı salıb maşını sürdü düz hava  limanına. Bağlamanı oradakı poçta təhvil verdi ki, yollarda gecikıb xarab olmasın.
Mariya İvanovna biləndə ki, dostu məzuniyyətini Moskvada keçirmək istəyir, çox sevindi. Hətta Fərman müəllimə yazdı ki, bilməzsən, oteldə yer götürərsən ha. Səni səbirsizliklə gözləyəcəyəm. Mütləq mənim yanıma gələrsən. Öpürəm.
“Öpürəm “ sözünü oxuyanda Fərman müəllimin həyacandan ürəyi titrədi. Əl-ayağa düşüb, tez  ikinci baglamanın hazırlığına başladı. Bu dəfə qutuya quru qoz ləpəsi, badam, fındıq və kişmiş yığıb, üstünə də Fransa istehsalı olan bir ətir qoydu. Fikirləşdi ki, Mariya İvanovna bağlamanı görən kimi sevinəcək. Çünki Fərman müəllim İndiyə kimi bu cür bahalı  ətiri heç öz həyat yoldaşına da almamışdi. Əgər alsaydı, Ülkər xanım ərinin başına dolanar, ona daha çox qayğı göstərərdi. İnsafən, hədiyyəyə söz ola bilməzdi.  Bu vaxta qədər Mariya İvanovnaya  elə bir özəl pay göndərən olmamışdı.
Mariya İvanovna  bağlamanı açanda gözlərinə inanmayıb, çox mütəəssir oldu. Yubanmadan Fərman müəllimə zəng edib, öz təşəkkürünü bildirdi və bir daha əziyyət çəkməməsini xahiş etdi. Fərman müəllim də, öz növbəsində,  heç bir zəhmət  çəkmədiyini, bunun adi bir dostluq nümənəsi olduğunu, xanımlara qulluq  etməkdən şərəf duyduğunu dilə gətirdi.
Fərman müəllim  məzuniyyətə çixacağı son həftənin günlərini deyil, saatlarını saymağa başlamışdı. Artıq Moskvaya gediş-gəliş bileti cibinde hazır idi. Tam on beş günlük kef məclisləri onu gözləyirdi.
Fərman müəllim Mariya İvanovnaya zəng edib,  Bakıya aid nə istədiyi  ilə maraqlandı. Xanım göstərdiyi diqqətə görə ona  təşəkür edib, heç nəyə ehtiyacı olmadığını bildirdi. Lakin Fərman müəllim öz işini bilən adam idi. Yola düşməyə bir gün qalmış, bahalı hədiyyələr və içkilərdən ibarət  hazırlığını görüb, çantasını  hava limanının saxlama kamerasına verdi.
Sabahısı gün həyat yoldaşı Ülkər xanım ərinin yoluna qozdan, fındıqdan ibarət bəzi şeylər qoymaq istəsə də buna nail ola bilmədi.
– Heç nə lazım deyil, arvad. Əziyyət çəkmə. Qorxursan, orada yeməyə bir tikə çörək  tapilmaya. Kefə getmirəm ki, yoluma çərəz qoyursan. Deyirəm, qayğılardan azad olum, beynim bir az dincəlsin. İkicə həfdən sonra qayıdıram, – deyə Fərman müəllim arvadının saçlarına sığal çəkdi.
Ülkər xanım çox qısqanc idi. Fərman müəllim istəmirdi ki, onun ürəyinə başqa şey gəlsin. Fikirləşirdi ki, bu günün sabahı da var. Onsuz da əvvəldən yükünü tutmuşdu. Çantası aeroportda onu gözləyirdi.

Fərman müəllim duş qəbul edib, üzünü ülgüclə təmizlədi. Əynini nəfis şəkildə geyinib, özünü səliqəyə saldı. Moskvada istifadə edəcəyi ətiri çantasına yığdığı  paltarlarının arasında görünməz etdi. Pasportla biletini köynəyinin döş cibinə, arvaddan gizlətdiyi pulları isə şalvarının sağ cibinə qoydu. Vaxtından xeyli əvvəl  taksi sifariş verib, gözləməyə başladı. Düşünürdü ki, tez getməyin heç bir ziyanı yoxdur, yol işini bilmək olmaz. Taksi gələn kimi  ailə üzvüləri ilə görüşüb evdən çıxdı.
Təyyarə  Domodedovo  aeraportuna enəndə hava artıq qaralmışdı. Fərman müəllim  taksiyə oturub birbaşa Mariya İvanovnagilə yollandi. Sürpriz olsun deyə Moskvada nə vaxt  olacağını ona deməmişdi. Dostunun yaşadığı binanın qarşısında taksidən enib, ikinci mərtəbəyə qalxdı. Özünə əl gəzdirib,  zəngin düyməsini basdı. Çox keçmədi ki, ayaq üstündə güclə dayanan yaşlı bir arvad qapını açdı.

– Mne nujna Mariya İvanovna, – deyə Fərman müəllim mədəni şəkildə xəbər aldı.
– A, Fedya, eta tı?!  Kak dela ? Kaqda  priyexal?

Səsindən  qarını tanıdı. Bu, Mariya İvanovna idi. Fərman müəllim yerində quruyub qaldı. Hirsindən bilmədi nə etsin. Boğazı qurumuşdu, danışa bilmirdi. Birtəhər özünü ələ alıb dedi :
– Vaşa fataqrafiya bıla savsem druqaya …
– Da, Fedya. Verna. Ana maya doçka. Ya yeyo oçen lyublyu. Ana sa svayey semyoy jivyot v Germanii. – bir az ara verib davam etdi –  Çeqo staiş, zaxadi.
Fərman müəllim tərpənə bilmirdi. Əlindəki çantalarla birlikdə donub qalmışdı. Elə bil kişini yerə mıxlamışdılar. Sifəti pörtmüş, qaşları çatılmışdı. Qanı bərk qara idi. İynə vursaydın qan fışqırardı. Sol əlindəki çanta yüngül olsa da, sağ əlindəki payın  ağırlığı qolunu taqətdən salmışdı.
Mariya İvanovna Fərman müəllimin  sir-sifətini görən kimi  hər şeyi anladi:
– Tı ne valnuysa, Fedya. U menya sasedka yest – Sveta. Ana maladaya i oçen  simpatiçnaya . Ya s ney paqavarila. Ana s neterpeniyem jdut tebya.
Fərman müəllimin gözləri işıqlanmağa başladı. Dərindən köks ötürüb,  əlindəki çantaları yavaşca yerə qoydu. Artıq özünə  gəlmişdi. Sevincindən bilmirdi nə etsin. Qolunu nəvazışlə  Mariya İvanovnanın boynuna salıb, üzündən xəfifcə öpdü.

 Aləm Kəngərli

 

Share: