“Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu getdikcə artır”.
“Report” xəbər verir ki, bunu “Naval postgraduate school”un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Mərkəzi Asiya və Qafqaz İnstitutu və İpək Yolu Araşdırma Proqramının birgə təşkil etdiyi “Avropanın enerji təhlükəsizliyində Cənubi Qafqazın artan rolu” adlı vebinarda deyib.
Ekspert qeyd edib ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən Aİ enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirir.
B.Şaffer Azərbaycanın Cənub Qaz Dəhlizi və Yunanıstan-Bolqarıstan interkonnektoru kimi layihələrdə mühüm rol oynadığını vurğulayıb.
“Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması üçün böyük infrastruktur işləri görülüb. İndi Azərbaycan bu kəmərlə təkcə Bolqarıstana deyil, digər ölkələrə də qaz ixrac edə bilər”, – o vurğulayıb.
B.Şaffer əlavə edib ki, Azərbaycan gələcəkdə İsrail kimi üçüncü ölkələrdən enerji resurslarının nəqli və tranziti üçün enerji habına çevrilə bilər.