İNSAN RESURSLARININ SƏMƏRƏLİ İSTİFADƏSİ VƏ İDARƏ OLUNMASI SİYASƏTİ ..Politoloq Ramid Hüseynovun fikirləri…

 

 

Müasir idarəetmədə insan resurslarının səmərəli istifadə olunması amili.

Müasir dünyada böyük, maddi ehtiyatlarla zəngin ərazilərə malik olmaq öz-özlüyündə nə ölkənin iqtisadi təhlükəsizliyinin təminatı məsələsini həll edir, nə də onun ciddi və əhəmiyyətli geoməkan xarakteristikasının, xüsusi iqtisadi gücünün göstəricisi hesab olunur. Hər bir məkanın geosiyasi, geoiqtisadi və geostrateji əhəmiyyəti, qeyd olunduğu kimi, həm də onun insan ehtiyatları, bütövlükdə əhalisinin və hər bir vətəndaşı­nın maddi və mənəvi dəyərləri, ölkənin əmək potensialından düz­gün istifadənin vəziyyəti, vətəndaşların iqtisadi və sosial səviyyəsi, rifah halı, yaşayış məskənlərinin mövcud infrastrukturlarının müa­sir tələblərə cavab verməsi və s. ilə ölçülür. Bu mənada insan resurslarının səmərəli istifadəsi və idarə olunması siyasətinə dair yanaşmaların araşdırılması müasir Azərbaycan dövlətinin idarəetmə strukturunun inkişafı baxımdan çox aktuallıq kəsb edir.  Məqalədə insan resurslarının səmərəli istifadəsinin və düzgün idarə olunmasında, savadlı, bacarıqlı kadr heyətinin formalaşmasında mühum amil kimi elm və təhsilin rolu araşdırılaraq, nəzəri təhlillər aparılmışdır.

Idarəetmənin çevikliyinin, dayanıqlığının təminatı yüksək ixtisaslı, müasir metodları özündə etiva edən, kreativ düşüncəli, savadlı kadr potensialının – insan resurslarının olması vacibdir.  İdarəetmədə ən başlıca məqsəd və vəzifə cəmiyyətin obyektiv imkanlarından, potensialından istifadə olunmasını təmin etməkdir. İdarəetmə həm də zəhmətkeşlərin əmək fəaliyyətinin təşkil edilməsi və səfərbərliyə alınmasının başlıca formasıdır. İnsan resursları dedikdə müəssisənin məhsul  istehsalında, idarəetmənin həyata keçirilməsində qarşıya qoyulan məqsədə çatması üçün istifadə etmə məcburiyyətində olduğu resurslardan biri olan insan amilini ehtiva edir. İnsan istehsal prossesinin həm ayrılmaz bir hissəsi, eyni zamanda, istehsalın, idarəetmənin hədəfidir.

Bütün bu ehtiyatların əsas dəyər meyarlarından biri kimi, həm də dövlətin öz cəmiyyətinə nəzarət və təsir etməsinin vəziyyəti, sabit milli, dini və sosial cəmiyyət yaratmaq bacarığı və s. çıxış edir. Bu anlamda ölkənin ərazisinin xarakteristikası, əhalinin yerləşməsi, sənayenin, kənd təsərrüfatının strukturu, əmək və işçi qüvvələrinin yerləşdirilməsi, ölkə iqtisadiyyatının inkişafı və s. məsələlər milli təhlükəsizlik və milli inkişafla bilavasitə bağlıdır.

Müasir idarəetmə təcrübəsi cəmiyyətin müxtəlif inkişaf mərhələlərində heyətin idarə edilməsinin 3 əsas cəhətini xüsusilə qeyd etməyə əsas verir:

  1. Sosial-siyasi cəhət –qruplarda ilkin idarəetmə heyəti ilə bağlı olan qaydanın yaradılması, təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
  2. Maddi-iqtisadi cəhət – maddi nemətlər ehtiyatının axtarılması, onların istehsalı və yaradılan məhsulların idarəetmə qurumları tərəfindən bölünməsi;
  3. Özünü təminetmə cəhəti – rəqiblərdən, eləcə də hər cür gözlənilməz təbii və qeyri-standart vəziyyətlərdən çıxış yolları tapmaq məqsədilə adamların idarə edilməsi.

Müasir dünyada baş verən qloballaşma şəraitində hər bir ölkənin iqtisadi və sosial inkişafı­nın əsas şərtlərindən birini milli insan ehtiyatlarından düzgün və səmərəli istifadə təşkil edir. Sənayenin innovasiyalar əsasında inkişafı yalnız elm və texnologiya potensialının gücləndirilməsi və təhsil imkanlarının genişləndirilməsi nəticəsində mümkün olacaq. İnkişaf etməkdə olan ölkələrin məhsuldarlığa əsaslanan iqtisadi artıma nail olmaq, yeni istehsal sahələrini formalaşdırmaq, demokratik idarəetməni qurmaq istəkləri onlardan təhsilin keyfiyyətinin yaxşılaşdırmağı, innovativ metodlara əsaslanan idarəetmə sistemini təşkil etməyi, nəzəri və təcrübi biliklərə malik insan resurslarının səmərəli istifadəsini və müəllim peşəsinin, elmi mütəxəssislərin (alim, tədqiqatçıların) nüfuzunun artırılmasını tələb edir.

İnsan inkişafının ən mühüm səciyyəvi aspektləri, məsələn, səlahiyyətlənmə, demokratik idarəçilik təsisatlarının inkişafı, insanlar arasındakı əməkdaşlıq, ədalətlilik (hər bir insana qarşı), dayanıqlıq (gələcək nəsillərin rifahını qurban vermədən indiki nəslin ehtiyaclarının təmin edilməsi) və insan təhlükəsizliyi kimi aspektlər təhsil ilə birbaşa bağlıdır. Bütün sosial sistemin davamlı inkişafı da öz növbəsində bu aspektlərin reallaşmasından asılıdır.

         Müasir mütərəqqi metodlara  söykənən idarəetmənin zəruri olduğu dünyada dövlət və qeyri-dövlət müəssisələri üçün ən qiymətli sərvət hesab edilən insan resursları sosial-iqtisadi kateqoriya olub, cəmiyyətin (ölkənin) malik olduğu fiziki və intellektual imkanların məcmusunu təşkil edir. Bu isə o deməkdir ki, konkret sosial-iqtisadi tarixi inkişaf mərhələsində, hansı ölkədə ictimai istehsal prosesinin əsasını və subyektini təşkil edən əhalinin fiziki və zehni cəhətdən inkişaf etmiş hissəsi kəmiyyətcə çoxdursa və keyfiyyətcə yüksəkdirsə, həmin ölkə daha çox məhsuldar insan resurslarına malikdir. Başqa sözlə ifadə etsək, insanlar və onların istedadı(elmi potensialı)  ölkənin ən milli sərvətidir. Buna görə də hər bir ölkədə və regionda insan resurslarının idarə edilməsi və onlardan səmərəli istifadə olunması strateji vəzifəyə çevrilmişdir.

        Elmə əsaslanmadan dövlətin və cəmiyyətin siyasi və iqtisadi cəhətdən idarə olunmasının səmərəliyi və effektivliyi heç şübhəsiz qənaətbəxş ola bilməz. Məsələnin həlli baxımdan aşağıda göstərilmiş məqamlara diqqət yetirilməsi zəruridir:

  1. Elm-təhsil səviyyəsinin yüksəldilməsi, elmi mərkəzlərin, elm adamlarının iqtisadi, siyasi idarəetmə orqanları ilə qarşılıqlı çalışmaları, nəzəri-təcrübi mübadilələr, elmi innovativ texnologiyaların vaxtaşırı idarəetməyə tətbiqi;
  2. Kadrların (yüksək ixtisaslı mütəxəssislərin) düzgün seçiminin və səmərəli istifadəsinin təşkili, cəmiyyətin və bütünlükdə dövlətin idarə olunmasında onlara etibar olunması, əməyinin qiymətləndirilməsi.

Qeyd olunan bu iki məsələyə diqqət yetirilməsi təkcə dövlətin iqtisadi və siyasi cəhətdən inkişafı deyil, həm də milli təhlükəsizliyi, dövlətin suverenliyinin möhkəmlənməsi baxımdan çox önəm daşıyır. Yüksək potensiallı şəxslərin mövcudluğu dövlətin gücünün ən vacib ünsürü kimi qiymətləndirilməklə bərabər, həm də cəmiyyətin siyasi şüurunun, dünyagörüşünün, mədəni səviyyəsinin yüksəldilməsinə təkan verir. Nəticə etibarilə, xarici qüvvələrin təsiri ilə ölkədaxili hər hansı bir prosesin həyata keçirilməsi, siyasi, etnik, dini münaqişələrin, qeyri-sabitliyin yaradılmasına nail olunması çətinləşir.  Müqayisə üçün Yaxın Şərqdə, ərəb öləkərində baş vermiş hadisələri analiz edəndə görürük ki, hakimiyyət çevrilişləri, siyasi, dini, etnik münaqişələrin kökündə  daxili narazılığın, daxili təsirlərin payı elə də çox deyildi. Geosiyasi, geostrateji maraqlarını həyata keçirməyə çalışan bəzi “super  güclər” ən böyük silah kimi yerli əhalinin siyasi şüurunun, siyasi dünyagörüşünün zəifliyindən istifadə etməklə daxili gərgiliyi qızışdırmağa, əhalini hakimiyyətə qarşı qaldırmağa nail oldular. Nəticədə hakimiyyət çevrilişi, vətəndaş müharibəsi, aclıq, səfalət, qaçqın-köçkün vəziyyəti və s. baş verdi. Elm-təhsil səviyyəsinin, dünyagörüşün aşağı olması, xarici qüvvələrin tərəfindən əhalinin bir vasitə kimi öz maraqları naminə istifadəsinə şərait yaratmış oldu.

Hal-hazırda respublikamızda mövcud olan insan resurslarının idarə edilməsi sahəsində qarşıda duran ən mühüm və strateji vəzifə isə bu resurslardan bütünlüklə cəmiyyətin və onun hər bir üzvünün mənafeyi baxımından daha düzgün və səmərəli istifadə etməkdən ibarətdir. İnsan resurslarının idarə edilməsinin ümumi konsepsiyasına uyğun olaraq, ölkəmizdə həyata keçirilməsi zəruri olan fəal sosial siyasət sahəsində qarşıda duran əsas vəzifələr aşağıdakılardan ibarətdir:

  • dövlətin fəal sosial siyasətinin kompleks istiqamətləri kimi, özünüməşğulluğun genişlədirilməsinə dəstəyin artırılması;
  • yüksək bacarıqlı kadr potensialının formalaşması üçün elm-təhsilin inkişafı və bu istiqamətə yönəlmiş investisiyaların təşfiqi;
  • peşəkar, innovativ, çevik idarəetmə bacarığına malik kadrların dövlət və özəl sektora cəlb edilməsi və onların əməyindən səmərəli istifadənin stimullaşdırılması.
  • iqtisadi fəal əhalinin həcminə və quruluşuna təsir etmək yolu ilə ölkənin insan resurslarının keyfiyyətinin və əmək motivliyinin gücləndirilməsi. [

        İxtisaslı kadr potensialının formalaşmasında təhsil və elmin rolu

Qloballaşma şəraitində dünyada idarəetmə proseslərinin dəyişilmə tempi, innovativ yeniliklərin yayılması, onların idarəetmə sahəsində tətbiqi misli görünməmiş şəkildə sürətlənir. Bu, əslində qloballaşmanın “müsbət yüklü” effektidir və getdikcə daha çox ölkənin innovasiya sahəsindəki nailiyyətlərdən, qabaqcıl texniki standartlardan və idarəetmədə yeni metodlardan yararlanmasına imkan verir. Bu prosesin həyata keçirilməsində xüsusi rol oynayan təhsil sistemi bütün potensial imkanlarını səfərbər etməli, səriştəli kadrlar ordusu ilə baş vermiş dəyişikliklərə çevik reaksiya göstərməli, innovasiyalara açıq olmalıdır.

Belə bir şəraitdə inkişaf etməkdə olan dövlətlərin qarşısında duran əsas məsələ dünya ölkələrinin inkişaf sürəti ilə müqayisədə geriliyə yol verməməkdir. Bu isə ilk növbədə iqtisadiyyatında karbohidrogen ehtiyatların ixracından birbaşa asılı olan dövlətlərdən həmin asılılığı aradan qaldırmaqla orta və uzunmüddətli perspektivdə dünya iqtisadiyyatının xammal əlavəsinə və texnoloji geriliyinə çevrilmək təhlükəsinin qarşısını almaq kimi mühüm məsələnin daim diqqət mərkəzində saxlanılmasını tələb edir. Karbohidrogen ixracı amili son onillikdə iqtisadi artımın əsas aparıcı qüvvəsi olsa da, hazırkı mərhələdə qarşıda duran əsas vəzifə qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq və onun innovasiya əsaslı irəliləyişini təmin etməkdir. Başqa sözlə, artıq indidən ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçidin əsası qoyulmalı, bunun üçün həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir. Bu isə idarəetmə modelin formalaşdırılmasında müvafiq tələblər irəli sürməklə bərabər, təhsil sisteminin də kökündən dəyişdirilməsinə, əlavə təhsil, həyat boyu təhsil kimi komponentlərin əhəmiyyətinin artırılmasına gətirib çıxarır, həmçinin İKT və virtual tədrisin, komputer-şəbəkə biliklərinin rolunun artırılmasını nəzərdə tutur. Eyni zamanda, əsas missiyası yaradıcılığın, innovasiyaların stimullaşdırılmasına və bazarın tənzimlənməsinə dəstək olan əqli mülkiyyətin əhəmiyyəti də yüksələcəkdir.Təhsil yalnız formal təhsil, yəni məktəb və ya universitet təhsili yox, həmçinin, həyatın müxtəlif çağırışlarına hazırlıq üçün uzunmüddətli və çoxşaxəli öyrənmə prosesidir.

Bu gün dövlət idarəçiliyi üçün vacib olan məsələlər (gender bərabərliyi, regionların inkişafı, gənclərin ön plana çəkilməsi, ekoloji dayanıqlıq, iqtisadi diversifikasiya, informasiya texnologiyalarının tətbiqi, qanunun aliliyi və s.) əslində insan potensialının inkişafına birbaşa təsir edir və hamısının da keyfiyyətli həlli məhz təhsildən asılıdır.

     Milli təhlükəsizliyin əsas obyekti kimi insan, eyni zamanda, onun başlıca subyekti olaraq, birbaşa demokratiya mexanizmləri və vətəndaş cəmiyyətinin müxtəlif təsisatlar vasitəsilə ən mühüm səlahiyyətləri dövlətə verərək, ona vətəndaş nəzarətinin həyata keçirir. Şəxsiyyət, onun hüquq və azadlıqlarının müdafiəsi, insan resursları baxımından səmərəli istifadə edilməsi demokratik idarəetmə rejimlərində dövlətin əsas prioritetlərindən biridir. Bu kontekstdə dövlət üçün insan dövlətin mövcudluğunun, inkişafının məqsədidir, dövlətin səmərəlilik meyarını isə insan real surətdə təmin olunan hüquq və azadlıqları, onun həyatının və inkişafının keyfiyyəti və səviyyəsi təşkil edir.  Yalnız bu mənada insan ali dəyərdir, cəmiyyətin mütləq sərvətidir. Dövlət və vətəndaş cəmiyyəti bu dəyərin qorunub saxlanması və inkişafın məqsədinin əldə edilməsi vasitəsidir, insan dövlətin onun forma etibarilə özəl, lakin mahiyyət etibarilə ictimai mənafelərinin müdafiəsi üçün başlıca ehtiyatıdır. Dövlətin başlıca mənafeyi şəxsiyyətin hərtərəfli inkişafı ilə bağlıdır.

İqtisadçılar uzun müddət hesab etmişlər ki, hər hansı ölkənin iqtisadi resurslarının əsas hissəsi fiziki kapitaldır, maddi-əşyavi sərvətdir. XX əsrin sonlarında Dünya Bankının 192 ölkə üzrə tədqiqatı isə göstərdi ki, fiziki kapital ümumi sərvətin yalnız 16%-ni təşkil edir, özündə təhsili və ümumi sərvətin 64%-ni ehtiva edən insan kapitalı daha böyük əhəmiyyət kəsb edir. Almaniya, Yaponiya və İsveçrə kimi yüksək gəlirli iqtisadiyyatlarda ümumi kapitalın 80%-dək hissəsi insan kapitalından ibarətdir. 

      Iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətləri sıralarında yer tutması Cənubi Koreyanın insan kapitalının səmərəli istifadə edilməsinə və innovativ iqtisadiyyatın qurulmasına böyük önəm verməsi ilə bilavasitə bağlıdır. Bu onun nəticəsidir ki,  Koreya elmi-tədqiqat xərclərinin ümumi həcminə görə dünyada öncül yerlərdən birini tutur. Son 10 il ərzində Koreyanın müvafiq xərcləri orta hesabla 11,8 faiz artıb. Ümumi Daxili Məhsulda Koreyanın elmi-tədqiqat xərcləri 3,37 faiz təşkil edir ki, bu da Avropa İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün müəyyən olunmuş göstəricidən (2,29 faiz) yüksəkdir. Tədqiqat və elmin inkişafına ayrılan vəsaitin adambaşına düşən həcminə görə (644 dollar) Koreya yalnız ABŞ, Yaponiya və Almaniyadan geridə qalır. Misal olaraq qeyd etmək olar ki, ABŞ-da təhsilə ayrılan xərclər 1997-ci ildə 564 milyard dollar təşkil etmişdir. Bu isə ABŞ-ın hərbi məqsədlərə sərf olunan illik xərclərindən (270 milyard dollar) xeyli yüksəkdir.

Vaxtilə Yaponiya II Dünya Müharibəsindən sonra dağıdılmış iqtisadiyyatının bərpa edilməsi baxımından ABŞ-ın o dövr üçün verdiyi maliyyə yardımını (kreditləri) birbaşa insan kapitalına – elm və təhsilə  yönəltməsi ölkənin hazırkı dinamik, davamlı inkişafının baza rolunu oynamış oldu.

Dayanıqlı inkişafın təmin edilməsi, beynəlxalq sferada rəqabətliliyin artırılması, innovativ və təşəbbüskar iqtisadi sistemin yaradılması XXI əsrdə daha cox insan kapitalının inkişafı ilə əlaqəlidir. Təhsilə, elmə söykənmədən dayanıqlı, davamlı inkişafı təmin etmək, güclü idarəetmə strukturunu, ədalətli qanunvericilik bazasını formalaşdırmaq, sosial rifahı, milli təhlükəsizliyi təmin etmək çətinləşir. Bununla bərabər müasir dövrümüzdə dövlətin iqtisadi, siyasi inkişafının bazisi olaraq elm və təhsilin inkişafı üçün mütləq olaraq strategiyanın yaradılması vacibdir. Bu sahənin özünəməxsusluğu onun uzunmüddətli passiv investisiya tələb etməsidir və bu bir çox hallarda təhsilin fərdi maliyyələşdirilməsini əngəlləyir. Xüsusi ilə də zəif inkişaf etmiş ölkələrdə əhalinin sosial rifahı valideynlərin təhsil məqsədi ilə vəsaitlər ayırmasını əngəlləyən əsas amildir. Məhz bu səbəbdəndir ki, əksər ölkələrdə təhsilin ibtidai və orta pilləsi, bəzən isə hətta ali pilləsi də dövlət tərəfindən maliyyələşdirilir. Bu baxımdan Azərbaycan dövlətinin elmə, təhsilə olan önəminin, enerji gəlirlərinin insan kapitalına yönəldilməsi istiqamətindəki siyasətinin nümunəsi olaraq Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyası və həmçinin 2013-cu il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda göstərilir: “…yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Dövlətin təhsil xərcləri cəmiyyət üçün yüksək iqtisadi gəlirliyə malikdir.

Bu sənədlərə əsasən demək olar ki, güclü və dinamik inkişaf edən Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəsinin əsas hədəfidir. Bu hədəflərin gerçəkləşməsi də xeyli dərəcədə təhsilin üzərinə düşür və onun daşıdığı missiya ilə bağlıdır. Bununla belə,  sürətlə modernləşən Azərbaycanda təhsilin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi üçün yeni, daha təsirli addımların atılmasına ehtiyac vardır. Bu ehtiyacın ödənilməsi tələbindən irəli gələn Dövlət Strategiyasının əsas məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sistemi formalaşdırmaqdır.

Azərbaycan dövləti də son zamanlar neftdən gələn gəlirin insan kapitalına yönəldilməsi: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul edilməsi, orta və ali təhsil müəsisələrinin maddi texniki bazasının yaxşılaşdırılması, elm və təhsil haqqında qanunun təkmilləşdirilərək qəbulu istiqamətində fəaliyyət və s. məsələlər dövlətin gələcək inkişafının bazisi olaraq insan kapitalının genişlənməsini əsas məqsəd kimi qarşıya qoymasını deməyə əsas verir.

Azərbaycan 2005-ci ildən bəri dövlət büdcəsində təhsilə ayrılan xərclərin artdığının şahidi oluruq. Şübhəsiz ki, bu addım dövlətin iqtisadi potensialının göstəricisi və xüsusilə də elm-təhsilə verdiyi önəmin bariz nümunəsidir. Amma peşəkar kardların meydana gəlməsi baxımından bu vəsaitin həcminin çox olması kifayət etmir, onun düzgün və səmərəli istifadə edilməsinə dövlət nəzarətinin  artırılması xüsusi önəm kəsb edir.

Dövlətin təhsil işçilərinin qarşısına qoyduğu vəzifələr özlüyündə yeni yanaşmalar-fasiləsiz təhsil, ömürboyu təhsil, təhsilin müxtəlif formaları (formal, informal, qeyri-formal), İKT əsaslı təlim metodologiyası, rasionallaşdırma, distant təhsil, inklüziv təhsil, yaşlıların təhsili, əlavə təhsil, peşə ixtisas və regional-universal mərkəzlərin, komplekslərin, kampusların yaradılmasını ehtiva edir.  Bütün bunlar haqqında məlumata malik olmaq, nəzəri və praktik bilik əldə etmək məqsədilə institutlar, universitetlərarası öyrədici klasterlərin qurulması mexanizminin işlənib hazırlanması innovasiyalarla bağlı maarifləndirmə işini sürətləndirməyə, onların potensialını artırmağa və müqavimətləri əridərək zamanın çağırışına müvafiq yeni təhsil imici formalaşdırmağa xidmət edəcəkdir.

Yuxarıda aparılmış təhlildən belə qənaətə gəlmək olar:

  • Ixtisaslı kadr potensialının olması hələ onun səmərəli istifadə olunmasına dəlalət etmir. Bunun üçün dövlət öz idarəetmə aparatının daha çevik, daha dimanik inkişafını təmin etmək üçün kadr seçimində daha diqqətli olması, yüksək peşəkarlara üstünlük verməklə onların yerləşdirməsi məqsədəmüvafiqdir. Bu həmdə ölkənin iqtisadi, siyasi və hərbi inkişafını təmin etməklə bərabər, həm də milli təhlükəsizliyinin etibarlı qorunmasına təminat yaratmış olar;
  • Pedoqoji kadrların yeniliklərə açıq olmaları, kommunikativliyi, mobilliyi, İKT bacarıqlarını genişləndirmələri, estetik-mədəni inkişaf səviyyələrini daim yüksəltmələri peşəkar, müasir dünyagörüşlü, vicdanlı gənclərin inkişafına təkan vermiş olar.

RAMID HÜSEYNOV 

siyasi elmlər üzrə fəlsəfə doktoru,

 dosent

Share: