Münasibətlərin normallaşdırılması üçün əsas maneə Ermənistan tərəfdəndir. İrəvan regional konfiqurasiyada özünə yer tutmaq, gələcəyə nikbin baxmaq istəyirsə, havadarlarının əlində oyuncaq olmaqdan qurtulmalıdır. Bunu revanşizm hissindən əl çəkməklə paralel şəkildə inkişaf etdirmək Ermənistan üçün ikiqat xeyirli olardı…
“Kaspi” qəzeti mövzu ilə əlaqədar olaraq yazır ki, 35 ildir bağlı qalan Türkiyə-Ermənistan sərhədi Türkiyədəki zəlzələdən sonra humanitar məqsədlərlə açıldı.
Ermənistanın Türkiyəyə göndərdiyi xilasedicilər bu sərhəddən keçdilər və bu, məsələnin texniki tərəflərindən çox siyasi məqamlarına nəzərə salmaq üçün də açardır.
Bəli, sərhəddəki qıfıllara açar salan zəlzələ nəticələri bundan sonra siyasi münasibətlərin ruhuna da təsirsiz ötüşməyəcək. Ən azından ona görə ki, Ermənistan dövlət səviyyəsində Türkiyəyə başsağlığı verib və xilasedicilərdən ibarət komandasını zəlzələdən əziyyət çəkən bölgələrə göndərib.
Düzdür, hələ Ermənistan Türkiyə barədəki iddialarına və saxta dəlillərinə son qoyduğunu göstərməyib, ancaq buzların əriməsinin özü belə, gələcək üçün praqmatik dəyərləri inkişaf etdirə bilər.
Ermənistan “maya”sına əl gəzdirməlidir
Türkiyə-Ermənistan münasibətlərindəki yumşalmanın maksimal nəticələr hasil etməsi üçün İrəvan düzgün qərarlar verməli və onun icrası üçün effektiv addımlar atmalıdır.
Sərhədlərin açılmasını dayanıqlı etmək üçün Ermənistan ilk olaraq ikitərəfli münasibətlərə xələl gətirə biləcək iki iddiadan əl çəkməlidir.
Birinci, Ermənistanın 1990-cı ilin 23 avqustunda elan etdiyi Müstəqillik Aktında yazılır ki, müstəqil Ermənistan 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda baş vermiş “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir.
Bu, Türkiyə üçün qəbuledilməz bir iddiadır. Təkcə ona görə yox ki, Ermənistan bundan gen-bol istifadə edərək nağıllar uydurur. Türkiyə üçün problem həmin uydurma iddiaların beynəlxalq səviyyədə Ankaraya qarşı istifadə edilməsi və ölkənin strateji maraqları üçün əngəllər yaratmasıdır.
İkinci, Ermənistanın Konstitusiyasında Türkiyəyə məxsus Ağrı dağa iddia edilən simvolizəyə diqqət etmək vacibdir. Ermənistan Konstitusiyasına əsasən, ölkənin gerbində Nuhun gəmisi, Ararat dağı (Ağrı dağ) və tarixi krallıqlar əks olunub. Bu, aşkar şəkildə Türkiyə ərazisinə iddia etməkdir.
Ermənistan tarixi kinini, qisasçılıq hissini kənara qoyub Türkiyə ilə yaxınlaşmaq niyyətindədirsə, bu iki normaya əl gəzdirib, onu dəyişdirməli, o cümlədən Müstəqillik Aktından imtina edib, onu yenidən yazmalıdır.
Sonrakı etaplar
Ermənistan bunları etsə belə, yenə azdır. Çünki paralel olaraq çoxtərəfli münasibətlər kontekstinə həssas yanaşmalı, Azərbaycan-Türkiyə strateji maraqlarından doğan tələblərə də riayət etməlidir.
İrəvan ən azından Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatların icrasına tələsməlidir. Burada İrəvanın çiyinləri üzərinə yüklənmiş taktiki və strateji məsuliyyətlər mövcuddur.
Taktiki tərəflər texniki parametrlərlə əlaqəlidir, məsələn, müvafiq komissiyaların formalaşması, onların iş prinsipinin müəyyən edilməsi və sair.
Strateji müstəvidə isə Ermənistanın boynunda daha ağır məsuliyyət var, o, Qarabağdakı erməni hərbçilərinin çıxarılmasını təmin etməyi Zəngəzur dəhlizinin açılmasına paralel şəkildə qurmalıdır. Zəngəzur dəhlizi məsələsi isə Azərbaycanın Ermənistanla sərhədlərini delimitasiya etdirmək bacarıqları fonunda qabarıqlaşır.
Ermənistan sərhədlərin delimitasiyası kontekstində Azərbaycanın tələblər seriyası ilə və Zəngəzurdan Naxçıvana quru yolunun dəhliz rejimində açılması ilə razılaşmaq məcburiyyətindədir.
İrəvanın həmin istiqamətlər üzrə tutumu Türkiyə ilə münasibətlərin perspektiv layihələndirilməsini təşkil edir.
Həmin layihələndirmənin yaxşı və ya neqativ təməl üzərində reallaşması Ermənistanın tutacağı mövqenin ştrixlərindən asılı olacaq.
Şər yuvalarına çomaq soxanlar
Ermənistanın iradəsində sülhə işartı verən tezislər mövcuddur, lakin onun təməlləri qeyri-müəyyənliklə zəngindir.
Belə “zənginlik” Azərbaycanın Ermənistan üzərindəki əngin təsirlər qazanmasına əsaslar toplayan faktora çevrilir.
Azərbaycan üçün məqbul variantlar var və bu yanaşma Ankara üçün də keçərlidir, iki ölkənin koordinasiyalı fəaliyyəti və müştərək strateji ölçüləri Ermənistanı düşündürməlidir.
Ermənistan Azərbaycanla sülh gündəliyini mürəkkəbləşdirə biləcək addımlardan çəkinməlidir və Türkiyədəki zəlzələni göydəndüşmə fürsət bilib Bakı-Ankara ikilisinin maraqlarına qarşı olan qüvvələrlə sövdələşməyə getməməlidir.
Bu cümləni ona görə yazırıq ki, regiondakı şər yuvalarına çomaq soxub onu qarışdırmaqda maraqlı olan ölkələr var.
Bunun üçün vasitələrdən biri də Ermənistandır. Bu xüsusda İranla münasibətlər sisteminin təbiəti də İrəvanın Bakı-Ankara tandemi ilə proqressiv irəliləyişinə maneə yaradır.
Deməli, Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması məsələsi, həm də onun Fransa və İranla münasibətlərini təxribat xarakterli məzmuna kökləməməsindən asılıdır.
Nəticə olaraq qeyd edə bilərik ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması çoxkomponentli şərtlərlə düz mütənasiblik təşkil edir.
Belə mürəkkəb mexanizmdə əsas iradə Ermənistanın üzərinə düşür. İrəvan regional konfiqurasiyada özünə yer tutmaq, gələcəyə nikbin baxmaq istəyirsə, havadarlarının əlində oyuncaq olmaqdan qurtulmalıdır. Bunu revanşizm hissindən əl çəkməklə paralel şəkildə inkişaf etdirmək Ermənistan üçün ikiqat xeyirli olardı…