Vəkillər Kollegiyasının sədri Anar Bağırov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Ramil Abulovla görüş keçirib.
Bu barədə Oxu.Az-a kollegiyadan məlumat verilib.
Görüşdə R.Abulovu ikinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edən A.Bağırov onun praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün zəruri dəstək göstəriləcəyini bildirilib.
Layihənin idarəçi rəhbərlərindən biri olaraq Vəkillər Kollegiyasının sədri 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və beləliklə, öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini qeyd edib.
A.Bağırov deyib ki, vəkillik sahəsində görülən işlər geniş ictimaiyyətə məlumdur və ölkəmizdə vəkilliyə maraq artmaqdadır:
“Nəzərinizə çatdırım ki, hər il xeyli sayda hüquqşünas şəffaf qaydada keçirilən imtahanlarda iştirak edərək vəkilliyə qəbul olunur. Ümumiyyətlə, vəkilliyin nüfuzunun artırılması üçün sistemli işlər görülür. Ümid edirəm ki, əməkdaşlıq çərçivəsində sizin də vəkillik peşəsinə marağınız daha da artacaq”.
Sədr vurğulayıb ki, R.Abulovun mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Vəkillər Kollegiyası tərəfindən lazımi şərait yaradılacaq.
Müsabiqə qalibi R.Abulov isə ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Vəkillər Kollegiyasının sədrinə yaradılan imkana görə təşəkkürünü bildirib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində sərəncam imzalanıb.