Cabir Həsənin “Hikmətli sözlər və deyimlər” adlı yeni kitabı çapdan çıxmışdır.
Şair sayca 3-cü olan kitabında insanların həyata fərqli baxışlarını, ətraf aləmlə və bir-biri ilə olan davranışları sonrası yaranan münasibətləri, xüsusilə ətraf mühitin insan təbiətinə təsirlərini təhlil edərək, fikirlərini öz müşahidələrinə və dünyagörüşünə əsaslanaraq, deymlər və hikmətli sözlər halında oxuculara təqdim edir.
***
Gəlirləriniz həmişə arzularınızdan kiçik qalacaq.
***
Diqqət çəkməyə deyil, diqqət çəkən dəyərlərə sahib olmağa çalışın.
***
Yaxşılara deyil, yaxşılığa bağlanın. Yaxşılar gedəcək.
***
Yer üzündə insan gözəlliyinin təzahürü olanlara hörmətlə davranın.
***
Pul insanların başına gələn nakam sevgidir. Onu görəndə özlərini itirirlər.
***
Başqalarına hər şeyin ən gözəlini arzulaya bilirsənsə, hər şeyin ən gözəli səndədir.
***
Bəzən heç nə etməməklə bir şeylər etmiş olarsınız.
***
Evində xoşbəxtsənsə, hər yer sənə evin kimidir. Deyilsənsə, yenə hər yer sənə evin kimidir.
***
Ürəyin bütün özbaşınalıqları sevgi ilə tanışlıqdan sonra başlayır.
***
Pislədiyimiz adamlarla yaxın oluruq, pislədiyimiz vərdişlərə sahib oluruq, pislədiyimiz hadisələrin təşkilatçısı oluruq və həyat hər mənada bizi sındırmağa davam edir.
***
Elə ki, həyata birinin üzərindən bağlandın, onunla sevinməyini də, ondan inciməyini də davranışların vasitəsilə ətrafda hamı yaşayır.
***
Kimisə həyatdan çox sevdiyinizi dilə gətirməyin. Ya əlinizdən alacaq, ya gözünüzdən salacaq.