BAAU-nun prorektorları İsveçdə təlimlərə qatılıblar

BAAU-nun prorektorları İsveçdə təlimlərə qatılıblar

Bakı Avrasiya Universitetinin Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova və Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində İsveç Krallığının Stokholm şəhərində bir həftəlik səfərdə olublar.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın 16 ali təhsil müəssisəsinin təmsilçilərinin də qatıldığı nümayəndə heyəti ilkin olaraq KTH Kral Texnologiya İnstitutunda olublar.

Onlar “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adı altında həyata keçirilən təlimlərə qatılıblar. Təlimlərin əsas məqsədi universitetlərdə elmi tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi olub. Təlim proqramına uyğun olaraq İsveç Rektorlar Konfransının, İspaniya Rektorlar Konfransının, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondunun (EFMD), İsveçin Kral Texnologiya İnstitutunun rəhbər şəxsləri tərəfindən İsveç, İspaniya və ümumilikdə qlobal mühitdə tədqiqat və innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən nəşr infrastrukturu, eləcə də İsveç təcrübəsində doktorantura təhsili, doktorantların işə qəbulu kimi olduqca mühüm istiqamətlərdə təqdimatlar edilib, müzakirələr və fikir mübadilələri aparılıb.

Təlimlərin gedişində Rektorlar Konfransının fəaliyyəti ilə bağlı qrup işləri də həyata keçirilib. Proqramın yekununda Bakı Biznes Universitetinin mərkəz direktoru, layihənin koordinatoru Gülşən Bayramova və ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Elmi işlər üzrə komitənin sədri Elçin Süleymanov tərəfindən layihədə həyata keçirilən fəaliyyətlərin icası və qarşıda duran mühüm tapşırıqlar, Komitənin gələcək fəaliyyət planı haqqında müzakirələr aparılıb.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir.  



Share: