Dünya azərbaycanlılarının qəlbi qardaş Türkiyə ilə bir döyünür

Dünya azərbaycanlılarının qəlbi qardaş Türkiyə ilə bir döyünür

Hazırda Türkiyə hakimiyyət orqanları koordinasiyalı şəkildə zəlzələnin fəsadlarını aradan qaldırmağa çalışır

Bu gün bütün dünya dəhşətli zəlzələ ilə bağlı Türkiyə dövlətinə və xalqına dərin hüznlə başsağlığı verir. Lakin Türkiyəyə ilk başsağlığı verən, eyni zamanda yardım edən Azərbaycan dövləti oldu. Həmçinin Azərbaycan xalqı böyük sarsıntı içində türk xalqının kədərinə şərik olub. Bunu fevralın 6-da Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon zəngi edərək dediyi sözlərdən də görmək olur: “Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi”yini bildirən Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır”. Bununla yanaşı, Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub və başsağlığı verib.

Azərbaycan dövlətinin rəhbərliyi və ictimaiyyəti sosial media seqmentində də Türkiyədə baş verən faciəli zəlzələdən böyük acı çəkdiyini qəlb ağrısı ilə paylaşır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”

Bu gün Türkiyəyə yardımlarla bağlı daimi sosial mediada qürurverici və kövlədici məlumatlar paylaşılır. Bu, Azərbaycanın qardaş köməyinin bariz nümunəsidir. Dövlət tərəfindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq davamlı olaraq bütün lazımi yardımlar göndərilir. Belə ki, cənab Prezidentin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. Həmçinin Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu gün Azərbaycan xalqı “Bir millət, iki dövlət” prinsipinə sadiq qaldığını öz əməli ilə nümayiş etdirir. Zəlzələdən zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Ayrıca Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Bütün bunlarla yanaşı, Azərbaycan diasporunun fəalları da Türkiyəyə yardım kampaniyası keçirirlər. Onlar “Acınız acımız, kədəriniz kədərimizdir!” deyərək bəyanat yayır və hər zaman qardaş türk xalqının yanında olduqlarını bildirirlər. Xaricdəki soydaşlarımız bu dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkənin müxtəlif ölkələrdəki səfirik və konsulluqlarını ziyarət edirlər. Ziyarət zamanı diaspor fəalları dəhşətli faciə ilə bağlı Türkiyənin diplomatik nümayəndələrinə və zəlzələ qurbanlarının ailələrinə başsağlığı verir, anım guşəsinə güllər düzür və zəlzələ qurbanlarının xatirəsini ehtiramla yad edirlər. Bir sıra ölkələrdə diaspor təşkilatı sədrlərinin rəhbərliyi ilə operativ qərargahlar yaradılıb. Soydaşlarımız pul vəsaiti toplayaraq Türkiyənin müxtəlif ölkələrdəki səfirliyinin hesabına köçürürlər. Həmçinin  ərzaq, geyim, yataq dəstlərini və gigiyena vasitələrini Türkiyənin diplomatik nümayəndəliklərinə təhvil verirlər. Diaspor təşkilatlarının qardaş Türkiyəyə yardımları ölçüyəgəlməz həddə çatıb. Və bu yardım kampaniyası günü-gündən daha geniş vüsət alaraq davam etməkdədir. Bu gün dünya azərbaycanlılarının qəlbi qardaş türk xalqı ilə bir döyünür. Soydaşlarımız bu kədərli anları Türkiyə xalqı ilə bölüşür, mənən dərin hüzn içində olan ailələrlə birlikdədir. Bununla Azərbaycanın sadə insanları öz bacı və qardaşlarının, ailə üzvlərini, ev-eşiklərini itirənlərin və xəsarət alanların yanında olduqlarını göstərirlər.

Hazırda Türkiyə hakimiyyət orqanları koordinasiyalı şəkildə zəlzələnin fəsadlarını aradan qaldırmağa çalışır. Bütün qurumlar səfərbər olaraq məqsədyönlü və intensiv fəaliyyət göstərir. Dövlət insanların xilas olunması üçün əlindən gələni edir. Bu gün Türkiyə dövləti öz vətəndaşının yanındadır. İnanırıq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dövləti və xalqı bu dağıdıcı təbii fəlakətin fəsadlarını tezliklə aradan qaldıracaq.

Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Share: