“Təəssüflər olsun ki, mənzil kommunal sisteminin problemləri aradan qalxmayıb, hətta daha da artıb”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc Milli Məclisin plenar iclasında deyib.
Deputat qeyd edib ki, mənzil fondunun yenilənməsi tikinti şirkətlərinin vətəndaşların mənzil hüquqlarını pozmasına dair şikayətlərini artırıb: “Kvadratmetrlər uğrunda mübarizə, mənzil kommunal xidməti tariflərinin şişirdilməsi, qəzalı, uçuq-sökük evlərdən köçürülmələr ilə bağlı mübahisələr ombudsmanın illik fəalliyətini planlaşdırarkən əsas sahələr ola bilər”.
***
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bildirib ki, əhali ilə birbaşa ünsiyyətə əsaslanan, nöqsan və problemlərin vaxtında aşkar edilməsinə və həllinə imkan verən vətəndaş qəbulları, görüşlər davam etdirilməli, ictimai nəzarət institutu gücləndirilməlidir: “Əminəm ki, əhalinin hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə illik məruzədə öz əksini tapan təklif və tövsiyələrin ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində öz həllini tapması insanların layiqli həyat şəraitinin təmin olunmasına, vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək”.
Zaur Mirzə