Türkiyədə çox sayda insanın ölümünə səbəb olan zəlzələ ölkənin 10 vilayətindən üçünə daha çox təsir göstərib ki, onlardan biri də Adıyaman şəhəridir.
“Report”un Adıyamana ezam olunmuş əməkdaşı zəlzələnin şəhərin ən mərkəzi küçələrini xarabalıqlara çevirdiyinin şahidi olub.
Həyatı alt-üst olan insanların gözündə bir xof var.
Zəlzələyə valiliyin binası daxil olmaqla tikintilərin çox az bir qismi tab gətirib. İçərisində bizim bir axşamlıq qaldığımız Adana Universitetinin yataqxanası da daxil olmaqla əksər binalar zərər görüb.
Sanki keyfiyyətsiz binalar şəhərin mərkəzi küçələrinə cəmlənib. Şəhərdə bütün infrastruktur çöküb: işıq, qaz, su fasilələrlə verilir, bəzi yerlərdə isə heç yoxdur. Şəhəri acı tüstü qoxusu bürüyüb. Çünki qəzalı evlərin hamısı yaşamağa yararlı olmadığı üçün küçələrdə gecələyən insanlar, əsasən də kişilər ailəsini nisbətən təhlükəsiz yerdə yerləşdirib şəhərdə ocaq qalayaraq alovunda isinirlər. Ailəsini heç bir yerə göndərmək imkanı olmayanlar isə quraşdırılan çadırlara sığınıblar.
Adıyamanlılar bu qışın sərt üzünü zəlzələdən sonra daha çox hiss etdiklərini bildirirlər. Çadırlada qızınmaq üçün verilən qaz sobasını yandırmaqdan da ehtiyat etdiklərinə görə çoxusu soyuqda gecələməli olur. Çadırların tualet və su problemi olduğu üçün antisanitariyadan və yoluxucu xəstəlik bəlasından narahatlıq keçirənlər də az deyil.
Ailəsinin Ankarada yaşadığını bildirən Ferhat Taş adlı şəxs zəlzələnin Adıyamanda 100-ə yaxın qohumunun həyatına son qoymasına özünü inandırmağa çalışdığını deyir.
Aralarında ağır itkilərin dəhşətinə üsyan edənlər olsa da, ümumilikdə adıyamanlılar həddən artıq istiqanlıdırlar. Bu qədər dərdin-bəlanın içində qonaqpərvərliklərini, qayğıkeşliklərini itirməyiblər. Başda azərbaycanlılar olmaqla onlara edilən dəstəklərə təşəkkür edirlər. Adıyamanlılar – “bu ağır günlərimizdə maddi və mənəvi dəstəkləri, axtarış-xilasetmə qrupları, humanitar yardımları ilə bizim yanımızda olan can, qan, din qardaşlarımız azərbaycanlılara təşəkkürümüzü bildiririk”, – deyə ayrıca minnətdarlıq edirlər. Təkcə yerli əhali deyil, zəlzələ fəlakətindən sonra Adıyamana təhkim edilən ticarət naziri Mehmet Muş da Azərbaycana xüsusi təşəkkürünü bildirib və salam göndərib.
Adıyamanda Ağdamdan, Xaçmazdan və Azərbaycanın qeyri-hökumət təşkilatlarından gələn yardımın TIR-lardan boşaldılması üçün növbədə gözlədildiyinin şahid olduq.
Yeri gəlmişkən, Adıyamanda qurulan Azərbaycan Koordinasiya Mərkəzindən sonra artıq şəhərə gətirilən yardımların tələbata uyğun paylanması nizamlanıb. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat belə bir mərkəzin zəlzələnin ən ağır təsir etdiyi Kahramanmaraş və Hatayda da qurulmasının məqsədəuyğun olduğunu bildirib.
Koordinasiya Mərkəzinin Adıyaman Gənclik Mərkəzinin ərazisində qurulmasından məmnuniyyətini ifadə edən Mahmut Yıldırım bildirib ki, belə bir mərkəzin fəaliyyəti gələn yardımların çeşidlənməsinə, israf olunmadan istifadəsinə imkan verir.
Zəlzələnin sarsıntısından maddi olaraq hər şeylərini itirən bu insanlar mənəvi olaraq Tükiyənin qüdrətinə və Azərbaycana inamlarını itirməyiblər.
Mahmut Yıldırım söyləyib ki, Adıyamanda dağıntıya məruz qalan evlərin sayı 2 mindən çoxdur:
“Şəhərimizin yenidən salınması bəlkə də uzun zaman alacaq, bəlkə də şəhər təməli möhkəm bir yerdə salınacaq. Hazırda Adıyamanda heç bir ictimai iaşə müəssisəsi çalışmır. Türkiyəyə həm ölkə daxilindən, həm başqa ölkələrdən bu qədər dəstək gəlməsi bizə təsəllidir. Amma ilk andan etibarən Azərbaycanın maddi-mənəvi olaraq dəstəyi bizi ürəkləndirdi. Göndərdikləri humanitar yardımların koordinasiya olunması dəstəyi də ürəyimizdən xəbər verdi. Qandaş, soydaş, dindaş azərbaycanlı qardaşlarımızla birlik-bərabərlik içində bu çətin günlərin arxada qalacağına inanırıq”.