“Doydur həsrətimizi, Qarabağ!” – Zemfira Məhərrəmli yazır

“Doydur həsrətimizi, Qarabağ!” – Zemfira Məhərrəmli yazır

HƏYAT ŞƏMİNİN POEZİYASI BARƏDƏ DÜŞÜNCƏLƏRİM

Çox sevdiyimiz, doğma, əziz Türkiyəmizdə bir el qızımız, yurd aydınımız yaşayır. Tanınmış şair-publisist, tərcüməçi, araşdırmaçı alim Həyat Şəmi. O, türk dünyasını sevən, həm Azərbaycan, həm də türk ədəbiyyatına, poeziyasına vaqif olan, qırılmaz tellərlə bağlanmış soydaşımızdır. Bu bağlılıqdan söz düşəndə deyir ki, millətimi, onun tarixini, zəngin ənənələrini, milli-mənəvi dəyərlərini çox sevirəm.

Füzuli rayonunun Gecəgözlü kəndində ziyalı ailəsində doğulub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasına daxil olub, elə həmin institutda elmi fəaliyyətə başlayıb. Çoxsaylı elmi məqaləsi Azərbaycan, Gürcüstan, Rusiya, Makedoniya və Türkiyənin ayrı-ayrı dövri nəşrlərində, dərgilərində dərc edilib. Tarix üzrə fəlsəfə doktoru olan Həyat Şəminin “Azərbaycanda dini-siyasi hərəkatlar” (VIII-IX əsrlər) adlı monoqrafiyası işıq üzü görüb. O, 2016-cı ildə çəkilmiş “23 il torpaq həsrətində” adlı sənədli filmin ssenari müəllifidir.

90-cı illərdən üzü bəri yaranmış yeni Azərbaycanın yeni ədəbiyyatının təmsilçilərindən biri, cənnət Qarabağımızın təmiz dağ havasından ilham alan Həyat Şəminin şeirləri çağdaş poeziyamızda bədii-estetik məziyyətləri ilə diqqəti çəkən qələm nümunələridir. Həyat üçün dilimizin gözəlliklərinə, poetikasına sədaqət birinci dərəcəlidir. O, “Adamlar” (Bakı, 2003), “Yazılmayan şiirler” (Ankara, 2009), “Gecə gözlü həyat” (Bakı, 2009), “Adını sən qoy” (Bakı, 2017), habelə dörd tərcümə kitabının müəllifidir.

Xanım şairimiz tərcüməçilik fəaliyyətinə görə VI Bakı Kitab Bayramı Milli Kulturoloji mükafatına və 2013-cü ildə Dünya Gənc Türk Yazarlar Birliyinin “Türk dünyasına xidmət” ödülünə layiq görülüb. O, Mikayıl Müşfiq Mükafatı laureatıdır.

Şeirləri qardaş türk xalqlarının türkcəsində, həmçinin, rus, Ukrayna, ingilis, italyan dillərində çap edilib.

Həyat Şəmi Birinci Qarabağ savaşındakı uğursuzluğun, məğlubiyyət acısının unudulmadığını, daim qanayan yaratək sızladığını da dilə gətirib, yağmalanmış yurd yerlərimizin həsrəti qəlbini didib-parçalayıb. İşğal dövrünü görmüş, taleyində yaşamış minlərlə insandan biri kimi…

1993-cü il avqustun 23-də Füzuli şəhəri və ətraf kəndləri erməni silahlı qüvvələri tərəfindən işğal olunanda məktəbli Həyat doğulduğu Gecəgözlü kəndində idi, yay tətilinə çıxmışdı. Qanlı savaşın sərhədyanı kəndlərin sakinlərinin başına od-alov yağdırmasına rəğmən, tətili öz evlərində keçirmək istəyirdi. Acımasız davam edən Qarabağ savaşını öz gözləriylə görmək, o tarixi günləri canlı yaşamaq varmış, sən demə qismətində. Deyir ki, atəş səslərinin necə yaxınlaşdığını indiki kimi xatırlayır. Həyat ata-anası ilə kənddən ən sonda çıxanlardan idi. “Qrad”lar insanların başı üstündən vızıltıyla gəlib keçir, yaxın məsafələrə düşürdü. Həyat söyləyir ki, “heyif, o yurdumuzdan, evimizdən, çox heyif! Torpaq da doğma insanlar kimiymiş, sevirsən, itirmək istəmirsən. İtirəndə də üzülürsən. Bəlkə də, bizdən çox o torpaqlar üzülübmüş bu həsrətə, ölüb-dirilibmiş”…

“Atam” şeiri həssas şair qəlbinin nisgil, iztirab dolu pıçıltılarıdır:

 

Bəyaz gecəli şəhərdən

Gecə gözlü kəndə döndü.

Ağ-qara ömürlə birgə…

Ağac əkdi,

Düşmən çəpəri çəkdi.

Oğul-qız böyütdü,

saç ağartdı.

Əllərinin qabarıyla öpdü torpağı,

ev qurdu…

 

Bu şeirdə qarşılaşdığımız ağrılar bir deyil, iki deyil. Müəllifin fikrincə, ağrılarından doğulmuş şeirlərindəki prototiplər elə onun ruhunu əzən, incidən ağrılarıdır. Torpaq itkisinin ağrısı! Həm də saysız-hesabsız şəhidlər verdik, ağrıdıq. Bütün bu ağrıların inikası var bu şeirlərdə:

 

Adını tutduğu dünya

atdı onu…

Qaldırdığı evi,

saldığı yurdu

bölgə qarışıq satdılar…

Böldülər insanları:

ölməlisi, qalmalısı…

Ölməlilər qaldı,

qalmalılar öldü…

 

Və ya:

 

Lap bir az ondan da əvvəl…

Atan-anan vardı,

Erməni-urus vardı,

Evinizi erməni ustası tikmişdi,

Elə onlar da yıxdılar.

 

Şairin “Şuşada vurulan vertolyot” şeirini də həyəcansız oxumaq olmur. Erməni quldurların Şuşa səmasında nişan aldığı vertolyotun yanıb külə dönməsi faciəsini üzüntülü qarşılayan şair bu kədərli hadisə nəticəsində neçə-neçə insanın taleyinin yarımçıq qaldığını dilə gətirir. Dağlıq Qarabağ münaqişəsinin artıq pik həddinə yüksəldiyini, xalqımızın əsəblərinin tarıma çəkildiyini, düşmənə qarşı nifrət, qəzəb hissinin coşub-daşdığını diqqətə çatdırır:

Şuşanın dağlarına,

Şuşanın dumanına,

qırmızı koftasına,

yaşıl tumanına,

azad olmaq gümanına

vurulmuşdu,

Şuşaya vurulmuşdu,

Şuşada vurulan vertolyot…

Mən də o gün vuruldum

ürəyimdən…

 

Birinci Qarabağ müharibəsinin insan talelərinə tuşlanan zərbələri, isti ev-eşiyini itirib, susuz çöllərdə salınmış çadırlara sığınan, məşəqqətli qaçqınlıq, köçkünlük ömrü yaşayan soydaşlarımızın keçirdiyi cəhənnəm əzabından da dəhşətli günlər, xüsusən qadınların və uşaqların çarəsiz durumu Həyat Şəminin Qarabağ şeirlərinin canını təşkil edir. “Gecə kirpikli qadın” şeirində olduğu kimi:

 

Bir bulud doldurmağa,

bir sevgi yağdırmağa

vaxtı yox idi.

Gecəsi-gündüzü yox qadının.

Evsiz-eşiksiz qalmışdı,

torpaqsız qalmışdı,

Qarabağsız qalmışdı

qarabağlı qadın…

 

Şairin döyüşkən poeziyası artıq işğaldan cana doymuş Vətən oğullarını otuz ildən bəri davam edən tarixi ədalətsizliyi silah gücünə aradan qaldırmağa, düşmənə öz yerini göstərməyə, torpaq naminə tökülən qanların qisasını almağa çağırır, həyat verdiyi şeirə iç dünyasından gələn nöqtəni vurur:

 

Əsgəran – gəl, – deyir, – gəl, əsgərim, gəl,

Məni dardan qurtar, Allah kərim, gəl,

Düşmənin nəfəsi bizə ölüm, gəl!

Gör nələr görmüşük 30 il, nələr,

Salam, əsgər!

Qarabağ – bağrımın qara ləkəsi,

Vətənin ən gözəl, dadlı tikəsi…

Doydur həsrətlini, doydur hər kəsi,

Qoy Vətən desin ki, sənsən xilaskar,

Salam, əsgər!

 

Söz adamı qədəm basacağımız günü həsrətlə gözlədiyimiz Qarabağa xitabən bir qədər öncə yazdığı eyniadlı şeirində qəlbən, ruhən sevdiyi bu füsunkar yurd yerimizi “yarı məndə yarı səndə qalan” sevgili varlığa, “gözümüzdən axan, bizsiz darıxan çeşmə”yə, ən başlıcası isə” 2783 şəhid ürəyi ilə açılan Turan yolu”na bənzədir:

 

Nəfəsimsən,

Aç nəfəsliyimi,

Dururmu Topxanam?..

Evimizə gəlmişəm əlimdə çıraq,

Söz ver ayrılmayacağımıza,

Qarabağ!

 

Müəllifin güclü məntiqə, zəkaya söykənən nəzm nümunələri  şüurlara, duyğulara yönəlmiş təsir gücünə malikdir. Onun Qarabağ sevdasına bələnmiş şeirlərində çatdırmaq istədiyi fikirləri, istedadından qaynaqlanan düşüncələri hədəfə dəyir, oxucuda kövrək duyğularla yanaşı, qürur hissi yaradır. Şəhid baş leytenant Teymur Məcidzadənin əziz xatirəsinə ithaf etdiyi şeirində oxuyuruq:

 

Səkkiz aylıq ikən

qucaqda çıxdığın kənd

gözlədi gəlişini…

Elə getmisən ki, o kəndin qucağından,

İndi adın yazılan mərmilərin

səsi çıxır hər atəş ocağından.

 

Həyat Şəminin yaradıcılığı, ərsəyə gətirdiyi poeziya nümunələri ədəbi tənqidin  diqqətindən kənarda qalmayıb. Çağdaş ədəbi tənqidimizin tanınmış simaları Vaqif Yusifli, Əsəd Cahangir, Məti Osmanoğlu, o cümlədən, ünlü söz ustaları Sabir Rüstəmxanlı, Şahin Fazil, Vaqif Bəhmənli və başqaları ədəbi dərgilərdə şairin daha çox realist və postmodernist şeirlərlə rövnəqlənən poeziyasının, o cümlədən, Qarabağ şeirlərinin bədii-estetik dəyərini, sənətkarlıq xüsusiyyətlərini təhlil edən yazılarla çıxış ediblər. M.Osmanoğlu “kişi kimi yaşayan” bir qadının poeziyasını fərqləndirən keyfiyyətlərdən, müharibə dəhşətlərini təkcə yazılarında deyil, öz həyatında hiss edən söz adamının dərdlərimizin şəklini məharətlə çəkən şeirlərindən söz açıb.

Azadlıq sevgisindən güc alan azman oğullarımızın düşməni yandırıb-yaxmaq, xain yağının xoş günlərimizə uzanmış əl-qolunu kəsib atmaq istəyi, nəhayət, gerçəkləşdi. Ali Baş Komandanımızın uzaqgörənliyi və qətiyyəti, Müzəffər Ordumuzun rəşadəti sayəsində doğma torpaqlarımız işğaldan azad olundu. Şükürlər olsun! Biz itirilən torpaqlarımızı  haqlı savaşımızla geri aldıq. “Haqq nazilər, üzülməz”, – deyiblər ata-babalarımız. İllər boyu susan dünya artıq buna şahiddir.

Qələm dostum, istedadlı şair-publisist Həyat Şəmi 44 günlük Vətən savaşının böyük Zəfərimizlə başa çatdığı günlərdə sanki itkin düşmüş bir insanın “sağdır, yaşayır” xəbərini alırmış kimi, sevincli hisslər keçirdiyini dilə gətirir. Həyatın həyat eşqi və şövqlə, cilalanıb, arınıb-durulmuş bir dillə yazdığı Qələbə şeirləri onun yaradıcılığının ən gözəl nümunələridir.

Share: