İyirmi ölkədən olan nümayəndələr Avstriya hakimiyyətini sanksiyalar altında olan, lakin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fevralın 23-24-də keçiriləcək iclası üçün Vyanaya gəlməli olan 15 rusiyalı siyasətçiyə viza verdiyinə görə tənqid edib.
Bildirilib ki, rusiyalıların tədbirdə iştirakına qadağa qoyulmalıdır.
Avstriya tərəfindən ölkəyə daxil olmaq üçün viza verilənlər arasında Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy və Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR partiyasının lideri Leonid Slutski də var.
“Rusiya parlamentarilərinin hökumətin tərkib hissəsi olduğunu və hər gün Rusiyanın Ukraynada törətdiyi cinayətlərdə iştirak etdiyini xatırlamaq lazımdır. Onların vicdanlı dialoqu və müharibəyə müqaviməti təşviq edən təşkilatda yeri yoxdur”, – Fransa, Britaniya, Polşa və Ukrayna da daxil olmaqla 20 ölkədən 81 ATƏT nümayəndəsinin məktubunda deyilir.
Qeyd olunur ki, məktubu ABŞ-dan gələn nümayəndələr imzalamayıb. Ölkənin təşkilatdakı səfiri Maykl Karpenter bildirib ki, “Rusiya rəsmiləri Qərb ölkələrinə səyahət hüququna layiq deyillər”, Avstriya tərəfi onlara viza verib-verməməsinə özü qərar verməlidir.
Mənbə: gazeta.ru