Sitrus tristeza virusu bitki sağlamlığı üçün böyük təhlükə hesab olunur

Sitrus tristeza virusu bitki sağlamlığı üçün böyük təhlükə hesab olunur

“Best Supply Company” MMC-nin 2023-cü il 21 fevral tarixində İran İslam Respublikasından idxal etdiyi 19 400 kiloqram portağal məhsuluna Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm – Sitrus tristeza virusu (Citrus tristeza virus) aşkarlanıb. Analoji hallar son aylarda İrandan ölkəmizə idxal edilən bir sıra bitkiçilik məhsullarında da aşkarlanıb.

Aşkar olunmuş bütün hallarla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib. Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt Şəhər Poliqonunda məhv edilib. Bu istiqamətdə nəzarət tədbirləri daha da gücləndirilib və zəruri tədbirlər həyata keçirilməkdədir.

Qeyd edək ki, Sitrus tristeza virusu fitosanitar baxımından karantin statusuna görə böyük risk daşıyır və respublika ərazisində aşkar edilməyən karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına (A1) daxildir. Virusun əsas sahib bitkiləri sitrus bitkiləridir (naringi, portağal, limon, qreypfrut, laym və s.).

Sözügedən virus sitrus bitkilərinin karantin tətbiq edilən təhlükəli virusu olmaqla bu bitkilərdə əhəmiyyətli iqtisadi itkilərə səbəb olur. Sitrus tristeza virusu Asiya mənşəli olub, sitrus bitkiləri becərilən əksər ölkələrdə yayılıb.

Sitrus tristeza virusu bitkilərdə yarpaq ayasının saralmasına, rənginin solğunlaşmasına, damarların şəffaflaşmasına və xloroza, meyvələrdə deformasiyaya, cırlaşmaya və əmtəəlik görünüşünün itirilməsinə səbəb olur. Sirayətlənmiş bitkilərin gövdələrində şişkinliklər, qabığın altında balıq dişi formasında çıxıntılar, xüsusilə turşuluğu çox olan portağal növlərində tumurcuq topasının aşağısında qabarmalar və qabıq üzərində kiçik dəliklərin əmələ gəlməsi müşahidə olunur. Yazda bitkilərin qısa müddətdə solması, yarpaqlarının tökülməsi, cırlaşması və zəifləməsi Sitrus tristeza virusunun ən mühüm simptomlarındandır. Güclü sirayətlənmə zamanı virus bitkinin tamamilə qurumasına səbəb olur.

Beynəlxalq ticarətdə Sitrus tristeza virusunun əsas yayılma yolu əkin materialı və meyvədir. Sahə daxilində virusun yayılmasının başlıca səbəbi sorucu həşəratlar (Toxoptera citricidus, Toxoptera aurantii, Aphis gossypii, Aphis spiraecola, Aphis craccivora, Aphis citricola, Myzus persicae) hesab olunur. Belə ki, virus sirayətlənmiş bitkilərdən sağlam bitkilərə sadalanan mənənə növləri tərəfindən asanlıqla daşınır. Virusun sahib bitkilərində simptomlar müxtəlif olub ətraf mühit şəraitindən asılı olaraq dəyişir. Bəzən virus zəif inkişaf edir və bir çox sitrus növlərinə nəzərə çarpaçaq təsir göstərmir. Sitrus bitkilərindən naringi Sitrus tristeza virusuna qarşı daha dözümlü hesab olunur.

AQTA bildirir ki, İran İslam Respublikasından idxal edilən portağal məhsullarında aşkarlanan Sitrus tristeza virusu  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə respublika ərazisində aşkar edilməyən karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına (A1) daxildir və yüksək fitosanitar risk daşıyır.

Agentlik tərəfindən ölkəyə idxal olunan qida məhsullarına ciddi nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.

Share: