Zəlzələnin 3-cü günü axtarış-xilasetmə qrupları tərəfindən dağıntılar altından çıxarılarkən ağzında siqaretlə görüntülənən və xəstəxanaya getmək istəməyən Soner Tuğtekin dəhşətli günün təfərrüatı ilə bağlı danışıb.
“Qafqazinfo” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təqaüdçü olan Soner Tuğtekin, Adıyaman Merkez Ali Taşı Məhəlləsindəki Umut Mənzilinin birinci mərtəbəsində həyat yoldaşı Xədicə və oğlu Dənizlə yaşayırmış. Qızları Bade Dənizli Universiteti Tekstil Mühəndisliyi fakültəsinin 2-ci kurs tələbəsi idi.
Zəlzələ zamanı zalda olan Soner Tuğtekin həyat yoldaşını və uşaqlarını çıxarmağa çalışdığını bildirib: “Bina bir anda üzərimizə çökdü. Sütun qızımın üstünə düşdü. Xanımı çəkmək istədim, qolu çarpayının altlığına yapışdı. Oğlum oturacağımın altında idi, ancaq onu çəkə bildim”.
Tuğtekin zəlzələ zamanı yanında yalnız siqaret və 1,5 litr su olduğunu diqqətə çatdırıb: “Çox siqaret çəkdiyim üçün alışqanımın qazı bitdi. Siqareti yandıra bilmədim. Sonra alışqanı söküb naqillərini bir-birinə vuraraq, bu problemimi həll etdim. 3 gün su və siqaretlə sağ qalmağa çalışdım. Yardım üçün qışqırırdıq. Cavab gələndə bir-birinin ardınca siqaretləri yandırmağa başladım. Ona görə də çıxarılanda əlimdə siqaret var idi. Çölə çıxdım. Xədicəmdən ayrılmamaq üçün xəstəxanaya getmək istəmirdim. Yoldaşımın cansız bədəni çıxarılana qədər səkidə yatdım”.