Bir dövr Alen Delonla eyni kinoya çəkilən məşhurlarımıza tələb niyə azalıb?

Bir dövr Alen Delonla eyni kinoya çəkilən məşhurlarımıza tələb niyə azalıb?

Sovet dönəmində Azərbaycan aktyorları müttəfiq respublikaların çəkdiyi filmlərdə də rol alıblar. Hətta sovet məkanını aşıb, xarici filmlərdə rol alanlar da olub.

Lent.az kiçik bir xatırlatma edir.

Xalq artisti Tariyel Qasımov “Mosfilm”, “Tacikfilm”, “Türkmənfilm”, “Özbəkfilm” , habelə Almaniyanın “DAFE” kinostudiyalarının çəkdiyi filmlərdə, Xalq artisti Fuad Poladov rus və türk filmlərində, Bəşir Səfəroğlu Orta Asiya kinosunda maraqlı obrazlar yaradıblar.

Hacı Murad Yegizarov Almaniyanın 2005-ci ildə lentə aldığı “Şpeyer və o” filmində polkovnik Raginski, Hüseynağa Sadıqov Rusiya istehsalı olan “Ələddinin sehrli çırağı” filmindəki vəzir obrazı ilə çox seviliblər. Ən çox “Ulduz” filmindəki kolxoz sədri Qədir obrazı ilə xatırlanan Bahadur Əliyev SSRİ-Hindistanın birgə çəkdiyi “Əlibaba və 40 quldur” filmində, özbəklərin sevimli filmi olan “Şerəli və Aybərçin” filmində çox maraqlı obrazlar yaradıb. Əsasən epizodik obrazlarda oynayan aktyor Ələsgər Məmmədoğlu Rusiya-Almaniya istehsalı olan “Tehran-43” filmində məşhur Alen Delonla tərəf müqabili olub.

Müstəqillik illərində bu tendensiya zəifləsə də, tam yox olmayıb.

Xalq artisti Fəxrəddin Manafov Rusiyanın kino və serial bazarında tələb olunan aktyor olaraq qalmaqdadır.

Əməkdar artist Mehriban Xanlarova Türkiyədə rejissorların diqqətini cəlb edib. O, “Bizim Məhəllə”, “Cinlər və Pərilər” seriallarında kiçik rollar oynayıb. Hərbi mahnıları ilə daha çox tanıdığımız Şəmistan Əlizamanlı türk seriallarında rol oynayan azsaylı aktyorlarımızdandır. O, “Diriliş Ərtoğrul” serialında Ozan rolunu alıb. Rejissor Kənan M.M. də döyüş seriallarından birində azərbaycanlı hərbçi rolunu canlandırıb. Amma bu rolların heç biri baş rol olmayıb.

Nəzərə almaq lazımdır ki, azərbaycanlı aktyorlar çox yüksək qonorar da tələb etmirlər. Bəs niyə bizim aktyorlarımıza tələb yoxdur?

Bu suala Xalq artisti Şeyx Əbdül Mahmudov cavab verib:

“Birinci ona görə ki, dil bilgisi önəmlidir. Türklər hətta azərbaycanlı roluna belə öz aktyorlarını çəkməyə üstünlük verirlər. İkinci səbəb aktyorlarımızın bu ölkədə menecerlərinin olmamasıdır. Türk kino və serialları çəkilərkən aktyorların menecerləri o rolu ala bilmək üçün yumşaq dillə desək, savaşa çıxırlar.

Sovet dönəmində aktyorların başqa respublikaların istehsalı olan filmlərdə çox çəkilməsinin əsas səbəbi buna dövlətin qoyduğu tələb idi. Məsələn, Azərbaycanda çəkilən hər filmdə mütləq şəkildə bir xarici aktyor iştirak etməli idi, keçmiş filmlərimizə fikir versəniz, bunu görərsiniz. Azərbaycanlı aktyorları əsasən şərq motivlərindən bəhs edən filmlərə çəkərdilər. “Ələddinin sehirli çırağı” filmində vəzir roluna çəkilən Hüseynağa Sadıqovun rus dilindəki güclü aksentini də məhz buna görə saxlayıb, rolu dublyajla səsləndirməmişdilər. İndi xarici bazarlara, xüsusən Rusiya kino bazarına çıxmaq üçün tanışlıq əsas rol oynayır. Avropa kinosunun isə bizim alışmadığımız qanunları və yetərli sayda aktyorları var. Hollivuda, Avropaya çıxmaq olar. Aktyorlarımızın istedadı buna imkan verir. Amma bu işi aktyor təkbaşına edə bilməz. Həmin ölkədən menecerlə işləməlidir”.

Share: