“Prezidentin ayırdığı 9 milyonu nazirlik “hop” deyib yedi”

“Prezidentin ayırdığı 9 milyonu nazirlik “hop” deyib yedi”

Son günlər Azərbaycan Kinematoqrafçılar İttifaqındakı kütləvi istefalar, eyni zamanda tanınmış aktyor Hikmət Rəhimovun Prezident tərəfindən serialların çəkilişinə ayrılmış 6 milyon manatın mənimsənilməsi barədə səsləndirdiyi ittihamlar geniş müzakirələrə səbəb olub. Aktyor milyonlarla vəsaitin kimlər tərəfindən ələ keçirildiyini açıqlamasa da, onun fikirlərinə sənət yoldaşlarından dəstək gəlib və H.Rəhimovun həqiqəti dilə gətirdiyi bildirilib.

Bəs 6 milyonu kim “yeyib” və niyə bu barədə araşdırma aparılmır?

“Qafqazifo” xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən Xalq artisti, kinorejissor Əbdül Mahmudov sensasion iddialar irəli sürüb:

“Serial məsələsinə aydınlıq gətirim. Hikmət onları bir-birindən ayırmayıb deyə qarışıqlıq yaranıb. Cənab Prezident kinostudiyada çəkilən filmlər üçün pul ayırıb. Televiziyalar hansısa sponsorun, şəxsi əlaqələrin hesabına özləri üçün əttökən, eybəcər, rüsvayedici seriallar çəkirlər. Özlərindən artistlər, mövzular icad edirlər. Əgər söhbət böyük kino mədəniyyətindən gedirsə, onun sahibi Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasıdır. Ora peşəkar mədəniyyət məbədgahıdır”.

O, dövlətin ayırdığı pulların kim tərəfindən mənimsənilməsi məsələsinə də toxunub: “Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır. Amma Prezident İlham Əliyev sağ olsun ki, müstəqillik dövründə ziyan görən mədəniyyət sahəsinə büdcədən əvvəl 3 milyon, sonra 6 milyon pul ayırdı. Bu pul Mədəniyyət Nazirliyinə ayrılmışdı ki, kinonun inkişafı ilə bağlı işlər görsünlər. Amma bunu etmədilər. Ovaxtkı nazirin itə də borcu var idi. Ölkə başçısının ayırdığı pul Mədəniyyət Nazirliyi tərəfindən yeyildi. O pulun heç bir faizi kinoya sərf olunmadı. Maliyyə naziri çıxışında demişdi ki, kinoya bu qədər pul ayrılır, amma ortalıqda hələ bir şey yoxdur. Mən də məktub vasitəsilə ona bildirmişdim ki, kinoya pul dövlət büdcəsindən ayrılır, cibinizdən yox. Bir də ki, nəyə görə maraqlanmırsınız ki, ayrılan pul gəlib kinostudiyaya çatır, yoxsa yox? Çatmır pul. Pul ayrılıbsa, son qəpiyinə qədər kinoya xərclənməlidir. Bütün pulları Mədəniyyət Nazirliyi “hop” deyib yedi, 5-10 qəpik gözdən pərdə asmaq üçün xərclədilər. İndiki ağır dönəmdə dövlət kinonu yaşatmaq üçün pul ayırırsa, bunu mənimsəmək böyük cinayətdir. O pulu yeyənlərə demək istəyirəm ki, burnunuzdan gəlsin”.

Tanınmış kinorejissor günlərdir gündəmdən düşməyən Azərbaycan Kinematoqrafçılar İttifaqını və sədr Şəfiqə Məmmədovanı da sərt tənqid edib: “Ölkədə bir ittifaq olmalıdır. Bu nədir axı? İki ittifaq var, hərəsinin öz büdcəsi, amma işə yaramırlar. İttifaqın kinonun inkişafında, fəaliyyətində zərrə qədər faydası yoxdur. Kinoya aid olmayan adamlar yığılıb ora. Onları kinostudiyanın qapısından içəri buraxan yoxdur. Bu nə özbaşınalıqdır? Min oyundan çıxırlar, camaat da elə bilir ki, günahkar kinostudiyadır. Şəfiqə xanım, sənin 80 yaşın var, sən nə işlə məşğul olursan? Sənin bu kinoya nə faydan var? İnsanları bölüblər, yarısı orada, yarısı burada. Hərəsi bir-birini topa tutur”.

Şeyx Əbdül onu da qeyd edib ki, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi təşkilat ləğv olunmalıdır: “12 ildir qurultay çağırılmır. Çünki bilir ki, seçilməyəcək, onu atacaqlar bayıra. Bu da (Şəfiqə Məmmədova-red) özündən yalançı iclas keçirir, sədr seçdirir. Mən əlaqəli şəxslərdən, Mədəniyyət Nazirliyindən xahiş edirəm, bizim ittifaq nizamnaməyə əsasən, 5 ildən bir seçilməlidir və artıq 12 ildir seçilmir. Onlar vəzifələrini tutub, kef edirlər. Dövlətin büdcəsindən özləri üçün maaş düzəldib, qohumlarını, rəfiqələrini başlarına yığıblar. Dövlət bu ittifaqa pul ayırmamalıdır. Kinostudiya ehtiyac içində boğulur, ora kömək etmək lazımdır. Ümumiyyətlə, bu ittifaq ləğv olunmalıdır, çünki heç kimə lazım deyil, sadəcə pul yeməklə məşğuldurlar”.


Share: