“Axtarış-xilasetmə işləri ən az 14 gün davam etməlidir”.
Bu barədə Türkiyə Böyrək Vəqfi İdarə Heyətinin üzvü və nefrologiya üzrə mütəxəssis, professor Mehmet Şükrü Sever bildirib.
Dünyada çox sayda fəlakət bölgəsinə səfər edən və bu sahədə ən tanınmış mütəxəssislərdən biri olan Mehmet Şükrü Sever Kahramanmaraşda baş verən zəlzələlər barədə açıqlamalar verib.
O qeyd edib ki, günlər sonra sağ-salamat çıxarılan xəstələrlə bağlı çox möcüzələrə şahidlik edib və bu səbəbdən də axtarış-xilasetmə işlərinin ən azı iki həftə daha davam etməsi lazımdır.
“Tibbi ədəbiyyatda oxuduğuma görə, indiyədək dağıntılardan ən uzun sağ çıxarılma müddəti 13 gün təşkil edir. Bu, Böyük Çin zəlzələsində baş verən hadisədir. Amma bundan əlavə mətbuatdan eşitdiyimiz xəbərlər də var. Məsələn, fəlakət zamanı deyil, amma çökən binanın altından 17 gün sonra çıxarılan yaralı barədə məlumatlar eşidirik. Təbii ki, bunlar təsdiqlənmiş məlumatlar deyil”, – deyə o vurğulayıb.
Mütəxəssis dağıntılar altında nə qədər müddət sağ qalına biləcəyi ilə bağlı isə çox dəyişkən parametrlər olduğuna diqqət çəkib. “Bioloji hadisələr çox dəyişkəndir. Tibbi biliklərdə standart olaraq insan 3-4 gün ərzində susuz qaldıqdan sonra onun həyat riskləri başlayır. Bu mənada aclığa dayanıqlılıq daha yüksəkdir. Amma adətən ölüm səbəbləri sırasında ön planda susuzluq dayanır. Burada müddəti müəyyən edən bir çox amillər var. Hər şeydən əvvəl hava şəraiti önəmlidir. Çox isti və tərləmənin çox olduğu yay aylarında dəri vasitəsilə maye itkisi çox olduğu üçün erkən dövrdə susuzluğun zərərli təsirləri ortaya çıxa bilər ki, bu da ölüm riskinin artması deməkdir. İkincisi, xəstənin yaralanma dərəcəsi vacibdir. Əgər ciddi yaralanma və qanaxma varsa, başqa səbəblərdən qan həcmi azalırsa, o zaman dözümlülük də azalır. Xəstənin yaşı və digər yan xəstəliklərin olub-olmaması da nəzərə alınmalıdır. Məsələn, “Xəstə 5 gün susuz qaldıqdan sonra ölür” demək qəti şəkildə doğru deyil. Amma belə bir şey deyə bilərəm ki, 3-4 gündən sonra onun həyati riski ortaya çıxmağa başlayır”, – deyə Mehmet Şükrü Sever əlavə edib.
Mənbə: Haber Global