Kulis.az Babək Məmmədlinin “Sevgi şəhəri” adlı hekayəsini təqdim edir.
Səhər tezdən Sofiye bişirdiyi südlü sıyığı götürüb evdən çıxdı. İki evlik yoldu araları. Yuxudan durandan canını bürümüş vəsvəsəni tək bircə ehtimal “yemləyirdi”- gedib onun cəsədilə qarşılaşmaq. Ünvana çatıb dayandı, qətiyyətsiz dizlərinin əsməsi də dayandı, təkcə ürəyiylə bacarmadı,- uçunurdu. Xaç çevirə bilmədi, əlləri boş deyildi. Dodaqlarının arasında nəsə pıçıldaya-pıçıldaya dəmir dəstəyi dirsəyiylə aşağı əyib yanını yavaşca küçəyə baxan qapıya vurub araladı. Mancanaqları illərdir yağlanmamış dəmir qapının “cırıltı”sı ona vəyh kimi gəldi, tez içəri təpilib qapını dabanıyla bərk itələdi. Sayğısızlıqdan “hiddətlənmiş” qapı elə zərblə çırpıldı ki, şaqqıltıdan boynunu qısdı, sağ qulağındakı küy yenidən oyandı. Gətirdiyi yeməyi az qala dəhlizə dağıdacaqdı, birtəhər mətbəxə qoyub qorxa-qorxa zala girdi.
Əllərinin ətsiz barmaqlarını sinəsinin ortasında bir-birinə bəndləmiş Luiza Lamaşvili bu şaqqıltıdan xəbərsiz, ölü kimi sakit uzanmışdı. Yuxulu gözləri məchula “yol çəkirdi”. Otağa hökm edən sükutu pozmağa əzəmətli divar saatı da cürət etmir, kəfkirini quyruq kimi sağa-sola bulayırdı. Cəsədi elə də qorxulu görünmürdü. Üzünün işığı qaçmamışdı. Addım-addım yaxına gələndə sinəsinin yüngül dəbərdiyini görüb sevindi. Ürəyi yerinə gəldi. Bundan əvvəl də bir dəfə belə qorxutmuşdu onu qoca Luiza.
– Bu nə artistlikdir edirsiniz, qalbatone İza?- qoyma dişləri ağardı ağzında, gərginliyi əridi.
Luiza heysiz əlini sinəsindən güclə qaldırıb tez də endirərək qonşusunun salamını cavabsız qoymadı. Qarışıq dərmanların qoxusu havanı ağırlaşdırmışdı. Sofiye pəncərələri açdı.
– Sənin ən birinci dərmanın havadı, İza, hava, bir də sıyıq. Öhö… Təbii ki, mən bişirdiyim sıyıq. Özünü öydü. Yatağa düşəndə oktyabrın sonlarıydı, yadındadı, İliya son süzümdən sənə qan kimi Saperavi göndərib ”içsin, hemoqlabinləri rəqs eləsin” demişdi? Onda deyirdin qışa çıxmayacam. Buyur, növbəti payız da gedir artıq, ancaq, sən hələ yaşayırsan,- nazik uzun barmağıyla Luizanı gülə-gülə hədələdi:
“Kəhanətin düz çıxmadı, gopçunun qarı”.
Onun zarafatından Luiza xəstəliyi yendiyinə inandı.
Masaya əl gəzdirdi, dərmanları səliqəlylə bir kənara yığdı.
– Bu rəvayəti bilməmiş olmazsan. Kilsə rəssamının yeniyetmə qızını azar tutur. Şəhərin məşhur loğmanı xəstəni yoxlayıb qışa çıxmayacağını atasına deyəndə qız da eşidir. Onsuz da xəbərdən “binası uçmuş” atasına “yaz bitir, yay girəcək, sonra payız. Qışda da mənim hekayəm bitəcək” deyib köksünü ötürəndə kişinin yarasına “duz basır”. Acizliyindən özünü asmaq istəyirmiş biçarə rəssam. Zaman qum kimi süzülür, yayın canı üzülürmüş. Bir azdan Tanrı dağlara, meşələrə “süpürgə çəkəcəkdi”,- nağıl kimi danışdığı söhbətinə ara verib mətbəxə getdi, az sonra bir boşqab sıyıqla geri döndü. Luizanın yastığını düzəldib boynunu qaldırandan sonra kətili iri budlarının altına çəkərək uşaq kimi onu yedirtməyə başladı.
– Hə, İza. Kişinin ağlına bir fikir gəlir. Qızı yuxudaykən bir gecədə onun pəncərəsinə yayın rəsmini çəkir. Nə gözlərini bərəldirsən? Yəni yaşıl yarpaqlı ağaclar, aydın səma. Elə çəkibmiş ki, naturadan seçilmirmiş. Beləcə yeniyetmə qız da qışı yay bilib ötürür və əsil yayda xəstəliyə qalib gəlir.
Luizanın eyni bir az açıldı, axırıncı qaşıqdakını da uddu. “Lənətə gəlmiş” çarpayıdan qalxacağına ümidləndi, ancaq, özünü o yerə qoymadı:
– Ağzında yeniyetmə deyirsən, mənim yaşım səksəni haxlayıb. Yoxsa pəncərəmə şəkil çəkmək fikrinə düşmüsən? Ondansa pəncərələri arada sil, “Alazani”ni görə bilim.
Sofiye qonşusunun nə dediyini başa düşmədi. Luizanın axıra qədər yeməsi onu sevindirmişdi. Əbəs deyildi ki, biş-düşünə görə əri İliya Sofiyeni hər yerdə tərifləyirdi. Boşqabı masaya qoyub ovcunda sıxıb saxladığı salfetlə qonşusunun ağzını sildi. Sonra onun yastığa dağılmış yosun saçlarını üç barmağıyla daraya-daraya yaxasına sərdi. Dodaqlarının arasında qədim bir meqrel mahnısını kilsə duası kimi oxumağa başladı:
dxa do serit mopirudi ma
skani çiri ma
nana nana nanaio
nana nana nananio naaaa….”
– Bəsdir, bayquş kimi uladın, – Luiza Lamaşvili əzabkeş çöhrəsini bir az da büzüşdürdü. Sofiye onun donquldandığını görüb oxumağını kəsdi.
– Hə, necəsən?
Luiza cavab verməyə həvəs göstərmədi. Sofiye təkrar soruşduqda, ağır-ağır dilləndi:
– Sofi, səni and verirəm “müqəddəs Nina”ya, məni rahat burax. Bilmək istəyirsənsə həm də sənin bu axmaq suallarından başımı götürüb qaçıram. “Qaçıram”sözü ürəyində qəribə duyğular oyatdı, elə bildi, bu dəqiqə durub qaçacaq.
Sofiye diqqətlə onun ağzını güdürdü. Luiza nəfəsini dərib bir az da amiranə tərzdə:”Əlbəttə yaxşı deyiləm, səy meqrel. O zavallı İliyaya yazığım gəlir, sənə bu vaxta qədər necə dözüb? Daraqla dara saçımı, daraqla, Sofi”, deyib pəncərəni işarə vermək niyyətilə yuxarı qaldırdığı qanı qaçmış, çəngələ bənzəyən əlini az qala Sofiyenin gözünə soxacaqdı. Sonuncu cümləsi sonuncu nəfəs kimi çıxdı ağzından, bədəni boşalıb süst düşdü.
Sofiye yanını kətildən aralayıb pəncərənin önündən darağı götürəndə gözü “Müqəddəs Georgi” kilsəsinin dumanı yarıb çıxan zəngli qülləsindəki xaça sataşdı. Sağ əlinin çeçələ və üzük barmaqlarını ovcuna büküb qalan üç barmağını da bir-birinə sıxaraq ardıcıllıqla alnına, göbəyinə, sağ-sol çiyninə toxundurub xaç çəkdi.
Soyuqdan istiyə düşmüşdü deyə çilli, gombul yanaqları pörtmüşdü, sobadan çıxmış kömbə kimiydi. Kefi durulmuşdu əməlli-başlı.
Axşam əcnəbi bir turistin Pirosmanişvilinin “Kaxetdə üzüm yığımı”yla özünün də “Alazanidə payız” akvarelini alması əzablarını unutdurmuşdu ona:”Sənətin məbədi Avropada daha bir evin divarından mənim əsərim asılacaq, ətəyində, lap küncdə də Sofiye Paçuliya imzası. Gürcü rəssamlığından söz düşəndə adım Pirosmaniylə yanaşı çəkiləcək. “Bəlkə də”,-bunu ürəyində dedi. Hərçənd ki, o bədbəxtin də qiymətini çox gec bildilər. “Kar musiqiçi” olubsa, “kar rəssam” da ümidvaram, mənə deyəcəklər. Desinlər də, bu məni qətiyyən narahat etmir, İza, eşidirsən? Onlar bir gün məni tanıyacaqlar. Siqnaixini də, “Alazani”ni də tanımış olacaqlar. Turistlər bir az da axışacaq bura. Qoy gəlsinlər, heç olmasa başımız qarışır qonaqlara. Yoxsa bu bozluq sənin ağ qan xəstəliyin kimi həyatımızdakı olan-qalan rənglərimizi da udacaq”-daraya-daraya Luizayla sevincini bölüşürdü. O sevinci ki, dünən axşam iş yeri sayılan “Yori” parkından evə dönüb ərinə borclarından azaltmaq üçün tabloların pulunu verəndə cəhd etmişdi ilk onunla bölüşsün, ancaq, utanmışdı, qüruru yol verməmişdi. Bilə-bilə ki, Sofiye ünlü müəlliflərin plagiatlarıyla bərabər, özünün də müəllifi olduğu rəsmləri satır, heç ondan soruşmamışdı kimin işini, hansı işi satdığını, siqaretin tüstüsü gözünü yandıra-yandıra pulu sayıb cibinə dürtmüşdü. Adam nəciblik xətrinəsə soruşmamışdı. Ərinin etinasızlığı Sofiyeni üzsə də, onun sevgisini yenidən qazanmaq üçün usanmaq bilmirdi bu iri sümüklü qadın. Bir şeyi dəqiq bilirdi ki, İliyanı xoşbəxt etmək üçün çoxlu pul lazımdır.
– Neçəyə satdın, Sofi? Nə çəkmişdin?
Eşitmədiyini anlayıb bir də tələffüz etdi ki, ağzından “oxuya” bilsin.
– Nə çək-miş-din, So-fi?
– “Alazani”ni çəkmişdim,-vadini,-Sofiye başıyla pəncərəni işarə verdi. Luiza bir az da dikəlib “Alazani”ni görmək istədi. Üçüncü gün idi ki, vadinin üzünü çən örtmüşdü. Qaynara düşmüş süd kimi elə köpüklənmişdi ki, qaşığı sal, yığ. Heç nə görmədiyindən məyusluqla yerinə çökdü.
Bir neçə il əvvəl əri İliyanın odun kimi yoğun əlindən açılan sillə Sofiyenin sol qulağını fəaliyyətdən saxlamışdı, sağ qulağı da arada küyə düşüb güyüldəyirdi. Bir müddət Luizanın dodaqlarından oxumalı oldu sözləri.
– “Müqəddəs Georgi”ni, “Bodbe”ni də çəkmişdin?-Luiza könülsüz-könülsüz soruşdu.
– Dmitriy yunanın eyvanından “Bodbe” monastırı görünmür axı?
– Əlbəttə görünməz, Dmitriy yunanın evi bizdən iki küçə aşağıdadır, bizim eyvandan çəksəydin hər ikisi görünərdi. Heç demədin, neçəyə satdın?,-xəstə Luiza qadın marağıyla ovcunu açıb havada sağ-sol cızaraq qazancını soruşdu bir də.
– Pirosmanini yüz lariyə, mənimkini iki yüz əlliyə-Sofiye öz işinin qiymətini əlli lari şişirtdiyindən utandı.
– “Bodbe”ni çəksəydin bəlkə üç yüz əlli də verərdilər, o, daha əzəmətli görünür, həm də “müqəddəs Nina” hamıya kömək edir.
Sofiye sağ qulağını əliylə qapayıb yenidən açdı, alınmadı. Ağzını bir neçə dəfə yumub açandan sonra, nəhayət qulağındakı güyültü bir az çəkildi.
– Nə deyirdin, İza?,-təkrar soruşdu.
– Deyirəm ki, “müqəddəs Nina” hamıya kömək edir, gərək “Bodbe”ni çəkəydin, yaxşı pul verərdilər.
Ərinin laqeydliyi yenə yadına düşmüşdü Sofiyenin. Səbri daşdı:
“Bodbe, Bodbe!” Saxtakar olma! Fağır Qriqoru ildırım vurmağı yadımdadı, kilsədə tabutun ağzını açmağa da icazə vermədilər, hardaydı onda, “Müqəddəs Nina”? Pələng kimi oğlun Levan Rusiyada əyyaşlıq edib illərlə sürən səfillikdən serrozla üstünə qayıdanda, sonra da qollarında canını tapşıranda bəlkə yalvarışlarını eşitdi “Nina” xanım?
Qorxudan Luizanın gözləri yuvasından çıxacaqdı.
– Bircə bəxtin gətirdi ki, sonbeşiyin Anzor türmədədir. Arxayın ol, yoxsa Ukraynayla müharibədə o da Putinə qurban gedəcəkdi.
Bu dəfə Luiza iki barmağını ovcuna sıxıb, üç barmağıyla birlik işarəsi tutaraq xaç çevirdi.
– İsanın mərhəmətinə sığın, Sofi. Tanrının qəzəbinə tuş gələrsən.
– Dayan, qarı! Bəs indi bu halına nə deyirsən? Niyə səni, heç kimə zərər verməyən köməksiz bir qocanı çarpayıya yıxıb? Yaxşı, yıxıbsa heç olmasa oğlanlarından yarıdaydı, biri qulluğunda durardı. Hələ heç özümün İliyamı demirəm-yaylığını jaketinin cibindən çıxartmağı çatdırmadı, hönkürdü. Burnunu silib elə hönkürə-hönkürə də davam elədi-bədbəxtliyim azmış kimi mənə durmadan əzab göndərir. Ağlım kəsəndən onun səmimi duaçısı olmuşam, heç vaxt qarşılıq gözləməmişəm, ancaq indi, ömrümün tən yarısında, ondan umuram bunu. Mən çox şey istəmirəm axı. Bircə İliya içkidən, qumardan uzaqlaşsın, vəssalam. Bu gün-sabah nəvəmiz olur, ancaq, gör hələ də nəyə ümid edirəm. Sonuncu cümləni toxtayıb demişdi. Burnunu yaylığa silib bir neçə saniyə ortalığı sükuta buraxdı. Sonra yenə hönkürdü.
– İliya məni sevmir daha, İza, sevmir! Məni fahişəsi kimi istismar edir. Ev işlərindən gecələr vaxt edib çəkdiyim rəsmlərin az qala hamısı onun və parazit dostlarının qarnına gedir, anlayırsan, qarı?
Bu dəfə Luiza da qoşuldu ona, ağlayıb duruldular. Luiza qəlbində onun dedikləriylə birəbir razıydı, özü də lap çoxdan. Oğlu Levanın Rusiyada əyyaşlıq etdiyini eşidəndə, hər gün “Bodbe”də şam yandırmış, boynunu büküb imdad diləmişdi,-bir zamanlar Kapadokyadan yol alıb İsanın müjdəçisi kimi şəhər-şəhər, kənd-kənd gəzərək sonda gəlib bu balaca şəhərdəki monastırda canını tapşırmış, həvari “müqəddəs Nina”dan incikiydi qəlbində.
Hamının “erməni Qriqor” çağırdığı əri “Alazani”yə enən yolun qaşındakı evlərinin təmirini təzə tamamlamışdı. Oğulları Levan və Anzorun “qarmon Nika”, “klarnet Samson” və “dəf Aşot”a toylarını çaldırmağın həvəsiylə vadiyə baxan uzun eyvanın düz o başında öz əlləriylə qırmızı kərpicdən göz oxşayan manqal tikmiş, tüstü borusunun üstünü də ağ kərpiclə səliqəylə hörmüşdü. Manqalın başında ilin dörd fəsli qohum-qonşulara, dost-tanışlara yaxşı məclislər qurdu, ailəsiylə bu eyvanda saçaq-şaçaq arzular hördülər, qollarını bir-birinə keçirib kəl buynuzunda şərablar içdilər. Qədim şəhər qalasının Qriqorun eyvanından “Çin səddini” xatırladan hasarı vadinin dərinliyinə doğru qıvrılıb gözdən itirdi. Siqnaxiyə indi “Sevgi Şəhəri” deyirlər. Bir “Nigah Evi”dir, bir də “Şakronun Şərab Evi” gecə səhərəcən xidmət göstərir. Sevgilərini gecəykən belə rəsmiləşdirənlər gəlib bu balaca “meyxanə”də günlərinə rəng qatırdılar. Yöndəmsiz Şakro da cütlükləri “hədiyyəsiz” yola salmaz,-qaltanlı səsiylə bir-iki ağız ucadan oxuyurdu. Hər gün səhər açılandan əl-ələ verib günlərini mənalandıran cütlüklərlə addımbaşı qarşılaşırsan bu balaca qala-şəhərdə. Qriqor mənzərəyə açılan eyvanı hazırlayanda Luiza orta yaşlı gəliniydi, hələ şaxı sınmamışdı. Yeriyəndə yanları xalatını sağa-sola dartırdı, dösləri sinəsinə sığmırdı, yaxasından qurtulmaq üçün bir himə bənd idilər. Evin yır-yığışından vaxt edən kimi eyvanda süfrə qurardı. Ailə tamıydı onda, -əri, özü və iki yeniyetmə oğulları. Sirli “Alazan vadisi”ni seyr edib, gündəlik qayğıları müzakirə etdikcə, gələcəklə bağlı vadinin özü kimi yaşıl xəyallar qurardılar. Usta Qriqor oğlanlarının toyuna niyyət etdiyi Rkaçiteli üzümünün iki küp ağ turş şərabını bu eyvanın yerə saplanan dəmir ayağının dibində basdırmışdı. Bir ay öncə Luiza Sofiyeyə şərabın yerini nişan verib bərk-bərk tapşırdı:”Levanın yasında özümü itirmişdim, yadıma düşməmişdi. Qonşular sağ olsun, hərə əlində birini gətirdi. Torpağı yüngül olsun, Qriqorun. Uzaqgörən kişiydi. Əsil, ömür-gün yoldaşı idi. Binəva nə niyyətlə bu çaxırı basdırmışdı, sən demə mənim ehsanıma qismətmiş. O biri küpü də Anzorun toyuna saxla. O əyyaş İliyanı da gözdən qoyma, yoxsa çaxırın dibinə çıxacaq”. Tədbirli Luiza dəfn pulunu da vermişdi Sofiyeyə:”Burda üç min laridir, say. Dəfnə xərclənəndən nə qalsa Anzorum qayıdanda evin açarıyla birgə ona verərsən.”
İtlə pişiyin dost olduğu sakit bir gündə göy üzü qəzəblənib ildırım qamçısıyla üzüm sahəsindəki Qriqoru göz qırpımındaca külə döndərdi.
Luizanın gözünün yaşı qurumadı o gündən. Qriqoru sevmədiyini düşünürdü. Əslində əl-ələ verib səhərə qədər şəhərdə civildəşən cütlüklər kimi sevmədiyini yəqin etmişdi özlüyündə. İndi, bu yoxluğu bütün varlığıyla dərk edən zaman ona necə bağlandığının fərqinə varmışdı.
Qriqor sakit təbiətli, təmkinli biriydi. Əlləri “qızıl” idi. Bacarmadığı iş demək olar, yox idi. Arvadını yeniyetməliyindəki kimi sevirdi. Bir çoxları Luizanın xəbərsiz olduğu bu xoşbəxtliyinə həsəd aparırdı. Luiza onu arada mükafatlandırmaq istəyəndə əvvəlcə boynundakı xaçını çıxarıb öpərək kənara qoyar, çılpaqlanıb yatağa girərdi.
Qriqor da işi bilib uşaq kimi sevincək yekə, donqar burnunu onun qoynuna soxar, döşlərini buzov anasını əmən kimi əmərdi. Luiza o ehtiras dolu gecələri xatırlayıb indi havasını buraxmış şar kimi əzik-üzük döşlərindən utandı:”Yaxşı ki, Qriqor məni belə görmədi” deyə təsəlli verdi özünə.
Ərinin qəfil yoxluğundan çəkdiyi azmış kimi, böyüyüb qazanc dalınca Rusiyaya gedən kiçik oğlu Anzor Rostovda “ilişib” on il “iş” aldı, “Belıy Lebed”ə dustaq oldu, böyük oğlu Levan isə həmin Rusiyada içkiyə qurşandı. Luizanın çətin günləri ərinin yoxluğunu hər gün andırırdı. Evinin istifadəsiz qalan iki otağını turistlərə günlük kirayə verməklə dolandı.
Bir neçə ildən sonra Levan serrozla qayıtdı evlərinə,-anası əldən düşmüşdü onda. Gələn kimi anasının tetri-tetri toylarına yığdığı pulları “içib” tükətdi. Rusların “zapoy” dediyi xəstəliyə tutulmuşdu;elə olurdu, günlərlə evin yarımzirzəmisindən çölə çıxmırdı, arada tualetə çıxıb-düşürdü divarlardan tuta-tuta. Xəstə, yarımcan Luiza ayaqlarını sürüyə-sürüyə gecələr enirdi onun yanına ki, nəfəsini yoxlasın, birdən keçinər. Belə gecələrdə Levanın cod saçlarını asta-asta tumarlayıb onların uşaqlığını xatırlayardı. Levanın əla musiqi duyumu vardı, pianoda nə öyrənmişdisə ən uzağı üç günə öyrənmişdi anasından. İndi də hər dəfə özünə və anasına söz verəndi ki, daha içməyəcək, gedib çökərdü bir vaxt gəlin gələrkən anasının cehiz gətirdiyi miskin “Belarus”un üstünə və Şopendən çox sevdiyi “Yağışlı Vals”ı “dənələyərdi”. Xəstəlikdən şişmiş barmaqlarını pianonun dillərində çox ehtiyyatla, sanki qadın bədənində gəzdirərdi. Musiqinin səsini mətbəxdə eşidən Luiza da bir vaxtlar oğlunun sevdiyi qızı, gözəlliyi dillərə düşmüş, şəhərin adlı-sanlı diş həkimi Marqonu (Marqarita) asıb-kəsib vaysınardı:”Özünü bəyənmiş dəli keçi, hamısı səndən oldu. Yoxsa Levan bu günlərə qalmazdı.”
Anzoru düşündü, görən sağlamlığı necədir. Üç ay olar, yazmır. Sonuncu dəfə hər şeyin qaydasında olduğunu, “yeni il” qabağı amnistiyaya düşə biləcəyini yazmışdı. “yo, balam müharibə vaxtı çıxmasın türmədən, yoxsa Sofi dediyi kimi, Allah eləməmiş Ukraynaya göndərərlər birdən”-bərk qorxmuşdu Luiza.
Sofiyenin getməsindən xəbəri olmadı.
Səma tutqun olduğundan Siqnaxiyə toranlıq da həmişəkindən tez düşdü.
Sofiye rəsmləri burub bir-birinin içinə salandan sonra malbertini də qatlayıb qoluna vurdu,- parkdan yığışırdı, bir-iki damcı atmağa da başlamışdı. Evə çatıb əridilmiş donuz yağına bir az üzüm sirkəsiylə sarımsaq da əzib qatdı ki, ürəyi vurmasın içəndə. İliyayla özünə şam yeməyi hazırlayandan sonra məcunu götürüb Luizaya apardı. Yağış artıq başlamışdı.
Luiza gözlərini tavana zilləyib, key baxırdı. Çat-çat olmuş nazik dodaqları aralıydı. Ağır nəfəs alırdı. Pəncərəni döyəcləyən yağış da bir yandan qoca Luiza Lamaşvilini payıza qoşulub getməyə həvəsləndirirdi. İndi Sofiye çox ürəkliydi, qorxmurdu. Beynindən keçirtdi ki, gedib Serafim atanı çağırsın, “psaltir” oxutsun ona. Yadına düşdü kənddəki nənəsinin can verməyi. Uzaq Sibirdəki oğlunun şəkilini sinəsinə qoyan kimi, arvadın əzabları bitmişdi. Sofiye də divardakı ailə şəkilini götürüb arxası üstə onun sinəsinə qoydu. Luiza gözlərini tavandan çəkməyib Sofiyenin əlini axtarıb tapdı, sıxmağa gücü çatmadı. Təşəkkür edirdi Sofiyeyə. Gözündə girdələnib yanağı aşağı sürüşən yaş damcısı Sofiyenin dodağının küncündə paraşüt kimi asılıb qaldı, ta ki, növbəti damcı onu vurub salana kimi. Çoxdan divarda asılan bu fotoya ilk dəfə bu qədər diqqətlə baxırdı. Qıvrım saçlı, durnaboğaz Qriqor dizinin üstündə üç yaşlı Anzoru, yanında əyləşən xanımı Luiza beş yaşlı Levanı tutmuşdu. Dördü də gülümsəyirdi. Bir anlıq elə bildi ki, uşaqlar indi şəkildən sürüşüb döşəmədə qaçışacaqlar. Fotonun ətəyində qırmızıyla “May, 1979” yazılmışdı. Luiza bu fotoya baxıb az ağlamamışdı. Sovet zəhmətkeşlərinin bir may paradında Zaalinin foto-atelyesində çəkdirmişdilər. Qoca Zaali uşaqların diqqətini cəkmək üçün qısa, gombul barmaqlarıyla “quş uçurtmuşdu”.
Yağış “Alazani”nin üstündəki qatı dumanla döyüşdən qalib çıxıb yorulmuşdu. Çöldəki şaqqıltıya Sofiye bərk diksindi, ardınca gənclərin çığırışmaları lap ürpəndirdi. “Alazani” bir anlıq işığa qərq oldu. Fişəngin rəngbərəng işıqlarında şəhər qalasının hasarı vadinin dərinliklərinə sürünən nəhəng ilana bənzədi. “Bəxtəvərlər”- deyə pıçıldadı.