Adam uşaqlıqda pafosla örtülmüş “ana dili” ifadəsinin məğzini anlamır. Dil, təfəkkür, ağıl, əxlaq, peşəkarlıq, elita və başqa bir çox anlayışların nə olduğu vecinə də olmur.
Uşaqdı da.
Naşir Şahbaz Xuduoğlunun “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik” cümləsi ilə başlayan geniş yazısını isə…
Ümumiyyətlə, bir insanın könüllü şəkildə öz dilindən imtina təklifini bu dünyada qiyaslamaq üçün ağlıma nəsə gəlmir, bir az da çox düşündükdə ağlamağım gəlir.
Bizi kim qarğıdı?
Əslində canımı dişimə sıxıb bu təklifin səssiz ötüşməsini arzulayırdım. Təəssüf ki, belə olmadı. Təhqirlər, təzyiqlər, şantajlar qiyamət qopardı, müsibət isə o idi ki, bu təklif bəzilərinin ağlına da batdı.
Tərs kimi də 21 fevral “Ana dili günü”dür.
Pafosun sapını buraxın, sualım ciddidir: Nəsiminin, Füzulinin, Xətainin dilindən necə imtina etmək olar?
Anamın başımı sığallayanda dediyi sözlər Nəsiminin qəzəllərində var. Mən bu möhtəşəmlikdən niyə və necə imtina edim?
Yüzlərlə tənqidçi var ki, sırf Nizami və Hafizi oxumaq üçün illərini sərf edib fars dilini öyrənir. Biz isə öz ana dilimizdə – bax, elə bu gün danışdığımız dildə Füzulini oxuyuruq:
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahımdan, muradım şamı yanmazmı?
Şeir şeir gətirər; poeziyasını çox sevməsəm də, bu yerdə Bəxtiyar Vahabzadənin övladlarına əcnəbi dildə təhsil verib ana dilindən uzaq tutan Azərbaycan dili müəlliminə yazdığı şeirdən bir bənd yadıma düşdü. Xalq şairi “Riyakar” adı verdiyi həmin müəllimi bu cür qorxudur:
Üzünə dursaydı yediyin çörək,
Rəzil olduğunu özün qanardın.
Dilimi dansaydım mən də sənin tək
Sən kimə dərs deyib pul qazanardın?
İndi, Şahbaz müəllim, hər şey bir yana, tutaq ki, təklifiniz qəbul olundu, dilimiz Türkiyə türkcəsi oldu, öncə sizdən başlayaq, siz nə ilə məşğul olacaqsınız?
Siz kimə kitab satıb pul qazanacaqsınız? Biznesmensiniz, ona görə sizinlə öz dilinizdə danışıram.
Azərbaycan dilini Türkiyə türkcəsinin qarşısında zəif görənlərin bu qənaətə gəlməyinə səbəb türk serialları və türkcə nəşr olunan kitablardır. Daha doğrusu, səbəb Türkiyədə bu işlərə – nəşriyyat və serial sənayesinə bizdən fərqli peşəkar yanaşmadır.
Türk seriallarında bizim auditoriya da ilk dəfə məişət, sosial, cinsəl müstəvidə səmimi, peşəkar bir dil eşitdi. Peşəkar ifadə olunan forma Azərbaycan tamaşaçısına o qədər içdən təsir etdi ki, Azərbaycanın ucqar kəndində yaşayan bir qadına Bakıdan bir təsadüfi qaqaş “awkim” yazan kimi qadın balasını atıb Bakıya qaçdı.
(Mədəniyyət amilini küçümsəyən şəxslərə örpəyi başından sürüşüb Bakıya cuman həmin qadını göstərmək amansız nümunədir).
Bəzi qızlarımız Türkiyə türkcəsini sentimental seriallardan, melodramlardan öyrənib deyə, türkcə danışan bir insan görən kimi elə bilirlər ki, hər şey filmlərdəki kimi olacaq.
Məsələn, kimsə “- Adım Memet, yaşım yirmibir”, – deyən kimi düşünürlər ki, hə, elə budur mənim fatehim, öz ayağıyla gəlib. Daha bilmirlər ki, Azərbaycana gələn əksər Memetlər “TIR”, “Şaqman” sürücüləridir.
Ağılda:
“Kadın dediyin İstanbul gibi olmalı,
Fethi zor, fatihi tek olmalı”.
Qulaqda: “- Adım Memet, yaşım yirmibir… Memet… 21… yaşım-yaşım-yaşım…”
Təbii ki, son günlər teleməkanımızda Azərbaycan dilinə dublyaj olunmuş Türkiyə seriallarına baxanda adamın əti tökülür. Lakin bu yerdə ətimizi tökən məqam dilimizin zəif olması deyil, qeyri-peşəkarlıqdır. Çıxış yolu türk seriallarının Azərbaycanda orijinal yayımı yox, peşəkar dublyaj olunmasıdır.
Türk serialları illərdir təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində – hətta teleserial biznesinin vətəni olan Latın Amerikasında da kovboyluq edir. Həmin seriallar türk dilinin möhtəşəm təbliğatçısıdır. Bu, bir azərbaycanlı kimi hamımızı sevindirir. Lakin biz bu mədəniyyət qarşısında əriməli deyilik, bu möhtəşəm fəthə öz müstəvimizdə sinə gərib Azərbaycan dilinin öləziməsinin qarşısını almalıyıq.
Şəxsən mən dünyanın bir çox sanballı sənət nümunələri ilə – film və romanlar müstəvisində – türk dilində tanış olmuşam. Həmin proses bu gün də davam edir. Bu üzdən Türkiyənin, xüsusən də, 2000 – 2015-ci illərdəki televiziya, ədəbiyyat, film sektorunda hiper inkişafı qardaş ölkənin vətəndaşı kimi məni də çox sevindirir və qarşımda geniş üfiqlər açır. Lakin mən Türkiyə türkcəsinə dublyaj olunmuş xarici filmlərə baxarkən doğma dilimi Türkiyə türkcəsinə dəyişməyi yox, özümüzün də həmin filmləri Azərbaycan dilinə peşəkar dublyaj, tərcümə etməyi düşünmüşəm.
Şahbaz Xuduoğlu və onun fikrini dəstəkləyən insanlar isə rahata qaçaraq dildən imtina kimi dəhşətli fikri ağıla gətirirlər.
Şahbaz bəy niyə qəbul etmir ki, bu gün Azərbaycan dili onu bütün parametrlərdə bir naşir kimi qane etmirsə, bunun əsas səbəblərindən biri də illərlə “Qanun” nəşriyyatında imza atdığı qeyri-peşəkar tərcümələr, redaktəsiz nəşr etdiyi kitablardır.
Həmin kitablarda yer alan Azərbaycan dili nəinki peşəkarlar tərəfindən yazılmış, redaktə və nəşr olunmuş Türkiyə türkcəsinə, hətta özünə hörmət edən keniyalı naşirin suahili dilində nəşr etdiyi kitablara da uduzacaq.
Naşir sözügedən mətnində özündən başqa hər kəsi tənqid edir, lakin rəhbərlik etdiyi “Qanun” nəşriyyatında çap olunan kitablardakı dəhşətli nöqsanların illərlə ədəbi mühitdə lətifələrə çevrildiyini unudur. Biz oxucular bu nöqsanlara illərdir ona görə kor oluruq ki, bura Azərbaycandır və ən böyük problemimiz qeyri-peşəkarlığımızdır. Bir gün altında ev tikəcəyimizi düşündüyümüz çinarın kölgəsinə sığınaraq illərimizi diletantlara ümidlə dözməyə həsr etdiyimiz günlərin birində hörmətli naşirimiz olan-qalan çinarımızı baltalayır.
Bəziləri də buna polemika deyir. Bu, polemika deyil. Aksiomun polemikaya ehtiyacı yoxdur: Anamızı dəyişmək mümkün olmadığı kimi, ana dilimizi də dəyişmək mümkün deyil!
Baxın, bu yerdə “Emanuel Kantın lakonikliyi ilə dəhşət saçan frazalarından biri yada düşür:
“Əxlaq peşəkarlıqdır”.
Azərbaycan dili təkcə azərbaycanlı çobanzadələrin, müşfiqlərin dili deyil, həm də özbək Xalid Səid Xocayevin, axısxa türkü Ömər Faiq Nemanzadənin və bu dilə görə güllələnən onlarla qeyri-azərbaycanlının dilidir. Axı əsrin əvəllərində eyni “divar”a söykədilərək güllələnən ziyalılarımızın qanı bir-birinə qarışanda düşünməmişdilər ki, bir gün dünyanın düz vaxtı kimlərsə doğma dilində imtina təklif edəcək və kimlərsə də, buna ikiəlli razı olacaq.
İndi isə qayıdaq Azərbaycanın ikinci dəfə müstəqillik qazandığı 90-cı illərə… Azərbaycanda bir ölkədə ola biləcək hər cür problem var idi, altdan neft püskürürdü, lakin xalq neftin ancaq qarasından pay alırdı; pambığı kəfənlik, səngəri qəbir, tonqalları cəhənnəm… Həmin illərdən sonra sinəmizi döyə-döyə fəxr etdiyimiz milli-müxtəliflik də separatçılığa səbəb ola biləcək dəhşətdən başqa bir şey deyildi. Məhz həmin illərin ardınca Heydər Əliyev ölkənin ziyalılarını başına toplayaraq çox kritik bir mövzunun müzakirəsinə start verdi: “Biz kimik, dilimiz nədir?”.
Prezident sarayı, 10 noyabr 1999-cu il…
Sosial şəbəkələrdə bu gün də paylaşılan həmin odlu-alovlu toplantıdan sonra Heydər Əliyevin imzası ilə qərar verildi ki, burada yaşayan hər bir vətəndaş azərbaycanlıdır və ana dilimiz Azərbaycan dilidir. Bununla da Azərbaycançılıq ideyası bəyaz sülh bayrağı kimi türkü, talışı, ləzgini, avarı, tatı və onlarla digər azsaylı xalqı qanadının altına aldı, hamının qəlbinə bir sərinlik gəldi və bu məmləkətə əsrlərlə sürəcək bir firəvanlıq bəxş etdi: bəli, biz hamımız Azərbaycanlıyıq və dilimiz Azərbaycan dilidir. Bütün çatışmazlıqları ilə bu ideya rəngarəng milli coğrafiyaya xas Azərbaycanın libasına vurulmuş ən uyğun naxışdır.
Bizim isə bu gün etməli olduğumuz yeganə şey Nəsiminin, Xətainin, Əli bəy Hüseynzadənin müqəddəs libasını əynimizdə qorumaq, üzərinə qonan toz-torpağı təmizləmək və azman kişilər kimi önə baxaraq gülümsəməkdir.
Ana dilimiz mübarək, sevgili Azərbaycanlılar!
Sərdar Amin, xüsusi olaraq “Qafqazinfo” üçün