“Türk qardaş və bacılarımız bu günlərdə çox açı, çətin günlər yaşayırlar. Onlara maddi və mənəvi dəstək olmağı türk dünyası olaraq mənəvi borc hesab edirik”.
Bunu “Report”un Ankara Bürosuna Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev bildirib.
Sultan Rayev deyib ki, TÜRKSOY zəlzələdən zərər çəkənlərə ilk gündən mütəşəkkil qaydada dəstək kampaniyasına start verib:
“13 nəfərlik TÜRKSOY könüllülərimiz zələzələ baş verən sahələrdə axtarış-xilasetmə işləri aparan heyətə könülü olaraq tərcüməçi kimi dəstək verirlər. Bundan başqa heyətimiz hər gün 3-4 bal günücndə afterşokların davam etdiyi Qaziantepdə zəlzələdən zərər çəkənlər üçün qışda soyuğa, yayda istiyə davamlı 120 çadır qurublar. Bu tipli aksiyamız davam edəcək”.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib.
Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada hiss edilib.
22:54
“TÜRKSOY nümayəndəsi olaraq Qazaxıstandan göndərilən xilasetmə qrupuna tərcüməçi kimi dəstək verdiyim müddətdə dağıntılar altından ata və iki oğlu olmaqla, 3 nəfəri xilas etmək mümkün oldu”.
Bunu “Report”un Ankara Bürosuna Türk dünyası Beynəlxalq Mədəniyyət Təşkilatının (TÜRKSOY) mətbuat şöbəsinin azərbaycanlı əməkdaşı Vüqar Novruzoğlu bildirib.
Vüqar Novruzoğlu deyib ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək vermək üçün TÜRKSOY olaraq mütəşəkkil qaydada fəaliyyətə başlayıblar:
“Hadisənin ikinci günündə biz 13 nəfərlik heyətlə zəlzələdən zərərçəkənlər üçün ən zəruri ehtiyaclar ola bilən əşyalar, qida və geyimlə dolu iki avtomobillə bölgələrə getdik. İlk getdiyimiz yerlərdən biri də Qaziantepin Beykent kompleksi idi. Biz orada TÜRKSOY olaraq zəlzələdən zərəçəkənlər üçün çadırlar qururduq. Bilirsiniz ki, başda Azərbaycan olmaqla dünyanın müxtəlif ölkələrindən olan xilasetmə qrupları Türkiyədədir. Azərbaycandan olan xilasedicilərlə Türkiyə əhalisi arasında tərcüməyə ehtiyac yoxdur.
Amma türk dünyasından – Qazaxıstan, Qırğızstan və digər ölkələrdən gələn heyətlər üçün tərcüməçiyə ehtiyac olur. Orada məlum oldu ki, Qzaxıstandan gələn xilasetmə qrupu çalışır və tərcüməçiyə ehtiyac var. O səbəbdən də onlara tərcüməçi olaraq mən təhkim edildim. Qrupda 16-17 nəfər qazaxıstanlı xilasedicilər vardı. Tam 19 saat səhərə qədər dayanmadan onlarla bərabər çalışdıq. Zəlzələ baş verdiyi andan tam 77 saat sonra ata və iki oğlunu xilas etmənin sevincini yaşadıq”.