“Əbədi təklik”, yaxud “içimdəki həqiqi müəllif”

“Əbədi təklik”, yaxud “içimdəki həqiqi müəllif”

Marius Çelaru Səlim Babullaoğlunun rumınca nəşr olunan “Avqust” şeirləri kitabı haqqında yazır

 

Rumıniyada nəşr olunan və əsası 1867-ci ildə qoyulan “Ədəbiyyat söhbətləri” “Convorbırı literare”  jurnalının (www. www.convorbiri-literare.ro) noyabr 2022-ci il sayında (“Xarici ədəbiyyat” rubrikasında) Səlim Babullaoğlunun rumınca nəşr olunan “Avqust” şeirlər kitabı haqda tanınmış rumın tənqidçisi, yazıçı, tərcüməçi, “Poeziya” jurnalının redaktoru Marius Çelarunun “Əbədi təklik”, yaxud “İçimdəki həqiqi müəllif” başlıqlı yazısı dərc edilib. Yazını “Ədəbiyyat qəzeti”nin oxucularına təqdim edirik.

 

 

Soruşursuz ki, yazmaq sizin üçün nədir

və yazmağa nə vaxtdan başlamısız?

Əlbəttə, yazmaq – ilk ağıla gələn budur ki,

əl üçün soldan sağa gəzişmədir.

Daha çox dik, şaquli keçirdiyimiz narahat,

yorğun ömrü bir az dincəltmə, yerə sərmədir.

Bəzən də yazmaq – bir az da həyatdan qisasdır;

qısası, onu dəyişmək üçün peşədir, ixtisasdır.

Bizim ilk müəllimimiz nitqdir. Başqa sözlə,

biz yazmağı danışmaqdan öyrəndik,

yumşaq deməsək, oğurladıq, köçürdük.

Yəni yazmaq – həmişə həyatdan plagiatdır.

 

Səlim Babullaoğlu,

“Müsahibə” şeirindən 

 

“Opera omnia” kolleksiyasında Valeriu Stankunun rəhbərliyi ilə çıxan “Dünya poeziyasından” seriyasında Yaş şəhərində yerləşən “Tipo Moldova” nəşriyyatında 1972-ci ildə doğulmuş, Azərbaycan milli poeziyasının “yeni dalğa”sını təmsil edən Azərbaycan şairi Səlim Babullaoğlunun kitabı işıq üzü görüb.

Şair və essesit olan müəllif region və dilimizlə yaxından tanışdır (Prut sahillərində, Moldovada, Rumıniyada, o cümlədən Yaş şəhərində olub), o həm də tərcüməçidir. O, dünya ədəbiyyatının Boris Pasternak, İosif Brodski, Zbiqnev Herbert, Çeslav Miloş, Tomas Tranströmer, Pablo Neruda və digər böyük imzalarını, bizim şairlərdən isə Arkadi Suçevyanunu (“Qağayı ilə göndərilən məktub” toplusu; Qismət Rüstəmovla) tərcümə edib. Səlim Babullaoğlu çox səyahət edib, əsərləri müxtəlif dillərə, o cümlədən rumın dilinə tərcümə olunub. Başqa ölkələrin ədəbiyyatı ilə yaxından maraqlanır (“Dünya ədəbiyyatı” jurnalının təsisçisidir). Bir neçə kitabı nəşr edilib. Bəzi kitabları xatırlatmaq istərdim, “Tənha” (Bakı, 1996), “İyunda oxunan nəğmələr” (İstanbul, 2006), “Ürək döyüntüsünə ithaf” (Vroslav, Polşa, 2007),  “Küləyə qarşı gedən qadın” (Təbriz, İran, 2009) və sair. İndi isə rumınca kitabı işıq üzü görüb.

İdeya yükü baxımından Səlim Babullaoğlu öz yazı manerasına görə o müəlliflərdəndir ki, onun poeziyasını simvollar və mənalar arasında oyunlardan tutmuş, insanın ruh halına təsir edən situasiyaların izahına, fərd və onun dünyada yeri, həyat və tənhalıq, ata-oğul münasibəti, insan-Tanrı münasibətinə qədər bir neçə aspektdən dəyərləndirmək /oxumaq/ başa düşmək mümkündür. Bəzi nümunələrə baxaq. Məsələn, fanilik, həssaslıq, mövcudluq mövzuları bir neçə şeirdə/situasiyada müşahidə edilir; keşməkeşli “Təksən” rədifli şeirdə də “(söhbət “IX hissə” şeirindən gedir – tərcüməçidən), şəhidlik zirvəsi və gələcək nəsillərin gözündə qəhrəmanların obrazından danışan “Şəhidlər xiyabanı” şeirində də, “Ey siz, unudulan adamlar” və ya babaların qəbrini ziyarət edərkən “başdaşları və ölümün əhatəsində” kəpənəyi tutmaq üçün qaçan uşaqlardan bəhs edən “Vizit” şeirində də.

Əlbəttə, əks qütb kimi olmasa da, yenə də “Oğlumla söhbət” və “Ata və uşaqlar” şeirlərində varislik, ailə, ata-oğul münasibətlərini görmək mümkündür. Bu “varislik” sayəsində əcdadların yaddaşı yeni nəslə ötürülür, biz bunu bayaq sadaladığım “Vizit”, “Şəhidlər xiyabanı” şeirlərində də müşahidə edirik. Və digər mövzular – xeyirlə şərin əbədi mübarizəsi, yaxud məqsəd/hədiyyə olaraq kiməsə görə yazmaq/qoşmaq taleyini yaşayanların (“içimdə sonsuz şeir var”), poeziyanın rolu bir neçə şeirdə diqqət çəkir. Bu şeirlərdə vacib, gözəl və çətin nələrsə var (bəzən söz oyunlarında bunlar əhəmiyyətsiz görünə bilər): “Siz, şairlər! Görünən şeirlərin xatirinə əşyaları mənasız yerə dartmayın şeirin içinə”; yaxud bəzən də ata övladına müraciət edir: “Bilirsiniz, uşaqlar, atanız şeir yazır və bilir ki, bu heç kimə lazım deyil”. Yaxud “sözlər, ah, sözlər…”; “daxildə/sözlər başqa sözlərdir, hecalar ağac kimi budana, kəsilə bilər (“sözləri ağactək budamaq olarmış”), məsələn, “meteahna”da “ah” var (“hər bir günahda bir “ah” var, əsas da bu imiş /qalanı bir az səs, bir az da səssizlik”).

Bu yaxınlarda “Ədəbiyyat söhbətləri”ndə, amma “Moldova müəllifləri, Moldova nəşriyyatları” rubrikasında başqa bir azərbaycanlı şair Fərid Hüseynin “Yaddaşın ibadəti” kitabını təqdim etmişdim. Nikolae Spatarunun tərcümə etdiyi şeirlər yeni “Quadrat” nəşriyyatında çap olunmuşdu. Fərid Hüseyn üçün “xatirələr düyünü” daha çox uzaqlarla bağlıdır, hərçənd “evlər”inin izi özünü göstərir. Səlim Babullaoğluda da uzaqlarla bağlı çatışmazlıq yoxdur, amma bütün dünya həm metafora/məcaz, həm “hekayə” kimi təsvir edildiyi yerin möhürü kimi görünür, o, daha sıxılmış vəziyyətdədir, bəzən də hədsiz incə səviyyədə həyat və insanların bağlı olduqları yerə köklənməsi, onların keçmişi, bugünü, sabahı, məişəti və digər aspektlərdə onların gündəlik obrazları olduğu kimi verilir.

 

Beləliklə, Pifaqor, Kamü – “əbədi dərviş”, Herostrat, Nitsşe, Mariya Maqdalena, Hesse və müəllifi qeyd edilməyən “Mayn Kampf” (oradan şəri çıxmaq şərtilə) kimi adlar  Qalaqayın kəndinə aid şeirdə (bu adlar üçün mən kitabda verilmiş, şeirlərin tərcüməçisinin seçdiyi adlardan istifadə edirəm) yer alıb. Qalaqayın kəndinin adı qədimlərdən, tarixin tozlu səhifələrindən gələn çoxlu Azərbaycan əfsanələri ilə bağlıdır. Məcnun adı (“Leyli və Məcnun” dastanında “eşqdən dəli olmuş” mənasında işlənir) əsrlər boyu bütün Şərqi dolanmış, dünyanın o biri ucunda sevgi dastanının məşhur personajı və çox xatırlanan qəhrəmanıdır, Təpəgöz məşhur Şərq eposu “Dədə Qorqud”dan bir personajdır (bu personaja kitabda çoxlu göndərmələr var, ən çox silsilənin ikinci şeirində “Ata və uşaqlar”da diqqət çəkir, orada başqa personajlarla da qarşılaşırıq), yaxud o torpaqlara xas olan tipik küləklər. Gilavar – dənizdən əsən isti külək, xəzri – şimaldan Bakıya tərəf əsən soyuq külək. Yaxud azərbaycanlılar üçün çox vacib olan 1990-cı ilin 20 Yanvar hadisəsi – insanların sovet qoşunları tərəfindən güllələndiyi gün, indi də o insanların xatirəsi yad edilir (Şəhidlər xiyabanında // döşəmə daşlarını yağış qaraldıb. // Qoca eynəyinin şüşəsində muncuqlanmış damcıları silir. // Adlar, şəkillər dəyişir, ölüm tarixləri isə eynidir: // iyirmisi, birinci ay, doxsanıncı il. // İrəli əyilir, naməlum şəhid məzarının // qara mərmər lövhəsində öz əksini görüb diksinir). Gənclər Şəhidlər xiyabanından keçir, xiyaban onlara nəsə deyə bilər, yaxud hamısına deyə bilməz. Çünki “Madam”ın yanında həm də “Həmidə xanım” da var, yaxud “Nazim Hikmət küçəsi”.

Şeirlər müxtəlif amplitudadadır. Məişət yeknəsəqliyi (Əyləcin səsi hamını çaşdırdı. / Sərçə üçün yolun ortasında / marığa yatan pişik təkərlərin altından güclə sivişdi. // Silkindi və yenə oğrun-oğrun marığa yatdı) bəzən qəribə obraza bürünür (Çirkli paltarlar atılmış vedrədən köynəyin qolçağı sallanar. / Görənlər aldanar təsvirə: sanki kimsə boğulur dənizdə). Hərtərəfli diskursivlik, geniş nəfəs və məkan, adını kitaba verən “Avqust” şeirində də hiss olunur (zamanın çayı ruha daha çox təzyiq edir, fanilik və heçlik duyğusunun doğuluşuna səbəb olur, bədbəxtlik sözü / sükutda əbədilik yox olur), yaxud “Təksən…” şeirində anlayırsan tənhalığa dözməyə məhkumsan, tənhalıq alın yazısıdır; “V.S.V.İ.” (bu şeir müəllifin “İlk hərfi itmiş cümlə kitabına “Aprel” adı ilə daxil edilib – tərcüməçidən)  şeiri (Bu apreldə işsizlik / üfüqi bədənimin / bezgin bir halıdır ki, / yoxluğunu feilin / ürəklə xatırladır / və sair və ilaxır),  fərdi yorğunluq deyə biləcəyimiz və gözə soxulmayan “feilin yoxluğu”. Yaxud fikrin başqa səviyyəsində “Bir dostuma cavab”ın (“Dostuma cavab məktubu” şeiri nəzərdə tutulur – tərcüməçidən) içində çoxlu mövzular (“Vətən şərtiliyin ən gözəli / taleyinə qürbət yazılanların / yanında deməyin bu sözü”; “Şəkilli kitablarla oynayan dilsiz körpələrdən heç nə soruşmayın, / qalın kitablardan daha çox şeyləri / anlatmazmı o sevgili görkəm?!”  həyat haqqında olan “tablo”ya yerləşdirilib. Ağıla gələn başqa çoxlu suallar, məsələn, vətən nədir, nə haqqındadır…

Müəllif tərəfindən incəliklə tətbiq olunmuş metafor və simvolları görmək Səlim Babullaoğlu poeziyasını oxumaq üçün istifadə edilən üsullardan biridir. Bunun vasitəsilə biz geniş spektrli orijinal şeirlər oxumuş oluruq. Sosial mövzulardan şəxsiyyətin müxtəlif yönlərinə, ata-oğul münasibətləri, özünü və tanrını başa düşmək kimi mövzular onun doğulduğu yerin poeziyası ilə dünya poeziyasını birləşdirir. Bu, həm də şairin öz bioqrafiyasını yazmasıdır.

Son olaraq Azərbaycan ədəbiyyatından bir çox müəllifləri rumın dilinə tərcümə etmiş Nikolae Spatarunun zəhmətini qeyd etmək istərdim. Ə.Ol, F.Hüseyn, N.Nəcəfoğlu bu müəlliflər sırasındadır.

Səlim Babullaoğlunun rumınca kitabında yer almış “Müsahibə” şeirindən başqa bir parça ilə yazını bitirək:

 

“Hər gün günəş çıxır və batır,

            hər gün yatır və dururuq.

Hər gün günaha batır və

            hər gün bir az duruluruq.

Soruşursuz ki, necəyəm?

            Əlbəttə: bir az yaxşı, bir az pis

olardı bunları bilməmək.

            Və bir də inanın, hər bir kəs –

bir az hamıdır, bir az heç.

            Mən indi nə deyim sizə?”

 

Tərcümə: Jalə İsmayıl

Share: