“Gent”in kapitanı: “Qarabağ” ildırım sürəti ilə hücuma keçirdi”

“Biz topu itirdikdən sonra rəqib ildırım sürəti ilə hücuma keçirdi”.

“Report”un məlumatına görə, bunu Belçikanın “Gent” komandasının kapitanı Sven Kums Bakıda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.

35 yaşlı futbolçu bildirib ki, “köhlən atlar”ın təhlükəli hücumları çox olsa da, həlledici məqamlarda yaxşı çıxış ediblər:

“Vəziyyəti düzəldə bilərik. Azarkeşlərimizin də dəstəyi ilə mərhələni keçmək şansımız var”.

Oyuna yaxşı başladıqlarını deyən belçikalı yarımmüdafiəçi fasiləyədək “Qarabağ”ı nəzarət altında saxladıqlarını vurğulayıb:

“Üstəlik, yaxşı şanslarımız oldu, təəssüf ki, qola çevirə bilmədik. Fasilədən sonra isə oyun xeyli dəyişdi. Rəqib bizi geri çəkilməyə məcbur etdi. Hücumları çətinliklə dəf etdik. Özümüz isə çərçivəyə düşə bilmədik”.

Təcrübəli oyunçu Ramil Şeydayevin yararlana bilmədiyi penalti epizoduna da toxunub:

“Hakim mənə dedi ki, bu, həqiqətən də dəstək qoludur, amma bədəndən xeyli aralanıb. Referi birinci hissədə penaltimizi vermədi. Halbuki Bruno Qodoya qarşı aşkar qayda pozuntusu var idi. Rəqibin yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsi zamanı isə qapıçımız Deyvi Rof əla çıxış etdi”.

Kums “Qarabağ”ın güclü kollektiv olduğunu etiraf edib:

“Lakin fasilədən əvvəl göstərdik ki, bu rəqiblə oynamaq olar. Onları həqiqətən də məğlub edə bilərik. Şansımızın davam etdiyini düşünürəm”.

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 23-də Gentdə keçiriləcək.

Share: