Zəlzələ – Cəlil Məmmədquluzadənin hekayəsi

Zəlzələ – Cəlil Məmmədquluzadənin hekayəsi

Kulis.az Cəlil Məmmədquluzadənin “Zəlzələ” hekayəsini təqdim edir.

Zəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı yadımdan çıxıbdır, ancaq həmişə zəlzələ söhbəti düşəndə, bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə ayın-şayın gəlib durur gözümün qabağında və yazı yazdığım yerdə qələmi, yainki çörək yediyim yerdə tikəmi gərək qoyam yerə və huş-guşumu verəm keçmiş günlərə və çox bir dəqiqələri qara xülyalara qərq olam.

Zəlzələdən dağılan Badamlı qəsəbəsi idi. Doğrudur, Badamlı ilə bizim fasiləmiz uzaq idi, amma orada üz verən müsibət o dərəcə ağır idi ki, mən və bir nəfər də yoldaşım araba qoşdurduq və Sarvanlar meşəsindən keçdik, kəsə yol ilə axşam vaxtı yetişdik Badamlıya. Orada müəllim Mirzə Əliquludan savayı bir kəsi tanımırdıq və arabanı qəsəbənin içinə sürüb Mirzə Əliqulunu soraqlaşdıq. Məlum oldu ki, məktəb binasının bir tərəfi zəlzələdən uçub və Mirzə Əliqulu oradan özgə yerə köçübdür.

Axşam yavıqlaşırdı. Bəzi uçmuş evlərdən ağlaşma səsi gəlirdi, bir neçə yerdə əli belli və kürəkli kişilər uçuq damların daşını və torpağını sökməkdə idilər. Bunların bəzisi ağlaya-ağlaya daşların altında oğul-uşaqlarını axtarırdılar. Biz tamamən donduq və bilmədik nə eləyək. Hava qaranlıqlayırdı. Dedilər ki, müəllim Mirzə Əliqulu övrətini və iki uşağını götürüb, Bahadır yüzbaşının evinə köçübdür.

Arabanı sürdük o tərəfə. Yüzbaşının evində nə Mirzə Əliqulunu tapdıq, nə Bahadır yüzbaşının özünü. Bir-iki balaca uşaq küçə qapısının ağzında durub ağlaşırdılar. Arabaçı küçənin ortasında atları açdı, bağladı arabanın dalına və qabaqlarına saman tökdü. Biz bilmədik nə eləyək. Və müəllimin harada olduğunu bir kəs bizə deyə bilmədi. Bir-iki kəndli gəldi yanımıza və bizim kim olduğumuzu və haradan gəldiyimizi soruşdu; biz də özümüzü nişan verdik.

Bahadır yüzbaşının məhəlləsində iki ev uçmuşdu. Birinin divarını kərpicləri ağnıyıb tökülmüşdü biz durduğumuz yerə tərəf. Hamı həyətə tərəf getdik və gördük ki, müəllim Mirzə Əliqulu da buradadır Həyətin bir tərəfində bir dəstə övrət yığıncağı var idi; məlum oldu k burada iki adam şikəst olubdur.

Müəllim Mirzə Əliqulu bizə dedi ki, zəlzələnin zərəri nəhayətdi.

Müəllim Mirzə Əliqulu bizə dedi ki, zəlzələnin zərəri nəhayətdi xah can tələfatı, xah mal zərəri. Bahadır yüzbaşı bir-iki ağsaqqal ilə birlikdə və yüzbaşının yasavulları küçələri dolaşırdılar və zərərdidələri yoxlamaqda idilər. Camaatın əhvalı xeyli pərişan idi. Küçə uzun adamlar hey o yana qaçırdı, hey bu yana qaçırdı; çoxlarını da ağlayan görürdük.

***

Mirzə Əliqulu bizi apardı Bahadır yüzbaşının evinə. Mən , yoldaşım Teymur Mirzə və müəllim Mirzə Əliqulu bir qaranlıq çovustana daxil olduq. Zəlzələnin qorxusundan yüzbaşının otaqlarına girib çıxan yox idi. Və bizi də ehtiyat babətindən otağa aparmadılar. Bizim dalımızca Bahadır yüzbaşının balaca oğlu gətirdi ortalığa bir balaca lampa qoydu. Biz oturduq yerə, taza döşənmiş gəbələrin üstündə. Lampa gətirən uşaq getdi və qayıdıb əlində bir süfrə gətirdi açdı yerə və onun dalınca bir kəndli oğlan əlində qatıq-çörək gətirib qoydu ortalığa. Uşaqda və oğlanda çəkilib ədəblə durdular kənarda. Mən nə aclığımı bilmirdim, nə susuzluğumu. Yoldaşlarımdan çörəyə əl uzadan olmadı. Bir dəfə müəllim Mirzə Əliqulu bizə təklif elədi ki, yoldan gəlmişik, bir tikə çörək götürək. Mən və Teymur Mirzə dinmədik.

Bir az keçəndən sonra qatıq gətirən oğlan bir yekə qaynar samovar gətirdi qoydu qapının yanında, quru yerə. Samovar elə şiddətlə qaynayırdı ki, guya buğ maşını kimi bu saat hərəkət edəcək. Stəkan-nəlbəki gələndən sonra Bahadır yüzbaşının balaca oğlu öz əli ilə başladı bizə çay tökməyə. Hərəmiz bir stəkan çay içəndən sonra bir qədər hala gəldik; hətta yoldaşım Teymur Mirzə yazdığı aşarından bir neçəsini bizə oxudu. Mirzə Əliqulu müəllim o şeirləri çox bəyəndi və hətta bir neçəsini aldı ki, məktəbində şagirdlərə öyrətsin. Teymur Mirzənin xahişinə görə Mirzə Əliqulu da öz mənzum əsərlərindən bir neçəsini oxudu və növbəti mənə də gəldi və mənim hekayələrimin də bir neçəsinin adını çəkdilər. Axırda mən onların şairlik təbini təsdiq etdim, onlar da məni hekayə yazmaqda mahir qələmə verdilər.

Demək, beləliklə hər üçümüz əvəzə bədəl olduq. Bir-iki stəkan çaydan sonra, çörəyə də əl uzatdıq və burada Bahadır yüzbaşı özü də gəldi və bizə “xoş gəlmisiniz” söylədi. Biz yüzbaşının iltifatlarına təşəkkür etdik, zəlzələ barəsində təəssüf büruzə verdik və zəlzələnin nəticəsindən əhvalpürsan olduq və bunu əlavə etdik ki, bu bədbəxtliyin müqabilində əlimizdən gələn köməkliyi müzayiqə etməyəcəyik. Bahadır yüzbaşı dedi ki, burada indi bizim üçün bir kömək etmək yeri qalmır; çünki indi camaat dam-daşın altında qalan adamları və heyvanları söküb çıxartmağa məşğuldur. Bu da ki, əli belli və kürəkli fəhlə-fühlə işidir. Mən Bahadır yüzbaşının bu sözünə cavab tapa bilmədim, yoldaşlarım da dinmədilər.

Bu heyndə oturduğum yerdə az qaldı ki, başım gicəllənsin; bilmədim hansı tərəfdən elə bir xırıltı səsi gəldi ki, mən az qaldım bihuş olam. Yanımızdakı Bahadır yüzbaşı qaçdı çölə. Məlum oldu ki, yenə zəlzələ oldu və genə dam-daş uçmağa başladı.

Həyətdə qışqırıq qopdu; amma qaranlıqda bir şey görsənmirdi. Dedilər ki, Bahadır yüzbaşının anbarının divarı uçub və altında adam qalıb. Bir-iki əli çıraqlının dalıyca biz də o tərəfə getdik və gördüm ki, üç nəfər kəndli uçmuş divarın daşlarını və torpaqlarını sökürlər.

Bu adamların ancaq birini tanıdım. Bu haman bizə samovar gətirən oğlan idi ki, Bahadır yüzbaşının rəncbəridir. Adamlar çox tələsik işləməkdə idilər; çünki Bahadır yüzbaşının çörək bişirəni Pəri arvad körpə uşağı ilə həmin uçuğun altında qalmışdılar.

Biz üçümüz də ortalığa yeridik və istədik daşlardan-kəsəklərdən bir qodri-imkan götürüb tullayaq kənara: çünki daha dayanmaq mümkün deyildi. Daşların altının qaranlıq deşiklərindən arvad səsi gəlirdi:

– Ay aman! Öldüm!..

Boynuma alıram ki, burada mən özümü lap gücsüz və zəif gördüm və hər halda dam-daş altında qalan insanları söküb çıxartmaq işində özümü mat və məəttəl hiss etdim; belə ki, daşların birini kənara atandan sonra, ikincisinə dəxi gücüm çatmadı və xah ruhumu, xah bədənimi elə bir yorğun gördüm ki, axşamın sərinliyinə baxmayaraq, tərləməyə başladım.

Yoldaşım Teymur Mirzə də deyəsən mənim günümdə idi. Amma müəllim Mirzə Əliqulu nisbətən bir qədər “vec” verdi, çünki biz ikimiz mat-mat baxanda o hələ işləməkdə idi. Ancaq Bahadır yüzbaşı üçümüzü də bu zəhmətdən qurtardı və “üstünüzü toz-torpağa batırmayın” deyə-deyə yüzbaşı bizi göndərdi çovustana və mən boynuma alıram ki, nə qəlbən və nə zahirdə ona bu barədə etiraz etmədim; yoldaşlarım da habelə.

Bizdən sonra kəndlilər Pəri arvadı və uşağını xarabadan çıxartmışdılar. Ancaq biçarə arvadın sağ qılçası dizdən yuxarı xinc-xinc olmuşdu.

Haman saat qəsəbənin yerli həkimi dəllək Əbdürrəhimi çağırdılar. Arvadın qılçasını nə tövr bacarırdı, arvadların əli ilə bağladı.

Çovustanda bizə yer saldılar. Qorxa-qorxa girdim yerə və “pənah Allaha” deyib gözlərimi yumdum. Pəri arvadın uşağı bütün gecəni ağladı və bütün gecə mən onun ağlamağına qulaq verdim. Əhvalım elə pozğun idi ki, yuxu-zad məndən çox uzaq idi. Bir az huşlandım və gördüm ki, mən bir balaca uşağam və şəhərimizin qəbiristanında ölü dəfn eləyirlər. Axundumuz Hacı Molla İsmayıl meyit namazı qılır. Bir qədər axundun avazına qulaq verəndən sonra yavaş-yavaş yuxudan ayılmağa başladım və uşağın ağlamağı ilə azan səsi eşitdim. Ağlayan uşaq haman şikəst arvadın uşağı idi. Badamlı qəsəbəsinin müəzzini də çox həzin səslə oxuyurdu: həyyə ələlfəlah, həyyə əlaxeyrül əməl… Ancaq burada bircə şeyə təəccüb elədim: o şiddətlə ki, uşaq ağlayırdı, bir yandan, bir kəsdən buna sakitedici bir cavab yox idi; guya uşağın nə anası var, nə qeyri bir kəs.

Hava başlayırdı işıqlanmağa. Durdum ayağa və tək bircə pilləni yendim həyətə. Uzaqda divanın dibində bir boz it yatmışdı. Uşaq hey ağlamaqda idi. O tərəfə üz qoydum yavaş-yavaş getməyə. Küçədə bir-iki kişi səsi gəlirdi. Yavıqlaşdım və bildim ki, ağlayan uşaq həyətin sağ tərəfində bir daxmadadır. Bir az da yavıq gəldim və elə bil hal gözümə sataşdı ki, burada dik atıldım. Bir övrət xeylağı başıaçıq, hövlnak oradan qaçdı həyətə. Bu övrətin ağzından mən ancaq bunu eşitdim: Vay, yazıq uşaq!

Özümü saxlaşdırmadım və başımı uzatdım damxananın içinə və burada bir belə dəhşətli və nifrətli şey gördüm: bir balaca uşaq bir övrətin döşlərini ağlaya-ağlaya söküşdürür, övrət də gözlərini göyə döşlərini ağlaya-ağlaya söküşdürür, övrət də gözlərini göyə tərəf dikib baxmaqdadır. Haman dəqiqə duydum ki, övrǝt cansızdır. Oradaca qayıtdım çovustana; ancaq elə sürətlə qayıtdım ki, bilsə idim baxan yoxdur, uşaq kimi qaçardım.

O vaxtdan on yeddi il keçir və həmişə gecə vaxtı bir uşaq ağlamağını eşidəndə Badamlı zəlzələsi yadıma düşür. Və həmişə bir yanda

zəlzələ söhbəti qulağıma çatanda öz-özümə deyirəm: “Ax, yazıq uşaqlar!”.

Share: