Qış fasiləsindən sonra Avropanın yaşıl meydanlarına avrokubok həyəcanı qayıdır. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”da növbəti oyununa çıxacaq.
Qurban Qurbanovun komandası növbəti tarixi yazmaq üçün Belçikanın “Gent” klubu ilə üz-üzə gələcək. Konfrans Liqasının 1/16 final mərhələsində keçiriləcək matç Azərbaycan azarkeşləri üçün böyük əhəmiyyət daşıyır.
Ağdamlılar ölkə futbolunun tarixinə düşə bilər. Bunun üçün isə Qurban Qurbanovun yetirmələri “Gent” səddini keçərək 1/8 finala adlamalıdır.
Əslində, UEFA Avropa Liqasında qitənin böyük liqalarının təmsilçiləri ilə göstərdiyi oyun “köhlən atlar”ın Konfrans Liqasında daha irəli gedə biləcəyi görüntüsü yaradırdı. Elə azarkeşlər də artıq “Qarabağ” üçün KL-də yarımfinal xəyalları qururdular.
Bu, dəyişməz olaraq qalır. Düzdür, Kadi Borxesin, Kvabena Ovusunun gedişi, Şahruddin Məhəmmədəliyevin zədələnməsi müəyyən qədər Qurban Qurbanovu çətinə sala bilər. Çünki ağdamlılar yeni çərçivə qoruycusunu heyətə qata bilmədi. Üstəlik, Kadi və Ovusunun boşluğunu doldurmaq üçün edilən transferlər heç də ideal formada deyil. Lakin istər Adama Diakabi, istərsə də Yassin Benzia kifayət qədər böyük potensiala malik futbolçulardır. Tək problem yaradan isə onların oyun təcrübəsidir.
Bütün bunlara baxmayaraq “köhlən atlar” “Gent” səddini keçmək üçün böyük şansa malikdir. Belçikalılar nə “Nant”, nə “Frayburq”, nə də “Olimpiakos” deyil. Onlarla müqayisədə daha aşağı səviyyəli komanda saymaq olar.
“Qarabağ”ın qələbəsində isə əsas amili azarkeş oynayacaq. Daim Ağdam klubunun 12-ci oyunçusu olan fanatlar bu dəfə matça daha böyük maraq göstərməlidirlər. Çünki Azərbaycan futbolu üçün növbəti tarix yazıla bilər.
Digər tərəfdən nəzərə alsaq ki, Türkiyədə baş verən zəlzələ UEFA-nın da diqqətindədir. Qurum matçlardan öncə bir dəqiqəlik sükut da elan edib. Azərbaycanlı azarkeşlər isə buna daha diqqətli yanaşa bilərlər.
Fanatlar hər matçın 44-cü dəqiqəsində 44 günlük Vətən müharibəsinin şəhidlərini anmaq üçün şüarlar səsləndirir. Bu dəfə isə zəlzələ qurbanları üçün bunu edə bilərlər.
Qarşılaşmanın 4,17-ci dəqiqəsində Türkiyədəki zəlzələ qurbanları üçün sükut elan edə bilərlər. Bu daha diqqətçəkici olar. Onu da xatırladaq ki, Türkiyədə zəlzələ fevralın 6-sı saat 4:17-də baş vermişdi.
Həmçinin Türkiyəyə dəstək məqsədilə fanatların stadionu qardaş ölkənin bayraqları ilə bəzəyəcəyi şübhə doğurmur. Bu da zəlzələdən əziyyət çəkən Türkiyə üçün böyük dəstək olar.
Qarşılaşma üçün artıq 24 min bilet satılıb. 7 min bilet isə sahibini gözləyir. Qurban Qurbanov hər zaman doğma meydanda qələbə qazandıqda azarkeşlərin qalibiyyətdəki rolunu xüsusi vurğulayır. Bu dəfə də eyni cür olacağına ümid edirik.