Kamalə ABIYEVA yazır
İlk beşiyimiz, ilk evimiz-eşiyimiz, yuvamız ana bətnidi-anadır. İlk nəfəsimizdi, havamız, çörəyimizdi ana. İlk eşitdiyimiz səs, hiss etdiyimiz sığaldı. Yəqin ona görə qədəm basdığımız torpağa ana torpaq demişik. Sonda onun qoynuna gedirik –torpaq ananın… Sevgimizlə birlikdə. Vətən dediyimiz torpağa sevginin sonu yox.
Sevgi anadan başlayır. Ona görə Süleyman Heydərov ölümlə çarpışanda anasını xatırlayıb.
Bu dünyadan ayrıldım sanki. O ağır halımda anamı düşündüm. Məni hospitala aparan yoldaşlarıma “Anama deyin məni bağışlasın”- demişəm. Onun üzülməsi mənimçün dözülməzdi. Aramla danışır. Səsində hiss edirəm çəkdiyi ağrını da, sevgini də.
vv
-İkinci Qarabağ savaşı başlayanda mən də döyüşmək istəyirdim. Anama “dua et məni də aparsınlarsavaşa”-deyirdim. Hər birimiz vətən əsgəri olsaq da hər nazirliyin öz görəvi var. FHN-nin də öz vəzifələri var. Azad olunmuş torpaqlarımızı minalardan təmizləmək, insanların təhlükəsiz yaşamını təmin etmək də bizim işimizdi.
Hər aşkar etdiyi mina mənəvi yükünü bir az azaldır.
2022-ci il mayın 13-də minaya tuş gəlib.
Günlərlə vəziyyəti ağır olub, komaya düşüb. Süni yolla qidalanıb.
-Yaşayıb-yaşamadığımı anlamırdım. Yaralananda 20—30 dəqiqə özümdə olmuşam. Heç nə görmürdüm, gözlərim zədələnmişdi. Komadan ayılanda heç nə xatırlamırdım, adımı da unutmuşdum. Anamın adını xatırlamağa çalışırdım bircə. Sol Əlimi hiss edəndə kağız qələm istədim. Çətinliklə də olsa sol əlimlə “Ana, məni bağışla”- yazdım.
Bir də həkimin “sağ qolu kəsilməlidi” dediyini eşidib…Bunları yazanda çox ağrıyıram, sənin də ağrıyacağını bilirəm. Bağışla məni, Süleyman.
Amma o sakit danışır: Biz xəsarət ala, həyatımızı itirə biləcəyimizə hazır oluruq. Bu yolu seçmisənzə hər çətinliyə hazır olmalısan. Soyuqqanlı olmalısan.
Onunla Günel Abbasovanın və Günel Əsədovanın təşkilatçılığı ilə Respublika Əlillərin Bərpa Mərkəzində keçirilən Gənclər günündə tanış oldum. Qəribə bir doğmalıq yarandı aramızda. Ən çox sevdiyi mahnının “Özün günahkarsan” olduğunu öyrəndim. Söz müəllifinin yanında olmasından nə qədər sevindiyini necə anladım? Şeiri necə duyur, ilahi! “Musiqi möhtəşəmdi. Həmişə düşünürdüm ki, bu sözlərin müəllifinin ruhu nə böyükdü. Sizinlə tanış olmaq necə qürurvericidi”-kimi sözlər deyir.Mənim sevincimi təsəvvür edə bilirsənsə, əziz oxucu, ruhun böyükdür sənin də. Və bu igidi bir az da yaxından tanı.
Süleyman Vaqif oğlu Heydərov 1994-cü ildə 23 fevralda Bakıda anadan olub. 2011-ci ildə Yasamal rayonundakı 53 nömrəli məktəbdə təhsil alıb. Məktəbin ictimai həyatında fəal iştirak edib, əksər tədbirlərin aparıcısı olub, maraqlı çıxışlar hazırlayıb. Müxtəlif tədbirlərin, səhnəciklərin hazırlanmasında Respublikanın Əməkdar artisti Əhməd Salahov şagirdlərə kömək edib. Süleyman səsi, nitqi, istedadı, boy-buxunu ilə diqqətini çəkib. Əhməd müəllim ona İncəsənət Universitetinə getməyi də məsləhət görüb.
Onun isə öz məqsədi, arzusu vardı.
Qəbul imtahanlarında 500-ə yaxın bal toplayır.
“Topladığım balla 1-ci qrupda istənilən ixtisası seçə bilərdim. Niyə FHN –nin Akademiyasını seçdim? Adı da, geyimləri də, gördükləri iş də mənim üçün maraqlı idi. Onların əsas təyinatı xilasetmədi. Bu peşənin fəlsəfəsi mənim üçün maraqlı idi. Xüsusi təyinatlı təhsil müəssisəsidi. 4 il kursant olursan əsgər kimi, həm də oxuyursan. Təyinatımı Xüsusi Riskli Xilasetmə Xidmətinə aldım, həm də məhz istehkam bölməsinə. Hərbi Mühəndis-istehkamçı kimi ixtisaslaşdım. Ölkədaxili kurslarda oldum. Eləcə də Türkiyədə, Rusiyada, ABŞ-da xüsusi kurslarda olmuşam.
Həmişə fərqlənib Süleyman. Orta məktəbdə, akademiyada da yaxşı oxuyub. Hamı Süleyman haqda: “savadlı, məsuliyyətli, diqqətli, dürüst , vətənsevdalı qeyri-adi insandı”-söyləyir.
Pirotexnik-istehkam manqasının komandiri gizir Rövşən Əliyev: 2015-ci ildən tanışıq. Çox həyatsevər, ünsiyyətcil, soyuqqanlı, təmkinlidir. Həmişə öyrənməyə can atır. Sürətlə düşünüb, doğru qərar verə bilir. Azad olunmuş torpaqlara gedən ilk onluğa o rəhbərlik edəcəkdi. “Mənimlə gedərsənmi”” sualını unutmuram. O dəqiqə razılaşdım. Tapşırıq çətin olsa da, Süleymanla hər çətinliyin öhdəsindən gəlmək olur. Mənən çox güclüdür.
İstehkamçı gizir Əliyev Mehdizaman: Çox peşəkardır. Öyrənməkdən, öyrətməkdən usanmır. Naryadda olanda belə onu çağırsaq, nəsə sualımız olsa, həmən gəlir. Tapşırıqlara qarşı çox məsuliyyətlidir. İxtisasımın bütün incəliklərini ondan öyrənmişəm. Nümunəvi rəhbərdir. Ən əsas cəhəti dinləməyi bacarmaq və düzgün qərar verməkdir. Fəxr edirəm ki, bu müqəddəs yolda onunla birlikdə olmuşam.
Gizir Ramin Əhədov: Zabit kimi, insan kimi şəxsiyyətinə hörmət edib. Müxtəlif kurslarda öyrəndiklərini nəzəri və praktik olaraq hamıya öyrətməyə can atıb. Döyüşlər zamanı gücləndirilmiş rejim idi. Hazırlıq keçirdik. Süleyman bütün suallara elə cavab verirdi ki, qaranlıq məqam qalmırdı. Əsas bilik deyil, həm də onu öyrətmək bacarığıdır. Şəxsi heyətə də böyük hörmətlə yanaşıb. İndi də mənim üçün rəisdir.
Qrup komandiri gizir Altay Alıyev: Azad olunmuş torpaqlarda minatəmizləmə əməliyyatlarını həyata keçiririk. Süleymanla illərlə birlikdə çox çətin xidmətlərimiz olub. Heç vaxt yorulduğunu hiss etməzdik. Onun öyrətdikləri nəticəsində deyə bilərik ki, biz düşməndən qat-qat güclüyük. Komandirim haqda günlərlə danışa bilərəm. Bizim üçün nümunədir.
Özü bunları deyir: Atam uşaqlıqdan məni və qardaşım Vasifi Şəhidlər Xiyabanına aparırdı tez-tez. Şəhidləri, döyüş yoldaşlarını ziyarət edirdik. Biz o illərin hadisələrini eşidərək böyümüşük. Uşaqlıqdan vətənə bağlılıq hopub şüurumuza.
Əslən Füzulidən olan Vaqif Heydərov Birinci Qarabağ savaşında nizami orduda xidmət edib. O illərin bütün ağrılarını, itgilərini yaşayıb. Və bunları unutmayıb. Oğlanlarını da unutmağa qoymayıb. Bu torpaqların bir gün qayıdacağına da inanıb. “Bir gün mənimlə fəxr edəcəksiz” deyən oğlu ilə qürur duyub həmişə. Komadan ayılandan sonra doğmaları ilə telefon danışığında anası Fazilə xanımdan “deyirdin hamınız mənimlə fəxr edəcəksiz, sözünü tutdun” sözlərini eşidib.
2021-ci ilin yanvarından FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və Xüsusi Hazırlıq İdarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kimi azad olunmuş torpaqların minalardan təmizlənməsi tapşırığını yerinə yetirib kapitan Heydərov. Ağdam ərazisini minadan təmizləyərkən piyada əleyhinə minanın partlayışından yaralanıb.
Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalına layiq görülüb.
General-polkovnik Kamaləddin Heydərovun əmrinə əsasən vaxtından əvvəl mayor rütbəsi verilib. “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.
-Elə bir yerdə olmaq istəyirdim ki, vətənimə daha çox gərək olum. Ona görə FHN-ni seçdim. Hər bir çətinliyə hazır idim vətən uğruna. İki anam var-öz anam, bir də Vətən. Çətin gündə ana vətənin yanında olmalıydım. Vətəni seçdim. Hər kəs öz borcunu yerinə yetirməlidir vətən qarşısında. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina eleyhinə xüsusi təyinatlı alayı da öz borcunu yerinə yetirir. O torpaqlara ayaq basanda necə qürur duyduğumu bilsəz- deyir.
Ona qulaq asıram və giley-güzar edənləri düşünürəm. Bir də Süleyman kimi xalqını, dövlətini sevənləri düşünürəm. İndi də Türkiyədə baş verən ən dəhşətli depremdə biz evlərimizdən müxtəlif paylaşımlar edəndə FHN-nin xilasediciləri orda xilasetmə ilə məşğuldular. İstənilən təhlükəni də gözə alıblar vətən, qardaşlıq, insan adına.
vvvvv
Gizlicə tez-tez gözlərinə baxırdım. Əslində o bunu görmürdü. Amma mənə elə gəlirdi ki, görür. Bir gözü sarıqdadı. O biri gözünün protez olduğunu sonra bildim. Heyrətləndim. Süleymanın üzündə, gözündə elə işıq vardı ki, inamazsınız bəlkə. Gözü danışırdı elə bil. Kimsə deməsə, anlamazsan. O qədər hissiyatsız baxışlar var ki. O qədər görməyənlər var ki… Deməli ürəyin, ruhun işıqlı olmalıdı. Sevgi işığın olmalıdı.
Bu yazıdan xəbər tutacaq Süleyman. Yaralarını göyədəcəyəm bəlkə… Bunu heç istəməzdim. Ana kimi “bağışla oğul” deyirəm. Ancaq xalq onun rahatlığı, təhlükəsiz yaşamı üçün həyatını qurban verməyə, sağlamlığından keçməyə hazır olan oğullarını tanımalıdı. Son vaxtlar giley-güzara meyllənmişik. Daha çox da başqalarının işinə baxır, nöqsanlarını axtarırıq. Hər kəs öz işində qüsursuz olsa nə vardı ki. Hər kəs vəzifəsinə sənin kimi sevgiylə, məsuliyyətlə yanaşsa nə vardı ki?…
FHN –ni də tənqid etməyə də hazırıq. Ordasa Süleyman Vaqif oğlu kimi qürur duyacağımız oğullar var.
Cənab nazirimiz Kamələddin Heydərov ona “qəhrəmanım” deyir. O, hər birimizin qəhrəmanıdı. 23 fevral doğum günüdür.
Süleymana bütün xəyallarının gerçək olmasını arzulayıram. Onun ruhu, ürəyi, ağlı işıqlıdı. Ancaq fiziki sağlamlığı xəsarət alıb. Gözünün birinin fiziki görməsinə ümid var. Müalicəsi ciddi nəzarətdədir və davam edir. Ona ümidinin işığını arzulayıram. Tanıyan, tanımayan, bu yazının oxucuları da yəqin bunu arzulayacaq. İnanıram ki, bu arzunun işığına sevinəcəyik bir gün.