Türkiyənin Hatay şəhərinin Antakya rayonunda 4,3 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. AFAD-ın məlumatına görə, təbiət hadisəsi Bakı vaxtı ilə 21:20-də qeydə alınıb.
Qeyd edək ki, Hatay şəhərinin Antakya rayonu fevralın 6-da baş verən silsilə güclü zəlzələlərin episentrinə çox yaxın olmasa da, təbii fəlakət zonasında ən çox zərər çəkmiş yaşayış məntəqələrindən biri olub.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Mənbə: HaberGlobal