Fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində televiziya kanallarına müsahibə verən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev jurnalistlərdən birinin: “İranla Azərbaycan arasında münasibətlərin normallaşmasını necə görürsünüz? Birinci addımı kim atmalıdır?” – sualına cavab olaraq, Tehrandakı Azərbaycan səfirliyinə qarşı ötən ay baş vermiş terror aktı ilə bağlı mühüm məqamlara toxunub.
Qeyd edək ki, bu, Azərbaycan dövlət başçısının məlum hadisə ilə bağlı ilk geniş açıqlamasıdır və onun real faktlara söykənən bu fikirləri hadisənin təfərrüatını əks etdirən kamera çəkilişləri və həmin qanlı hadisənin şahidi olmuş səfirlik əməkdaşlarının ifadələri ilə də təsdiqlənir.
Lakin Azərbaycanın bu aydın və sağlam məntiqə əsaslanan mövqeyi həmişə olduğu kimi, İran tərəfdən cəfəng iddialar və absurd şərhlər ilə qarşılaşıb. Hadisədən az qala bir ay keçməsinə baxmayaraq, İran rəsmiləri və mediası hələ də elə terrorun baş verdiyi gün ortaya atılan “şəxsi motiv” iddiasını təkrarlamaqda davam edir, məsələ ilə bağlı ümumi və mücərrəd fikirlər səsləndirməklə, sanki vaxt udmağa və mövzunun tədricən unudulmasına çalışırlar.
Bu azmış kimi, terror aktının baş tutması və detalları ilə bağlı vacib suallara aydınlıq gətirmək əvəzinə, İran rəsmiləri və ekspertləri Azərbaycan tərəfini ittiham etməyə cəhd göstərirlər, bir növ məşhur məsəldə deyildiyi kimi, doğrunun bağrını yarmaq üçün bağıran oğru rolunda çıxış edirlər.
Mövzu ilə bağlı “Azad İran” “Youtube” kanalının hazırladığı süjeti təqdim edirik: