“Yasin” oxuyub ailəsini dolandırdı, həyat yoldaşı olan kadrları “Bəxt üzüyü”ndən çıxardı, Afaq Bəşirqızından incik getdi – Ramiz Əzizbəyli haqqında maraqlı faktlar…

“Yasin” oxuyub ailəsini dolandırdı, həyat yoldaşı olan kadrları “Bəxt üzüyü”ndən çıxardı, Afaq Bəşirqızından incik getdi – Ramiz Əzizbəyli haqqında maraqlı faktlar…

Kulis.az rejissor, aktyor, Xalq artisti Ramiz Əzizbəyli haqqında on maraqlı faktı təqdim edir.

Ramiz Hacı Ağa oğlu Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. Atası Hacıağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini “Yasin” oxumaqla dolandırıb. 10 yaşı olanda atası dünyasını dəyişir. Ailənin kiçiyi olduğu üçün anası və bacısı ona hər cür şərait yaradıblar. 190 nömrəli məktəbdə təhsil alıb. Rəsm dərnəyinə də gedib. Qılıncoynatma, üzgüçülük, gimnastika, güləş, futbol, atçılıqla da məşğul olub.

Ramiz Əzizbəylinin sənətə gəlişi 1957-ci ildən – 9 yaşından başlayıb. Veriliş və televiziya tamaşalarında azyaşlı aktyor kimi çıxış edib. İlk dəfə AzTV-nin uşaq redaksiyasında daimi üzv kimi işləməyə başlayır. Hətta adına müvəqqəti əmək kitabçası da açılır. Əmək kitabçası müvəqqəti olsa da, redaksiyanın daimi üzvü olur. Azyaşlı olduğu üçün maaşı onun özünə verməyib, poçtla evə göndərirmişlər.

***

1959-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olunur. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndirirdilər. İlk dəfə uşaq obrazlarını səsləndirməyi ona həvalə edirlər. Bundan sonra kinostudiyada fəhlə kimi işə başlayır. Həmçinin İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil almağa alır. Oranı bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyət göstərir.

1987-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyir. Bu film bir neçə beynəlxalq festivalda Azərbaycan kino sənətini uğurla təmsil edib, Kiyev şəhərində keçirilən Ümumittifaq Kinofestivalda “ən yaxşı rejissor debütünə görə” nominasiyasının qalibi olur.

***

O, xalqımızın nə istədiyini çox gözəl bilirdi və bütün işləri ilə də tamaşaçıların sevimlisi olmağı bacarmışdı. Təkcə “Bəxt üzüyü” filmi hər şeyi deyir. “Bəxt üzüyü” müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin ənənəvi kinofestivalında xüsusi diploma layiq görülüb.

“Bəxt üzüyü” filminə Ramiz Əzizbəyli həyat yoldaşı Zümrüd xanımı çəksə də, sonradan o, çəkilən hissələri montaj edir.

***

Rejissorun iki qızı var. Qızı Xədicə xanımı o, yaxın dostu olan Rasim Balayevin baldızının oğluna verib. Lakin Xədicənin ailə həyatı alınmır və həyat yoldaşından ayrılır. Bu məsələ Ramiz Əzizbəylini çox sarsıdır. O, Rasim Balayevdən küsür və ömrünün sonuna qədər onu bağışlamır.

Ramiz Əzizbəyli yaxın dostu Afaq Bəşirqızından da incik idi. Bu haqda o, müsahibələrinin birində deyir:

“Mənim çəkdiyim filmlə zirvəyə çıxdı, sonra o zirvədən mənə daş atdı. Acığıma gedib “Bəxt üzüyü – 2”ni çəkdi. Çox pis təsir etdi mənə. Çox bərbad, səviyyəsiz bir iş çıxdı ortalığa”.

Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddət yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkib. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi. Ramiz Əzizbəyli 8 dəfə əməliyyat keçirib. Hər dəfə narkozdan ayılanda Allaha şükür edirmiş. Bir müddət əvvəl sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. İnfarkt keçirdiyi açıqlanmışdı.

***

Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edir. Ömrünün son illərində verdiyi müsahibələrinin birində deyir: “Ən çox incikliyim anamdandır. Onu tez-tez yuxumda görürəm. Gərək məni bu dünyaya gətirməyəydi”.

Share: