Komedixananın erotik, eleqant, fırıldaqçı qadın obrazı

Kulis.az Sevda Sultanovanın “”Komedixana” və onun uğurları” adlı yazısını təqdim edir.

Bir neçə ildir, “Xəzər” televiziyasının efirində yayımlanan, geniş tamaşaçı kütləsi toplayan “Komedixana” verilişi haqda ara-sıra mediada tənqidi materiallar yazılır. Tənqidi arqumentlər əsasən ondan ibarətidir ki, “Komedixana” zövqsüzdür, bayağıdır, ciddi sənət meyarlarına cavab vermir, yumorun səviyyəsi və keyfiyyəti aşağıdır və s. Mənsə sualı belə qoymaq istəyirəm: böyük auditoriyaya xitab eləyən bir televiziya şousundan yüksək planka, orijinal yanaşma tələb etmək doğrudurmu? Suala irəlidə cavab verməyə çalışacam.

“Komedixana”nın əsas ssenari müəllifi və eyni zamanda şounun mərkəzi personajlarından biri Ənvər Abbasovdur. Ssenari üzrə peşəkar təhsili olmasa da, bu sahədə böyük təcrübəyə malik Ənvər Abbasov “Bacanaqlar”, “Qız atası” seriallarının ssenaristlərindən biridir. O, həmçinin, kommersiya kinosu istiqamətində çəkilən “Ay brilliant”, “Xoxan”, “Axırıncı yol”, “My name is İntiqam” və digər bədii filmlərin ssenari qrupunda işləyib. Ənvər Abbasovun ssenarist qismində çalışdığı bədii filmlərin çoxunun süjetində, dramaturgiyasında, dialoqlarda ciddi qüsurlar var. Misalçün, “Stalinin başı” komediyasının (rejissor Emil Abdullayev) məzmun və bədii baxımdan keyfiyyəti aşağıdır. Təklif olunan vəziyyətlərdə dramaturji tələb olmadan personajların alt paltarlarına aksentlər edilməsi qətiyyən gülməli görünmür. Müasir dövr komediyaların ümumi mənfi cəhəti, vəziyyətə uyğun oldu-olmadı, fizioloji, qurşaqdan aşağı yumordan istifadə, cinsi oriyentasiyanın vurğulanmasıdır. Eyni problem “Ay brilliant” (rejissor Kənan MM) ekran işində də müşahidə olunur. Burada da bədii məna tutumu olmayan yumor boldur: intim münasibətləri eyhamlaşdıran, fizioloji proseslərdən bəhs edən ifadələr üzərində qurulmuş epizodlar və onların vizuallaşdırılması (kameranın niyəsə diskotekada rəqs edən qadınların arxasına fokuslanması, personajın qaz buraxması, qadın alt paltarının burada da görünməsi) və s.

“Komediaxana” haqqında isə eyni sözləri demək çətindir və bu veriliş haqda deyilən tənqidlərlə razılaşa bilmirəm. Çünki “Komedixana”da təqdim edilən yumor, situasiyalar, onların ekran həlli maraqlıdır, hekayələr dramaturji əsaslandırılır, koloritli və funksionaldır.

Yəqin ki, Ənvər Abbasovun ssenarist kimi bədii filmlərdə elə də uğurlu ola bilməməsi onun tək yox, bir neçə nəfərdən ibarət ssenari qrupunda çalışmasıdır. Yəni kollektiv əməyin bəhrəsi olan komediya filmi ssenarilərinin yazılması zamanı onun fikirləri dominant olmaya bilər, üstəlik, bu layihələrdə mütləq şəkildə prodüserin, sponsorun arzu və istəkləri nəzərə alınır.

“Komedixana”da ssenarist kimi əsas öhdəlik, dediyim kimi, Ənvər Abbasovun üzərinə düşür. Səhnəciklərdə gündəmə uyğun aktual məsələlər, sosial şəbəkələrdəki trendlər, fenomenlər, məişət problemləri, ailədaxili münasibətlər işıqlandırılır. Müəlliflər cəmiyyəti müxtəlif aspektlərdən, problemləri öz rakurslarından yumorun diliylə göstərməyə çalışırlar. Sıravi tamaşaçı layihədə həyat materialının keyfiyyətli traktovkasını gördüyündən verilişin izləyici sayı çox və stabildir.

Zövqlə izlədiyim səhnələrdən biri Tik-Tok aludəçisi olan ailənin hekayəsidir. Reallıq bundan ibarətdir ki, Tik-Tok müasir insanı psixoz həddinə çatdırıb, özünü daim mərkəzdə görmək istəyi onun şəxsiyyətini deqradasiyaya apararaq, insanlıqdan çıxararaq kütlə üçün əyləncə obyektinə çevirib. “Komedixana” bu mənada Tik-Tok kontentlərinin mənəviyyata toksik təsirindən danışır.

Yaxud ölkəmizdə geniş yayılan tendensiyalardan biri hər xırda problem üzündən adamların psixoloqa baş çəkməsidir. Mövzunun “Komedixana”da bədii həlli ənənəvi deyil. Süjetə əsasən, müxtəlif problemli cütlüklər psixoloqun köməyindən yararlanmaq məqsədilə qəbula yazılırlar. Psixoloq qadının (Xəyalə Quliyeva) obrazı erotik, eleqant, eyni zamanda tamahkar və fırıldaqçı intonasiyada işlənir. Xəyalə Quliyeva çox istedadlı aktrisadır və obrazında ziddiyyətlərin orqanik şəkildə həllinə nail ola bilir. Onun qəbuluna gələn kişiləri tovlamaq manerası, ümumiyyətlə, obrazın konsepsiyası müəyyən mənada italyan rejissoru Marko Ferrerinin istehlakçı cəmiyyətə, hedonizmə etiraz kimi çəkilən “Böyük tıxama” dramındakı ədəbiyyat müəlliməsini xatırladır. Süjetə əsasən, villaya yığışan nüfuzlu adamlar ölənədək yeyib-içir, orgiya düzəldir və dəbdəbəli villa tədricən böyük bir ayaqyoluna bənzəməyə başlayır. Acgöz burjualar dəstəsinə uşaqlara fransız şairi Nikola Bualonun poeziyasını anladan, gözləri isə hərislikdən parıldayan ədəbiyyat müəlliməsi də qoşulur. Xəyalə Quliyevanın təqdimatındakı personaj həm faktura, həm də mahiyyətcə həmin ədəbiyyat müəlliməsinin başqa versiyasıdır.

Müxtəlif telekanalların efirində yayımlanan informasiya proqramlarının peşəkarlıq mənasında problemlərindən biri “xəbər” sözünün mahiyyətinə uyğun düzgün material hazırlamamalarıdır. Dəfələrlə olub ki, informasiya proqramları əhəmiyyətsiz, xəbər dəyəri olmayan məsələləri efirdə hadisə kimi tamaşaçıya sırımağa çalışıblar. Hansısa rayonda beş buynuzlu çəpişin doğulması qeyri-adi hadisə və ya təbiətin möcüzəsi yox, sadəcə, atavizm kimi qəbul edilməlidir. Xəbər proqramlarına parodiya edən “Komedixana” bu problemlərə də toxunur. Qoyun sürüsünə canavarın hücumu və çobanların onlarla mübarizəsinin xəbər yükü olmayan detallarını qabardan müəlliflər hadisəni farsa – absurda çevirirlər.

Yaxud ara-sıra xəbər proqramlarında vətəndaşın ibtidai ixtirasını anladan süjetlər mühüm hadisə kimi təqdim olunur. Çağdaş elmin Stiv Cobsun, İlon Maskın, Con Neşin diliylə danışdığı dövrdə, xəbər proqramlarımızın primitiv ixtiraları hadisə kimi təqdimatına “Komedixana” ironik münasibət yozumlayır. 70 yaşlı qocanın guya xərçəngdən elektrik enerjisi alan cihaz ixtirası və əslində onun yarasızlığını göstərən süjet bu qəbildəndir.

“Komedixana”nın digər səciyyəsi improvizasiyadır. Sketçlər (sketçlər vahid süjet xəttinə malik deyil. Hər bir səhnə fərqli hadisələrdən və fərqli personajlardan ibarətdir. Dünya televiziyalarında “Komedixana” tipli verilişlər çox yayılıb) birbaşa səhnədə tamaşaçıların qarşısında oynanılır. Bəzən hansısa məqam unudulanda və ya gözlənilməz nəsə baş verəndə aktyorlar çevik reaksiya ilə səhvlərini səhnədə düzəldirlər. Bu zaman onlar roldan müvəqqəti çıxır, vəziyyətə şərh verir və eyni zamanda tamaşaçıyla ünsiyyət qururlar. Örnəyi: səhnələrdən birində Ənvər Abbasovun oynadığı personajın bığı qopanda qrimçi səhnəyə dəvət olunaraq onu yeniləyir. Yaxud yenə eyni səhnədə Fərda Aminin obrazı bir detalı yerinə yetirməyi unudur və bu səhnə yenidən oynanılır. Belə bir postmodern səciyyə dünyada çoxdan istifadə edilir. Məsələn, Britaniyanın “Monti Paytonun uçan sirki” sketç serialında epizodlar personajlar oynamaqdan yorulanda, yaxud guya ssenaridə replikaları qurtaranda bitir.

Yeri gəlmişkən, milli seriallarda postmodern yanaşmadan ilk dəfə Səyavuş Hüseynli “Miras” serialında (2016) istifadə eləmişdi: serialın istehsalçısı olan şirkətlə əməkdaşlıq edən restoranlar şəbəkəsinin işçiləri süjetə daxil olaraq, masaya yemək düzürdülər.

Aktyor oyunlarına gəlincə, xüsusən, Xəyalə Quliyeva, Zarina Qurbanova, Cavidan Novruz, İlkin Miskərli, Müşfiq Şahverdiyev ifa etdikləri hər obraza individual cizgilər əlavə edirlər. Digər aktyor oyunlarında bir qədər özgələşmək, dəyişmək problemi var, yəni müxtəlif xarakterlər bəzən eyni biçimdə, eyni fiziki-psixoloji intonasiya və ləhcə ilə oynanılır. Və ümumiyyətlə, komik situasiyanın əsasında bölgələrin ləhcələri ilə danışmaq dayanmamalıdır. Yəni tamaşaçını ləhcə ilə yox, məzmun, traktovka, xarakterin dilini tapmaq və uyğun aktyor oyunu ilə güldürmək lazımdır. Dediyim klişe yalnız “Komedixana”ya aid deyil, ümumən komediya janrında olan film və seriallarda, tamaşalarda yayılmış tendensiyadır. Başqa bir klişe də var. Misalçün, otel səhnəsində nömrədən otelə məxsus əşyaları daşıyan müştəri obrazları nisbətən aşağı sosial status və aşağı mədəni səviyyədə təqdim edilir. Halbuki bu tip insanlar arasında intellektualları, imkanlıları da yox deyil.

Səhnəciklərdə bəzən final epziodunda yarımçıqlıq nəzərə çarpır ki, bu, bir tərəfdən başadüşüləndir. Çünki hər həftə ssenari yazmaq zehni güc, potensial, çeviklik tələb edir.

Yazımın əvvəlində qeyd etdiyim suala qayıdıram. Geniş tamaşaçı kütləsinə hesablanmış “Komedixana” fərdin ekzistensial böhranından, daxili konflikt və tərəddüdlərindən danışmamalıdır, onun mütləq şəkildə hansısa dramaturji, vizual fəndlərdən istifadə kimi öhdəliyi yoxdur. Bu, bir televiziya layihəsidir və “Komedixana” öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirir: zahiri gerçəkliyi öz yozumunda əks etdirir, aktual məsələlərdən istedadla danışır, maraqlı süjetlər qurur, universal və zövqlüdür, aktyor oyunları təbiidir.

Məgər Türkiyə televiziyalarında yayımlanan “Güldür güldür şou” yüksək sənətdir? Əlbəttə ki, yox.

Qısası, “Komedixana” uğurlu layihədir (rejissor Əziz Şahbazov, operator Cavanşir Ağayev, bəstəkar Fərid Kərimlidir), kollektivin ortaya qoyduğu məhsul tərifəlayiqdir.

Aktrisa olmaq üçün ərindən ayrıldı, məscidlərdə mərsiyə dedi, teatrda işləməyini qardaşından gizlətdi – Xalq artisti haqqında maraqlı faktlar

Share: