“Belə günlərdə mehriban qonşuluq özünü büruzə verir. 1999-cu ildə həm Türkiyədə, həm də Yunanıstanda təxminən bir ay fasilə ilə zəlzələ baş verdi. Əvvəlcə Yunanıstan köməyimizə qaçdı, sonra Türkiyə Yunanıstanın köməyinə qaçdı”
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələdən sonra bu gün ölkəyə gələn Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə Hatayda açıqlama verən zaman deyib.
O bildirib ki, həmin vaxt Yunanıstana zəlzələ ilə bağlı məktub göndərmişdi:
“Həmin vaxt “Time” jurnalı bu barədə yaxşı məlumat vermişdi. Mən o zaman siyasətçi deyildim, oxucu məktubu göndərmişdim. Sonralar bu məktubumu dərc etdilər. Bir sözlə, çətin anlarda bir-birimizə kömək etməyimizin vacib olduğunu yazmışdım. Amma qeyd etmişdim ki, münasibətlərimizi yaxşılaşdırmaq üçün başqa bir fəlakət gözləmək lazım deyil. Mən o gün sadə bir Türkiyə vətəndaşı kimi fikirlərimi yazmışdım. Bu gün Türkiyənin xarici işlər naziri kimi eyni düşüncədəyəm. Ümid edirəm ki, fikir ayrılıqlarımızı dialoq yolu ilə həll etmək üçün səy göstərəcəyik. Mən dostum Nikos Dendiasa, Yunanıstan hökumətinə və bütün Yunan xalqına bu çətin zamanda göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm”.