AzTV-nin yaranmasından 67 il keçir

AzTV-nin yaranmasından 67 il keçir

Bu gün Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 67 il ötür. 

Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn, 1 adlanacaq ünvanda seçilib. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb.

İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. Çıxışına “Göstərir Bakı!” kəlməsi ilə başlayan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb.

İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış olmayıb. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərib. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alıblar. Seçim isə zəngin olmayıb: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilib, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyub.

1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə 5 dəfə çıxmağa başlayıb və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırılıb.

1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artıb.

1970-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-cı ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçib.

1956-cı ildə Bakı Televiziya Studiyası və Radioinformasiya İdarəsi ayrılıqda fəaliyyət göstərib.

1957-ci ilin oktyabrında Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya idarəsi ilə birləşdirilib və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırılıb.

1970-ci ildə isə bu qurum Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb.

1991-ci ildə komitə şirkətə çevrilib.

2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.

Son illər AzTV-də aparılan ciddi islahatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar hazırlanıb, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edilib, efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilib, bir sıra yeni studiyalar yaradılıb. Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, maraqlı sənədli və bədii filmlər nümayiş etdirilir.

Oxu.Az kollektivi AzTV-də işləyən həmkarlarını təbrik edir, yeni uğurlar arzulayır!

Share: