Gecənin bu aləmində yuxuöncəsi internetdə qarşıma çıxan xəbər həqiqətən ruhumu sarstdı. İnternetin paylaşdığı xəbər amansızdı: Adaşım, hardasa tale qardaşım Məmməd Kazım dünyasını dəyişib.
Məmməd Kazım ədəbi aləmdə ilk tanış olduğum qələm sahiblərindəndi. Hardasa altmış il əvvəl əllinci illerin sonlarında Azerbaycan Dövlet Üniversitetinin kitabxanaçılıq şöbəsində qiyabi təshil aldığımız zaman tanış olmuşdum Məmməd Kazımla. Məndən bir kurs yuxarı sinifdə oxuyurdu. Kim tanış etmişdi, necə tanış olmuşduq yadımda deyil. İldə iki dəfə qış,cyaz sesyalarında 15-20 gün qarşılaşır, bir-birimizeə şeirlər oxuyurduq. Məmməd məndən 4-5 yaş böyük olsa da, o zaman üçün çox görünən bu yaş fərqi dostluğumuza əngəl olmurdu. İkimizin də kitabxanaçılıq şöbəsindən zəhləmiz getse də, canımızı dişimizə tutub üniversiteti bitirəcekdik. Məmməd o zaman Masallıda yaşayırdı. Mənim işsiz olduğumu bildiyindən hara çatırdı mənimçün iş axtarırdı. Sonra elə olacaqdı ki, ikimiz də Bakıya köçəcəkdik, əvvəlcə mən, sonra da o. Rəhmətlik Nəbi Xəzrinin köməyiylə televizya komitəsində işə düzələcəkdim. Sonra Məmmədin də televiziyada işə düzəlməsinə çalışacaqdım. Beləcə M.Kazım uzun illər televiziyada tamaşaçı sevgisi qazanan bir çox populyar proqramlara imza atacaqdı…
Burada altmış illik xatirələr kələfini çözələmək fikrindən uzağam,bu, ayrı bir vaxtın işidir. Amma onu cəsarətlə deyə bilərəm ki, ilk gəncliyimin (elə sonraların da!) dostları arasında Məmməd Kazım həyatın enmələri-qalxmaları, ziqzaqlarına baxmayaraq dostluğa sona qədər sadiq dostlarımdan heç şübhəsiz birincisi idi. Xoş günlərimdə də, ağır günlərimdə də hər zaman yanımda olmuşdu, çoxsaylı övladları məni özlərinin doğma əmileri bilirdi, mənim övladlarım da Məmməd əmilərindən ağızdolusu danışırdılar. Sözün gerçək anlamında sədaqət simvolu bir adamdı Məmməd…
Vətənsizləşdirildiyim bu 22 ildə tez-tez görüşməsək də Məmmədin Bakıdakı ailə üzvülərimlə əlaqə saxladığını bilirdim. Son 4-5 ilə qədər üzbəüz görüşməsək də telefon əlaqələrimiz olurdu. Səksən yaşından sonra xəstə yatdığını da eşitmişdim. Yayda Bakıya gedəndə yığışan qayğılar başımı elə qatırdı ki, imkan tapıb Masallıya yanına gedə bilmirdim. Keçen yay hal-əhval tutmaq üçün mobil telefonuna zeng etdim, amma telefondan dostumun yerinə xətrini bir bacı qədər istediyim, süfrəsində dəfələrlə duz-çörəyini kəsdiyim M.Kazımın həyat yoldaşı Zeynəb bacı cavab verecəkdi:-Məmməd qardaş, dostun ağır xəstədir, indi yatır, oyananda deyərəm sizinlə əlaqə saxlayar cavabını verəcəkdi. Amma əvvəlki illərden fərqli olaraq, Məmməd mənə cavab zəngi etməyəcəkdi. Halı yerində olsaydı, nəinki zəng edər, hətta mənimlə görüşmək üçün durub Bakıya da gələrdi. İndi imkanları hamımızdan yaxşı olan ortaq dostumuzdan xahiş edəcəkdim ki, maşınıyla M.Kazımın yanına gedək. Söz verəcəkdi, amma verdiyi söz söz olaraq qalacaqdı…
Bütün bunları niyə yazıram, sonrakı ah-ufun nə anlamı var? İndi fikirləşirəm ki, Bakıdan cənub bölgəmizə gündə nə qədər avtobus gedir, ya onların birinə oturar, ya da bir taksi tutub gedə bilərdim. Amma çıxmayan cana ümid çoxdu düşüncəsiylə ili ilə qatdım və sonunda da gecəmi zəhərə döndərən son xəbər!Doğma adamların son nəfəsinə gör nece bədbəxtəm çata bilmirəm. Məmməd Kazım böyük ürək sahibliyinin yanında, həm də gözəl şair, istedadlı publisist idi. Ola bilsin təvazökarlığı onu zərbə mövqeyinə çıxmağa imkan vermirdi.vAmma fakt faktlığında qalır ki, yazdığı şeirlər və hazırladığı ona sağlığında şöhrət gətirən televiziya proqramları Məmməd Kazım ruhunu hələ çox uzun zaman dimdik ayaqda saxlayacaqdır. Bütün bunlar öz yerində, mənimçün ağır olan, yeri doldurulmayan böyük bir dostumu itirməyimdir. Məkanın cənnət olsun, əziz dost, əziz qardaş!
Məmməd İsmayıl