Kanadanın qadınlardan ibarət milli komandası məvaciblə bağlı narazılığa görə tətilə başlayıb.
Bu, ABŞ-da “SheBelieves” turnirinin başlamasına bir həftədən az vaxt və 2023-cü il dünya çempionatına 5 ay qalmış baş verib.
“Bizim kişilərdən ibarət komandamızın dünya çempionatı ərəfəsində malik olduğu resurslar bizdə yoxdur. Bu vəziyyət qadınlara, məşqçilərə, komandanı dəstəkləyən, onun üçün çalışan hər kəsə qarşı son dərəcə haqsızlıqdır”, – deyən forvard Canin Bekki oyunçuların kişilərdən ibarət komanda ilə eyni büdcəni tələb etdiklərini bildirib.
Həmçinin, qadınlardan ibarət komanda bəyanat yayaraq, Kanada Futbol Federasiyasını onları lazımi şəkildə dəstəkləməyə məcbur etmək üçün hər şeyi etməyə hazır olduqlarını bəyan edib.
“Bir ildən artıqdır ki, səbirlə danışıqlar aparırıq. Dünya çempionatı yaxınlaşır və bizdən yüksək səviyyədə yarışmağa hazırlaşmağımızı tələb edirlər. Lakin onlar kişilərdən ibarət komandaya göstərdikləri dəstəyi bizə vermirlər və büdcəni kəsirlər. Futbolçuların çiyninə belə bir yük qoymaq yolverilməzdir. Biz federasiya tərəfindən hörmətsizlik hiss edirik”, – deyə bəyanatda bildirilir.
Kanadanın kişilərdən ibarət komandası da qadınları dəstəkləyib və federasiyanın vəsaitlərin bölüşdürülməsində kifayət qədər şəffaf olmadığını vurğuyıb.
Komandaların açıqlamalarına cavab olaraq Kanada Futbol Federasiyasından qeyd olunub ki, uzun müddətdir qadınlardan ibarət komandanı dəstəkləyirlər, şəraitin yaxşılaşdırılması üçün danışıqlar aparır və bu istiqamətdə fəaliyyətini davam etdirəcəklər.
Mənbə: sports.ru