İran nüvə müqaviləsindən Amerikadan əvvəl çıxa bilərmi?

İran aparıcı dünya dövlətləri- ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Çin və Almaniya ilə 2015-ci ildə nüvə müqaviləsi imzalanandan bəri ilk dəfə öz strategiyasına yenidən baxmaq və bu müqavilədən çıxmaq imkanları haqqında düşünür.

Fevral ayının 22-də İran iqtisadi cəhətdən faydalanmadığı və ABŞ prezidenti Donald Trampın uyğunsuz bəyanatlar verməsi ilə əlaqədar  dünyanın aparıcı bankları, kompaniyaları və biznes strukturlarının İranla əlaqələr qurmağı rədd etməsi halında  Birgə Hərtərəfli Əməliyyat Planından (JCPOA) çıxacağı barədə ultimatium verdi.

 

“ Bizə faydası olmayan işdə qala bilmərik”- Siyasi Məsələlər üzrə İran Xarici İşlər Nazirinin müavini Abbas Araqçı Londonda Çatam Hausda çıxışı zamanı bildirdi.

İranın Ali Dini Lideri Ali Homeneyiyə yaxın münasibəti ilə bilinən və JCPOA-nın əsas müzakirəçilərindən olan Araqçı Trampı destruktiv şərait yaratmaqla müqavilənin məzmunu və ruhunu pozmaqda günahlandırdı.

Amerika da öz növbəsində aylardır ki müqavilədə mövcud olan təhlükəli maddələr düzəlməsə ondan çıxacağı ilə hədələyir. Yeni ilin ilk günlərində Tramp Avropadakı müttəfiqlərinə ultimatum verdi: Ya müqavilədə düzəlişlər edirsiniz, ya da Amerika may ayının 12-də sanksiyaların tətbiq olunması məsələsinə növbəti dəfə baxanda müqaviləni tərk edəcək.

Tramp müqavilədə düzəlişə ehtiyacı olan bir neçə məsələni nəzərə çatdırır: İranın ballistik raket proqramının müqaviləyə salınması və İranın bu barədə öhdəlik götürməsi, beynəlxalq nəzarətçilərin İranın  şübhəli nüvə obyektlərinə buraxılması şərtləri, müqavilə başa çatandan-2025-ci ildən  sonra İranın nüvə sahəsində tədqiqatlarının taleyi.

Araqçının Çhatam Hausdakı nitqi bu məsələdəki bəzi nüansların izah olunmasına həsr olunmuşdu. Onun sözlərinə görə müqavilə ilk başdan nüvə silahının yayılmaması məsələsi ilə əlaqədar gündəmə gəlib və beynəlxalq nəzarətçilər 9 dəfə ciddi yoxlamadan sonra bəyan ediblər ki, İran müqavilə ilə öhdəsinə düşən vəzifələri yerinə yetirir. O müqavilədə müqavilənin bitməsi ilə əlaqədar bəndin olmadığını, İranın orada iştirakının daimi olduğunu vurğulamışdır.

İranın JCPOA müqaviləsi ilə bağlı öhdəsinə düşən vəzifələri yerinə yetirdiyini həm Amerikada, həm də Avropada etiraf edirlər. İran mümkün qədər tez sanksiyalardan azad olmaq və dünya birliyinə qoşulmaq istiqamətində cəhdlər edir. Belə olan halda JCPOA-lə münasibətdə Amerikanı, xüsusilə, onun yeni seçilmiş prezidenti Trampı qane etməyən nədir?

Məlum olduğu kimi, nüvə sahəsində tədqiqatları dayandırdıqdan sonra İranın hərbi sənayenin digər sahələrini inkişaf etdirməsi üçün imkanları genişləndi. Ballistik raket istehsalı sürətləndirildi, Dronların uçuş və silahdaşıma qabiliyyəti inkişaf etdirildi. Qısa müddət ərzində İranın raket arsenalı Xürrəmşəhr, Siccil, Soumar kimi 2000-3000 kilometr məsafədəki hədəfləri vura bilən raketlər və Haazam, Fotros kimi dronlar  hesabına zənginləşdi. Hazırda İİR ordusunda 50 kilometrdən tutmuş 3000 kilometrə qədər müxtəlif məqsədlər üçün istifadə olunan 20 növdə raketlər və 10 növdə drpnlar mövcuddur.

Dron – insansız uçan aparat-istehsalı sahəsində də nəzərəçarpacaq uğurlar var. İranın Hərbi Hava qüvvələrinin xidmətində olan Haazam və Fotros pilotsuz uçan aparatları bu gün hava- yer raketləri daşımaq və dayanmadan 30 saat uçmaq qabiliyyətlərinə malikdir.

İran bu yeni növ silahların keyfiyyətini yaxşılaşdırmaq, hədəfi dəqiq vurmaq qabiliyyətini artırmaq üçün ciddi işlər görür. Bu silahlar eyni zamanda Suriya, İraq, Livan, Yəmən və Fələstində mütəmadi olaraq sınaqdan keçirilir və İsrailin ətrafında fırlanır. Hərdən “təsadüfən” İsrail  sərhədini keçir və nümunə kimi yüngül hissələri İsrailin Baş Naziri Netanyahu tərəfindən beynəlxalq konfranslarda nümayiş etdirilir.

Deməli, əldə olunan nəticə bundan ibarətdir ki, Amerika Orta Şərq regionunda maraqlarını qorumaq üçün İran simasında çox ciddi bir rəqiblə üz-üzədir. Bu rəqibin qarşısını almaq və onu aradan götürmək hələ də ona qismət olmur. Bəlkə də müəyyən dövrlərdə heç Amerikanın marağında deyil İranla ciddi məşğul olsun. Axı bu hegemon dövlətin bəzi siyasətini həyat keçirməkdə, paradoksal səslənsə də, İran onun yardımçısıdır. Bir misal, Amerika Səudiyyə Ərəbistanını İran təhlükəsindən qorumaq üçün ona 430 milyard dollarlıq silah satmadımı?

Əlimusa İbrahimov

Politoloq.

 

 

 

 

 

 

 

 

Share: