İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün 16 fevral 2023-cü ildə keçirilmiş müsahibənin nəticələri açıqlanıb.
Oxu.Az xəbər verir ki, nəticələrə əsasən, müsahibəyə buraxılan 26 nəfərdən 16-sı minimum keçid balını (26) toplaya bilməyib. Bir nəfər ən aşağı nəticə (14 bal) göstərib. Maksimum bal 35 olsa da, heç bir din xadimi bu nəticəyə çata bilməyib. Ən yüksək göstəricini cəmi bir namizəd əldə edib ki, bu da 29 baldır.
Din xadimlərinin bu cür zəif nəticə göstərməsi onların savadsızlığı haqqında müzakirələrə səbəb olub.
Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, keçid balını toplaya bilməyən müsahibə iştirakçıları arasında həm ölkə daxilində, həm də xaricdə təhsil alanlar var. Qurumun Dini təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimovanın sözlərinə görə, eyni zamanda, imtahandan kəsilənlər arasında əyani təhsil alanlar da az deyil:
“Lakin müsahibədə uğur qazana bilməyənlər arasında qiyabi təhsil alanlarla, xaricdə təhsil alanlar üstünlük təşkil edirlər.
Müsahibə prosesində müşahidələr onu göstərir ki, namizədlərin bir qismi istər dini, istərsə dünyəvi biliklərə dərindən yiyələnməyiblər. Yaxud müsahibə proqramına yaxşı hazırlaşmadan müsahibəyə qatılıblar”.
Şöbə müdiri onu da qeyd edib ki, namizədin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramı əsasında həyata keçirilib:
“Müsahibə proqramı dini ali və ya orta ixtisas təhsili almış şəxslərin mənimsəməli olduqları bilgiləri əhatə edir. Bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə namizədə müsahibə proqramından kənar sualların verilməsi yolverilməzdir. Müsahibə prosesi şəffaf və aşkar şəraitdə keçirilir. Müsahibənin gedişi videolentə alınır”.
Xatırladaq ki, ibadət yerlərinə vakant vəzifələr üzrə qəbul ilk dəfədir imtahan vasitəsilə həyata keçirilib.
Aysel Aslan