“Qarabağnamə” tamaşası oynanılacaq

“Qarabağnamə” tamaşası oynanılacaq

Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

Kulis.az APA-ya istinadən xəbər verir ki, tamaşa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində təqdim edilir.

Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun olduğu tamaşada, ümumilikdə 21 aktyor iştirak edir. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur. “Qarabağnamə”nin İbrahim xanı Xalq artisti Kazım Abdullayev, Ağabəyim ağası isə Əməkdar artist Məsmə Aslanqızıdır. Həmin gün Heydər Əliyev Mərkəzinin səhnəsinə Xalq artistləri Əli Nur, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Məlik, Əməkdar artistlər Elnar Qarayev, Elxan Quliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, Kazım Həsənquliyev və digərləri də çıxacaqlar.

Tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək.

2 hissədən ibarət olan tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədovdur.

Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də ümummilli lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib.Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib. Həm tariximizin, həm də xalqımızda, xüsusən də gənclərdə vətənpərvərlik, müstəqillik hisslərinin təbliği baxımından əhəmiyyətini qeyd edib. Ümummilli lider elə həmin görüşdə bu pyes əsasında bədii filmin çəkilməsinin də vacibliyini qeyd edib. Əsərin motivləri əsasında çəkilmiş “Hökmdarın taleyi” adlı ikiseriyalı film 2008-ci ildə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi çərçivəsində təqdim olunub.

İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası isə ilk dəfə 2011-ci il martın 10-da nümayiş etdirilib və bu adla 79 dəfə təqdim olunub. “Qarabağnamə”nin Heydər Əliyev Mərkəzində 80-ci nümayişini izləmək üçün biletləri Mərkəzin kassası və iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Share: