ABŞ-ın “The Daily Caller” nəşrində beynəlxalq icmalçı, İsrail, Yaxın Şərq və keçmiş Sovet İttifaqı ölkələri haqqında çoxsaylı məqalələrin müəllifi Maayan Hoffmanın Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində qurulmuş Xankəndindəki oyuncaq rejimin lideri Bako Saakyanın Vaşinqtona qanunsuz səfəri və onun Amerikanın mənafelərinə zidd qüvvələrlə əlaqələri haqqında məqaləsi dərc olunub.
Müəllif yazır ki, Bako Saakyan üçüncü dövlətin hərbi kəşfiyyatı və Livanın Bekaa vadisindəki terrorçularla əlaqəsi olan qanunsuz silahlı dəstələrin tipik səhra komandiridir. Lakin bu, onun Vaşinqtona səfərinə əngəl ola bilmədi.
Müstəqil.Az xəbər verir ki, yazıda Dağlıq Qarabağın suveren Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazisi olduğu bir daha qeyd edilir. Bildirilir ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də bunu təsdiq edir. Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını, onun rəhbərliyini beynəlxalq səviyyədə və Birləşmiş Ştatlarda qəbul etməyən ABŞ Dövlət Departamentinin də mövqeyi eynidir.
Bununla yanaşı, ABŞ Konqresində erməni qrupunun nümayəndələri, o cümlədən mütəmadi olaraq amerikan hökumətinin maraqlarını təhlükəyə atan Frenk Pallon, Ceki Spier, Devid Valadao, Adam Şiff vı Cim Kosta Saakyanla görüşərək və işğal olunmuş ərazilərə səfər edərək qanunsuz “respublikaya” legitimlik qazandırmaq istəyirlər. Ötən il Pallon, Valadao və Tulsi Qabbard Azərbaycanın işğal altında olan ərazilərinə səfər ediblər.
Lakin Saakyanın ABŞ-a səfəri mənəviyyat və qanun çərçivəsindən daha çox kənara çıxmaq deməkdir. Hoffman vurğulayır ki, bu, ABŞ-la Azərbaycan arasında getdikcə inkişaf edən strateji münasibətləri də sarsıdır.
Bu yaxınlarda Birləşmiş Ştatlar və müttəfiqləri Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəsi həcminin artırılması və amerikan qoşunlarının Əfqanıstan və onun hüdudlarından kənarda apardığı əməliyyatlar çərçivəsində Azərbaycan üzərindən uçuşlara icazə verilməsinə dair danışıqlar mərhələsini başa çatdırıblar . Bundan başqa, ABŞ Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək Cənub Qaz Dəhlizinə özünün tam diplomatik və siyasi dəstəyini verib. Bütün bunların ABŞ və müttəfiqlərinin regiondakı maraqlarına qarşı fəaliyyət göstərən qüvvələri narahat etməsi təbiidir. Regionun coğrafi xəritəsi ilə tanış olan hər kəs üçün aydındır ki, Bakı ilə Vaşinqton arasında inkişaf edən münasibətləri korlamaq üçün Ermənistan kimi vassal dövlətdən istifadə etmək olar. Saakyanın qeyri-legitim oyuncaq rejimi ilə münasibətlər beynəlxalq hüquq və ABŞ-ın xarici siyasəti üçün təhqirdir, -deyə ekspert məqalənin sonunda vurğulayır.