ŞEİRİN XATİRƏ XATİRƏSİ

ŞEİRİN XATİRƏ XATİRƏSİ

Şeir var nəşədi, şeir var ağrı! İnsanı dərd ələyirsə, ağrı yoğrulur. Sevinc içində yaşayanların da ağrısı var. Ağrı qaçılmazdır. Özünü özün kimi ifadə edəndə ürkək baxışlara tuş gəlirsən. Xatirə Fərəclinin son şeirlərindən biri içində gizlədiyi xatirələri, yaşamlarını canlandırır:

Hamını,
hər kəsi nəzərə alırıq
bircə könlümüzdən savayı.
Elə deyən,
belə deyən,
məni belə görmək istəyən…
Nə olar ki,
heç bir qınaq,
heç bir qoruq saymadan
içindəki özünlə qol-boyun olub
qopasan dünyadan.
Öz dünyasını özü quran dəlilər kimi.
Dərdini dərd bilənə, ağrı çəkənə desən, təsəlli alarsan. Hanı o təsəlli? Kimsənin kədərindən kimsənin xəbəri yoxdursa, agah eləməyin də özünçündür. İstər bacı olsun, istərsə qardaş, hər kəsin başı öz dərdinə mübtəladı. Hər dərd faciə deyil, faciə bu dərdi hər kəsin öz içində, kimsədən xəbərsiz çəkməsidir:
Kimisinin dərya qədər sevinci,
Kimisinin kədəri var, ay bacım.
Üzə düşüb hamı gülür, danışır,
Kimin kimdən xəbəri var, ay bacım?!
Yazan yazıb, bəxt önündə biz naçar,
Ahından fələyin küməsi uçar,
Bağlayan bağlayıb, bir gün də açar,
Ömrün qərib qədəri var, ay bacım.
Dünya yoldur, hesabı yox keçənin,
Cavabı yox nə üçünün, necənin,
Unutma ki, hər qaranlıq gecənin
Bir işıqlı səhəri var, ay bacım.
Gəlib çıxdıq “Ağrı”nın üstünə! O ağrı ki, ona toxunmaq günahdır. Bəlkə də günah deyil, toxunması məsləhət olmayan ağrıdır. Bu ağrı yandırmır, dondurur. Dinləsən, buza dönərsən, üşüyərsən:
Toxunma, ruhumun ağrıyan yeri
Soldurar dünyanın rəngini, sökər.
İtirər fəhmini, qarışar aləm,
Cahana bir ağrı zülməti çökər.
Diri udar nə var o ölü zülmət
Udar, nə mərhəmət, nə insaf qanar.
Ağrılar görünməz kimsəyə üzdən
İnsan korun-korun içindən yanar.
İçdəki tüstüdən qurum bağlar can
Ha gizlət, gözləri satar adamı.
Toxunsan donarsan yandığım yerdən
Mən soyuq adamam, mən qar adamı.
Xatirə Fərəcli şeirinin acı xatirəsi ürək dağlayır, şirini özü kimi, əməli, sözü kimi işıq saçır, aləmi nurlandırır. Şeir dünyası bir dənizdir, baş vurmasan, dərinliyinə getməsən, dadını duymazsan, sirrini bilməzsən.
Onun haqqında bir dəfə yazmışam, heyrətlə yazmışam. Bu yazı 2015-ci ildə işıq üzü görən “Viləş çayı boyunca” adlı kitabın 148-150-ci səhifələrində çap olunub. O zaman mən Xatirəni şəxsən tanımırdım, görməmişdim, çox-çox sonralar Yazıçılar Birliyində təsadüfən tanış oldum. Bir çıxışını dinlədim və zənginliyinə vuruldum.
Xatirəni şəxsən tanımadan. yaradıcılığına ehtiram bəsləyən bir oxucu kimi yazdığım həmin məqalə budur:
—-
…Gənc yaşlarından Sumqayıtda yaşayan və AYB-nin Sumqayıt şəhər bölməsində işləyən Xatirə Fərəcli Yardımlının Alçabulaq kəndində anadan olub. Xatirə xanım da soyuq qış günündə, 1966-ci il fevralın 12-də dünyaya göz açıb. Qadınlardan ibarət “Zərif” ədəbi məclisinin sədridir. Xatirə xanımın şeirləri çağdaş ədəbi strukturlardan yararlansa da, klassik kalamburlar üzərində qurulmuşdur. Poetik üslub kimi təzadlara üstünlük verən Xatirə xanımın şeirləri oxunaqlı və yaddaqalandır:
Gedir
payız ilə dərdləşə-dərdləşə
ömrünü payızlara
paylaşan qoca.
Bu dünyanın
günəşində isinib,
yağışında islanıb,
sevinc görüb,
qəm yeyib doyunca.
Qüruba doğru gedən bu qocanın keçdiyi yol, əslində, həyat yoludur. Ömrün payızı təbiətin payız fəsli ilə müqayisə edilir. Xatirə xanımın təsvir etdiyi bahar fəsli isə sanki öz təravətini misralara gətirir. Günəşin eyni açılıb, elçi daşı üstə oturub. Eşqə düşən gənc kimi bulaqların gözləri yanır. Təbiət qonaq gözləyən ev sahibi kimi tədarükdə, var-gəldədir. Başqa bir şeirində isə ağ rəngin çalarları göz qamaşdırır. Rənglər haqqında Rəsul Rzanın yazdıqları bu mövzuya bir poetik möhür vursa da, Xatirənin şeirində orijinal tapıntılar üstünlük təşkil edir. Nəyisə xırdalamıram, sitatlarımla şeiri təpərdən salmıram. Təhlilsiz-filansız bütün şeiri oxucuya təqdim edirəm və müəllifin bu gözəl poetik yaşantıları ilə məni heyrətləndirdiyini gizlətmirəm. Şeirdə böyük hərflə başlayan misra yoxdur və yalnız sonda bir durğu işarəsi qoyulub. Bu da təbii ki, nöqtədir. Mən şeirin strukturual üslubuna toxunmuram:
düşüb ağ yollara
gedirik
ağ diləklərə
ağ çıraq yandırmağa
ağ daşlar
ayağımızı döyə-döyə
ovcumuzda ürəyimiz
ürəyimizi yeyə-yeyə
saya-saya gedirik
qara, ağ
məni alır cərgədən
gələndə AĞ QONAQ
ağ nəğmə yağır göylərdən
hər yer olur ağappaq
yaxınlaşır yer göyə
atlanıb ürəyim gedir
yer ilə göyün
birləşdiyi yerə
yüngülləşir
ağ göyərçin kimi
öləziyir bütün “rənglər”
bütün ağrılar
itirir rəngini.
Rənglə bağlı bəzi əlamətlər mifik keyfiyyətlərlə yüklənib. Ağın çalarları içərisində folklordan gələn obrazlar çoxluq təşkil edir. “Ağ yol”, “ağ dilək”, “ağ çıraq”, “ağ daş”, “ağ nəğmə”, “ağ göyərçin” kimi obrazlar dilin folklor qatından qidalanır və hər biri özündə fərqli semantik xüsusiyyət daşıyır. Bəlkə də buna görə Xatirə xanım ağ rəngin çalarları haqqında daha bir şeir yazmışdır:
Ay ağ çiçək, ağ çiçək,
allar düşüb gözümdən.
İçimdə bir qallıq var,
gəl, al məni özümdən.
Ürəyim ağ kəlağay,
yer tapammıram sərim.
Belə ürəklə bəlkə
çiçək olub əzəlim.
Götür hara istəsən,
apar məni, at məni.
O Bəy bəyazlığına
bələ məni, qat məni.
Gedim bir ağ yuxuya,
gedim ağ mələk kimi.
Qayıdıb bu dünyaya
gəlim ağ çiçək kimi.
Xatirənin şeirlərində Dədə Qorqud ruhu yaşayır: “Əsim-əsim əsən qəlbim, Nə titrərsən, nə əsərsən?” Bəzi şeirlərində isə folklordan gələn ifadə tərzi, üslub üstünlük təşkil edir:
Bu dərd ki var, keçən deyil,
Çalış yola ver də, ağla.
Bir ağladın kar olmadı
Çək sinənə bir də ağla.
Fikrini ifadə edə bildiyi bütün şeir formalarına müraciət edən Xatirə Fərəcli yaradıcılığı təhlil olunmağa, araşdırılmağa layiqdir. Onun şeirlərində təkcə qadın düşəncələri yer almır, digər qadın yazarlarından fərqli olaraq, qadınların düşdükləri vəziyyətə görə əks cinsi qınamır, əksinə, bunun səbəbini cəmiyyətdə, patriarxal adət-ənənlərin əsiri olan insanlarda axtarır.
Qəlbinin qəmi gözündən oxunan Xatirə Fərəcli payıza sığına-sığına qışı gözləyir. Onun poetik yaşantıları “Bu nədi?” şeirində daha güclü şəkildə ifadə olunub:
Sən niyə baxırsan yollara, niyə
Kimi gözləyirsən, gözüm, bu nədi?
Ürəyim, köksümü dağıtma, toxta
Yoxsa tükənibdi dözüm, bu nədi?
Nədir bu intizar, bu qüssə, ələm?
Könlümü uçurur boğulan naləm
Çökübdü çöhrəmə qəlbimdəki qəm
Solub yanaqlarım, üzüm, bu nədi?
Köçüm uzaqlarda … ömür də yarı,
Yağır, çalın-çarpaz taleyin qarı.
Yeriyir üstümə qəm karvanları,
Bəs hanı təpərin, dizim, bu nədi?
(Viləş çayı boyunca (Yardımlının folklor dünyası). Bakı, 2015, s. 148-150)
Bilal Alarlı
filologiya üzrə fəlsəfə doktoru.
Share: